Azərbaycan və Litva prokurorluqları arasında səmərəli əməkdaşlıq münasibətləri davam etdirilir
Digər xəbərlər

Azərbaycan və Litva prokurorluqları arasında səmərəli əməkdaşlıq münasibətləri davam etdirilir

Mayın 18-də Azərbaycan Respublikası Prokurorluğunun benefisiarı olduğu "Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək" adlı Tvinninq layihəsinin açılış mərasimi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Avropa İttifaqının, BMT-nin, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Məclisin və digər dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bildirib ki, ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Baş Prokurorluğun yeni strukturunda cinayət aktivlərinin aşkarlanması və izlənilməsi sahəsində səmərəliliyin artırılması məqsədilə Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi yaradılıb. Əmlakın bərpası və idarə edilməsi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə həyata keçirilən Tvinninq layihəsi üzrə Litva Respublikasının Xüsusi İstintaq Xidməti tərəfdaş qurum kimi seçilib.

Əmlakların bərpa olunması və idarə edilməsi sahəsində həyata keçirilməsi nəzərdə tutulan Tvinninq layihəsinin birgə fəaliyyət üçün geniş imkanlar açdığını qeyd edən Baş prokuror korrupsiyaya qarşı mübarizə sahəsində həmin layihənin ölkəmizdə uğurla reallaşdığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu layihəni Azərbaycan ilə Avropa İttifaqı arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən daha bir müvəffəqiyyətli addım kimi dəyərləndirilib.

Litva Respublikasının Baş prokuroru Nida Qrunskiene bildirib ki, bu layihə əmlakların bərpası və idarə edilməsinə dair milli qanunvericiliyin təkmilləşdirilməsinə, bu sahədə Avropa İttifaqı ölkələrinin uğurlu təcrübəsini öyrənməyə və həmin təcrübəni tətbiq etməyə xidmət edəcəkdir.

Tərəfdaş ölkənin layihə rəhbəri - Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin direktoru Jidrunas Bartkus çıxışında layihənin əsas məqsədinin aktivlərin bərpası və idarə edilməsi sisteminin modernləşdirməsi yolu ilə cinayət təqibinin keyfiyyətinin artırılması, qanunvericilik və institusional bazanın beynəlxalq standartlara uyğunlaşdırılması olduğunu bildirib.

Benefisiar ölkənin layihə rəhbəri - Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev qeyd edib ki, Tvinninq layihəsinin dörd əsas istiqaməti üzrə tədbirləri effektiv həyata keçirmək üçün prokurorluq əməkdaşlarının tələb olunan bilik və bacarıqlarının artırılması nəzərdə tutulur.

Layihənin əhəmiyyətini vurğulayan "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev Azərbaycan Prokurorluğunun həmin sahə üzrə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində fəaliyyətinin cinayətkarlığa qarşı mübarizədə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirdən sonra jurnalistlərin sualları cavablandırılıb.

AZƏRTAC