Azərbaycan və Braziliya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət

Azərbaycan və Braziliya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Mayın 6-da Braziliyanın paytaxtı Braziliya şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Braziliyanın Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti - üçüncü raundu keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Bununla yanaşı, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar.

Həmçinin Braziliyaya səfəri çərçivəsində xarici işlər nazirinin müavini Elnur Məmmədov Braziliya Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Filipe Martins, kənd təsərrüfatı nazirinin müavini Marcio Eli Almeida Leandro və Braziliya parlamentində Braziliya-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlərin perspektivləri, iqtisadi əməkdaşlığın genişləndirilməsi, parlamentlərarası əlaqələrin vacibliyi müzakirə edilib, dövlətlər arasında təmasların artırılmasının əhəmiyyəti vurğulanıb.

AZƏRTAC