Azərbaycan və Bolqarıstan XİN-ləri arasında növbəti siyasi məsləhətləşmələr
Siyasət

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında növbəti siyasi məsləhətləşmələr

Aprelin 27-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Bolqarıstan tərəfindən isə bu ölkənin xarici işlər nazirinin müavini Vasil Georgiev rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı iyunun 5-də ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağı, bu müddət ərzində ikitərəfli münasibətlərimizin inkişafında əldə edilmiş uğurlardan məmnunluqla bəhs edilib.

İki ölkə arasında münasibətlərin hazırkı durumu nəzərdən keçirilib, müxtəlif istiqamətlərdə, o cümlədən energetika, elm və informasiya texnologiyaları, turizm, kənd təsərrüfatı, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün mövcud imkanlar müzakirə edilib. Eyni zamanda, ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrinin hazırkı inkişafı və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, kiçik və orta biznes arasında birbaşa ticarət əlaqələrinin zəruriliyi qeyd edilib.

Nazir müavini X.Xələfov Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni siyasi reallıqlar, erməni işğalından azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər və irimiqyaslı layihələr barədə qarşı tərəfə ətraflı məlumat verib. Məcburi köçkünlərimizin öz doğma yurdlarına layiqli şəkildə qayıda bilmələri və regionda davamlı sabitliyin və təhülkəsizliyin təmin olunması istiqamətində ölkəmizin səyləri haqqında danışıb.

 Nazir müavini V.Georgiev Azərbaycanda səfərdə olduğu müddətdə rəhbərlik etdiyi nümayəndə heyətinin keçirdiyi görüşlərin səmərəli olduğunu məmnunluqla diqqətə çatdırıb. Azərbaycanın həm Cənubi Qafqaz bölgəsində, həm beynəlxalq miqyasda mühüm və etibarlı tərəfdaş olduğunu bildirib. O, qarşılıqlı maraq kəsb edən irimiqyaslı iqtisadi-ticarət layihələrdə əməkdaşlıq imkanlarının müzakirə edilməsinə ölkəsinin hazır olduğunu söyləyib. V.Georgiev Bolqarıstanın XİN rəhbəri Teodora Qençovska tərəfindən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun öz ölkəsinə dəvət edildiyini məmnunluqla diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Bolqarıstan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

İki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanaraq, səfərlərin və görüşlərin davam etdirilməsinə dair qarşılıqlı razılıq ifadə edilib.

AZƏRTAC