Azərbaycan və Gürcüstan universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Elm və təhsil

Azərbaycan və Gürcüstan universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın və Gürcüstanın ali məktəbləri arasında yaxşı əməkdaşlıq münasibətləri var. Təhsil sahəsində əlaqələrin inkişafı digər istiqamətlərdə də əməkdaşlığın inkişafına geniş imkanlar yaradır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayevin İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Giorgi Şarvaşidze ilə görüşündə səslənib.

 Rektor rəhbərlik etdiyi universitetin fəaliyyəti, beynəlxalq əməkdaşlığı barədə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti Azərbaycanın Gəncə Dövlət Universiteti, Xəzər Universiteti və digər ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir.

Təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan qonşu və dost Gürcüstan ilə bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahəsində əlaqələrin daha da inkişafında maraqlıdır. Səfərin əsas məqsədlərindən biri də bununla bağlı fikir mübadiləsi aparmaqdır.

Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Söhbət zamanı iki ölkənin ali təhsil müəssisələri arasında tələbə mübadiləsi, təhsil sahəsində birgə əməkdaşlıq, birgə elmi tədqiqatların aparılmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, Azərbaycanın təhsil naziri Emin Əmrullayev bu gün Tbilisidəki Qəhrəmanlar Meydanını ziyarət edib, xatirə memorialı önünə əklil qoyub, Gürcüstanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan insanların xatirəsini ehtiramla yad edib.

AZƏRTAC