Azərbaycan və Bolqarıstan arasında münasibətlər yüksələn xətlə inkişaf edir
Siyasət

Azərbaycan və Bolqarıstan arasında münasibətlər yüksələn xətlə inkişaf edir

Oktyabrın 25-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə üzrə Komissiyasının sədri Ana Cumaliyevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sahibə Qafarova qeyd edib ki, bu görüş ölkəmiz üçün tarixi əhəmiyyətli bir dövrə - Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin ildönümü ərəfəsinə təsadüf edir. 2020-ci ildə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına son qoyaraq öz ərazi bütövlüyünü bərpa edib. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının uzun illər ərzində kağız üzərində qalan 4 qətnaməsini özü həyata keçirib.

Parlamentin sədri qeyd edib ki, istər ötən il sentyabrın 27-dək, istərsə də döyüş əməliyyatlarının davam etdiyi dövrdə Ermənistan bir çox hərbi təxribatlar törədib. O, xüsusilə Ermənistanın Azərbaycanın iri şəhərlərini, rayon mərkəzlərini və kəndləri artilleriya atəşinə, raket hücumlarına məruz qoduğunu, mülki əhalini və mülki obyektləri hədəfə aldığını bildirib. Əlavə edib ki, bu hücumlar nəticəsində onlarla dinc sakin, o cümlədən qadınlar və uşaqlar həlak olub. Milli Məclisin sədri diqqətə çatdırıb ki, Ermənistan bu gün də öz təxribatçı əməllərindən əl çəkmir və sülhün bərpa olunmasına, quruculuq, abadlıq işlərinə maneçilik törədir. 10 noyabr Bəyanatından bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Münaqişənin artıq tarixə qovuşduğunu söyləyən Sahibə Qafarova qeyd edib ki, hazırda Azərbaycan gələcəyə hədəflənmiş layihələr reallaşdırır, işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa və quruculuq işləri aparılır. Milli Məclisin sədri xatırladıb ki, cari ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu Fərmana əsasən, iki yeni iqtisadi rayon - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb.

Bolqarıstan nümayəndə heyətinin işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edəcəklərini bildirən Sahibə Qafarova deyib ki, onlar həmin ərazilərdə Ermənistan tərəfindən törədilən vəhşilikləri öz gözləri ilə görəcəklər. Onun sözlərinə görə, Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında şəhərləri, kəndləri, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri vəhşicəsinə dağıdıb.

Azərbaycan ilə Bolqarıstan arasında əlaqələr haqqında da danışan Milli Məclisin sədri vurğulayıb ki, bu münasibətlər yüksələn xətlə inkişaf edir. Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi qarşılıqlı maraqlara uyğundur və hər iki tərəf bu istiqamətdə iradə nümayiş etdirir. Azərbaycanla Bolqarıstan arasında münasibətlər zəngin müqavilə-hüquq bazasına söykənir.

Sahibə Qafarova Azərbaycan və Bolqarıstanın qanunverici orqanları arasında da əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini vurğulayaraq, hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyətini təqdir edib.

Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə üzrə Komissiyasının sədri Ana Cumaliyeva çıxış edərək ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini bildirərək, regionda sülh və təhlükəsizliyin təmin olunmasının əhəmiyyətini qeyd edib. O, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili ilə əməkdaşlıq münasibətləri haqqında məlumat verib.

Görüşdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə üzrə Komissiyası sədrinin müavini Baki Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.

AZƏRTAC