Azərbaycan vacib tranzit imkanlarını təqdim edir
Digər xəbərlər

Azərbaycan vacib tranzit imkanlarını təqdim edir

Bu məqsədlə beynəlxalq sərmayədarlarla, dünyanın aparıcı enerji şirkətləri ilə fəal iş aparılır

"Bu gün artıq Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir. Bu potensialdan da maksimum dərəcədə istifadə oluna bilər. Təəssüf ki, bu günədək bu potensialdan tam istifadə edilməyib. Təəssüf ki, Azərbaycanın mühüm tranzit ölkəsi qismində potensialı təchizatçılar tərəfindən düzgün qiymətləndirilməmişdir". Bu fikirləri Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı hesab edir ki, bu gün artıq onlar fikirlərini dəyişiblər. Çünki şaxələndirmənin enerji təhlükəsizliyinin başlıca amillərindən olduğunu hər kəs anlayır.

Sərginin açılış mərasimində mühüm məqamlar barədə danışan ölkə başçısı çıxışında aktual mövzularla bağlı önəmli mesajlar verərək bildirib: "biz isə enerji strategiyamızın həyata keçirilməsinin ilk günündən etibarən şaxələndirmə üzərində çalışmışıq. Bunun nəticəsində bizim şaxələndirilmiş ixrac marşrutlarımız var - müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəmərimiz mövcuddur. Elektrik enerjisi xətlərinə gəldikdə isə biz 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edirik və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırırıq".

Hazırda dünyanın qarşısında duran əsas və qlobal problemlərdən biri enerji təhlükəsizliyi ilə təminatdır. Azərbaycan da müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Bakıda keçirilən Xəzər Neft və Qaz Sərgisinin də bu baxımdan əhəmiyyəti çox böyükdür. Bu tədbirin keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan edib. Dövlət başçısının konfransda qeyd etdiyi kimi, Avropa qitəsində Azərbaycanın təbii sərvətləri ilə bağlı fəaliyyətinin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Azərbaycanın tranzit imkanlarının real olaraq təqdim edilməsi üçün siyasi iradə var. Neft hasilatını artırmaq və beynəlxalq bazarlara çatdırmaq məqsədilə beynəlxalq sərmayədarlarla, dünyanın aparıcı enerji şirkətləri ilə fəal iş aparılır. Ölkəmizin inamlı inkişafında neft-qaz amilinin müstəsna rolu olub. Onu da qeyd edək ki, müasir dünyada neft-qaz resursları zəngin olan ölkələr çevik və zamanın dəyişən çağırışlarına uyğun siyasət həyata keçirməklə dinamik inkişaf edir. Burada əsas məqam enerji siyasətini düzgün formalaşdırmaqdan, milli maraqları və geosiyasi amilləri məharətlə uzlaşdırmaqdan, investisiya qoyuluşu üçün münbit şərait yaratmaqdan, neft gəlirlərini strateji sahələrə yönəltməklə səmərəli idarə etməkdən ibarətdir. Ulu öndərin təməlini qoyduğu yeni neft strategiyası 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycanın müstəqillik illərində öz enerji təhlükəsizliyinə yatırdığı sərmayə bu gün öz müsbət nəticəsi ilə səciyyələnir. Bu səbəbdən, Xəzər Neft və Qaz Sərgisi ölkəyə diqqət və sərmayələri cəlb etmək baxımından əhəmiyyətlidir. İlk vaxtlardan etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu, Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyini bəyan etdi. Xəzərin neft və qaz yataqlarına yatırılan ilk xarici sərmayələr təmin edildi.

