Azərbaycan və Özbəkistan ədliyyə sahəsində səmərəli əməkdaşlıq edir
Siyasət

Azərbaycan və Özbəkistan ədliyyə sahəsində səmərəli əməkdaşlıq edir

Fevralın 17-də ədliyyə naziri Fikrət Məmmədov Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edən nazir tarixi köklərə malik bu əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin xüsusi rolunu vurğulayıb, Vətən müharibəsində dost Özbəkistanın dəstəyini qeyd edib. Zəngin müqavilə bazasına söykənən əlaqələrə və hüquqi əməkdaşlığın inkişafına toxunularaq, ötən il Daşkənd Hüquq Baharı Forumu çərçivəsində Ədliyyə nazirlikləri arasında yeni Əməkdaşlıq Proqramının imzalandığı bildirilib.

Qonaq ikitərəfli münasibətlərin müxtəlif, o cümlədən hüquqi sahədə uğurla inkişaf etdiyini vurğulayıb, Vətən müharibəsində erməni terroruna məruz qalmış dinc əhalinin sıx məskunlaşdığı şəhərlərə və işğaldan azad edilmiş ərazilərə diplomatik korpusun tərkibində səfər edərək, oradakı vəziyyətin canlı şahidi olduğunu bildirib, regionda sülhün bərpa olunmasına görə məmnunluğunu ifadə edib.

Söhbət zamanı imzalanmış Əməkdaşlıq Proqramının səmərəli implementasiyası, o cümlədən yaxşı təcrübələrin öyrənilməsi üzrə tədbirlər qeyd olunub, xüsusilə səfir qardaş Azərbaycanda vətəndaş məmnunluğu doğuran, korrupsiyanın və bürokratiyanın qarşısının alınmasına xidmət edən islahatlara Özbəkistanın böyük maraq göstərərək ölkəmizin ədliyyə sahəsindəki rəqəmsal innovasiyalarından, elektron reyestrlərindən və müasir notariat xidmətlərindən, habelə Azərbaycan brendi olan ASAN modelindən bəhrələndiyini və artıq ölkəsində tətbiq edildiyini vurğulayıb.

Eyni zamanda, ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə olunaraq Azərbaycanın təcrübəsindən faydalanmaq üçün Özbəkistan yerli ədliyyə orqanlarının məsul işçilərinin ölkəmizdə praktiki təlimlər keçməsi barədə razılığa gəlinib.

B.Aşrafxanov Özbəkistan Ədliyyə Nazirliyinin yaranmasının 30 illiyinin ötən ay qeyd olunduğunu bildirərək, Azərbaycan təcrübəsindən bəhrələndiyinə və ikitərəfli əlaqələrin inkişafına görə nazirliyin yubiley xatirə nişanını F.Məmmədova təqdim edib.

Görüşdə, həmçinin dövlətlərimizin korrupsiyaya qarşı mübarizəyə böyük önəm verdiyi qeyd edilərək, bu sahədə beynəlxalq əməkdaşlığa toxunulub. Ədliyyə naziri vitse-prezidenti olduğu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının fəaliyyəti barədə məlumat verərək Özbəkistanı onun işində iştiraka dəvət edib və bu təklif məmnunluqla qarşılanıb.

Qonaq qarşılıqlı fəaliyyətin bundan sonra da genişləndirilməsinə hazır olduğunu söyləyib.

AZƏRTAC