Belə ki, ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Eyni zamanda, ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də dünyada ən iri qaz yataqlarından biri sayılan "Şahdəniz" yatağının kəşfiyyatına başladı. 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. Bakı-Tbilisi-Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu fasilə olmadan istismar edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı. Qeyd edək ki, Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi tərəfdaş ölkələr üçün də mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini dəyişən meqa layihədir. Layihə "Şahdəniz" qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Bir ildən artıqdır ki, Azərbaycan həmin, tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Təqdirəlayiq haldır ki, ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac edib. Proqnoza görə, bu rəqəm 24 milyard kubmetr olacaq. Dövlət başçısı bildirib ki, Azərbaycan qazına olan tələbat sürətlə artır. Potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır. Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarlarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın. Həmçinin, biz mövcud qurğuları genişləndirməliyik. Hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Azərbaycan öz öhdəliklərinə hörmət edir və tərəfdaşlarından öz öhdəliklərinə hörmət etməyi gözləyir.

Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verir. Hazırda Azərbaycan enerji sahəsində böyük təcrübəsi olan şirkətlərlə birlikdə bərpaolunan yeni enerji güclərinin yaradılmasına hədəflənən iri layihələrin icrasına başlayıb. Bununla yanaşı, enerjinin səmərəliliyi məsələləri də gündəmdədir. Geniş spektrli fəal əməkdaşlıq imkan verəcək ki, ixrac üçün daha çox qaz həcmləri olsun. Ən əsası, beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyi daha da möhkəmlənməkdədir. Xəzər dənizinin nəhəng potensialı var. Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavatdır.

Azərbaycan dünyanın aparıcı enerji şirkətləri olan "ACWA Power" və "Masdar" şirkətləri ilə əməkdaşlıq edir. Biri günəş, digəri isə külək olmaqla iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu iki stansiya istifadəyə veriləcəkdir və bu, yalnız başlanğıcdır. Azərbaycan Prezidenti çıxışında işğaldan azad edilmiş ərazilərin bərpaolunan enerji potensialından da danışıb. Qeyd edib ki, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavat təşkil edir. Burada ilk növbədə külək və günəş enerjisi nəzərdə tutulur. Bakıda Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı mərasimində ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlaması, Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktorunun çıxış etməsi, Böyük Britaniyanın biznes, enerji və təmiz inkişaf üzrə dövlət nazirinin videomüraciətinin səslənməsi bir daha Azərbaycan dövlətinə olan diqqətin göstəricisidir. Dünyanın güc mərkəzlərinin təmsilçiləri Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirməklə bir daha sübut edirlər ki, dövlətimiz bu sahədə mühüm aktora çevrilib.

Beləliklə, deyə bilərik ki, Azərbaycan zəruri infrastruktura malikdir. Mövcud dəniz və hava limanı, avtomobil və dəmir yolları ölkəmizin önəmli tranzit imkanlarını artırır. Azad olunmuş ərazilərdə üç yeni hava limanı olacaq. Onlardan biri artıq istifadəyə verilib. Ümumilikdə Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq. Həyata keçirilən və nəzərdə tutulan enerji layihələri davamlı inkişaf üçün də çox əhəmiyyətlidir. Enerji amili, enerji diplomatiyası və bütün layihələr ölkəmizin iqtisadi potensialını gücləndirir. Bütün bu mühüm məqamları günümüzün reallıqlarını Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində səsləndirilən fikirlər də təsdiq edir. Ölkəmiz enerji resurslarının dünya bazarlarına çatdırılması üzrə yüksək potensiala malikdir və biz həmişə Azərbaycanın ərazisindən keçən tranzit marşrutlarından istifadə etmək istəyən qonşu dost ölkələrə imkanlarımızı təqdim etməyə hazırıq. Prezident diqqətə çatdırıb ki, yeni çağırışların və tələbatların olduğunu nəzərə alaraq artıq digər potensial istehlakçılarla danışıqlar prosesindəyik. Lakin bunun üçün yalnız bizim səylər kifayət olmayacaq. Avropada infrastruktura, yeni interkonnektorların tikintisinə yatırımlar olmalıdır və yeni şərtlər üzərində razılıq əldə edilməlidir. Azərbaycan bu prosesin sürətləndirilməsi üçün əlindən gələni edəcək və bu, artıq başlayıb.

M.MUSTAFAYEV,

"Respublika".