Azərbaycan Türkiyədə keçirilən
Sosial həyat

Azərbaycan Türkiyədə keçirilən "Gələcəyə nəfəs ol!" kütləvi ağacəkmə aksiyasına dəstək verib

Azərbaycan "Gələcəyə nəfəs ol!" şüarı altında hər il noyabrın 11-də Türkiyədə keçirilən kütləvi ağacəkmə aksiyasına dəstək məqsədilə növbəti dəfə qardaş ölkənin genişmiqyaslı kampaniyasına qoşulub.

AZƏRTAC xəbər verir ki, Türkiyənin həmin nəcib aksiyasına töhfə vermək üçün ölkəmizdə 111 min ağacın əkilməsi planlaşdırılıb.

Aksiya çərçivəsində noyabrın 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Müşfiqabad və Xocasəndə ağac əkiblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyədə 11-ci ayın 11-ci günündə keçirilən "Gələcəyə nəfəs ol!" adlı ağacəkmə təşəbbüsünə Azərbaycan ənənəvi olaraq qoşulur: "Ötən ildə həmin tarixdə Azərbaycan böyük coşqu ilə bu kampaniyaya qoşuldu və on minlərlə ağac əkildi. Bu il də biz böyük məmnuniyyət və xoş əhvali-ruhiyyə ilə dost və qardaş Türkiyənin təşəbbüsünü dəstəkləyərək bütün ölkə ərazisində, eyni zamanda, Qarabağ bölgəsində, Zəngilan və Cəbrayılda genişmiqyaslı ağacəkmə aksiyaları keçiririk və əkəcəyimiz 111 min ağacla bu aksiyaya simvolik töhfə veririk. İnanıram ki, böyük ruh yüksəkliyi və əhvali-ruhiyyə ilə əkilən bu ağaclar gələcəkdə böyük yaşıllığa çevriləcək".

Nazirlik sözçüsü, həmçinin qardaş ölkənin təşəbbüsünü dəstəkləyərək ağac əkininə qoşulan bütün tərəfdaşlara dərin təşəkkürünü bildirib.

Aksiyaya qoşulan Türkiyənin Azərbaycandakı səfirinin müavini Barış Sayğın qardaş ölkədə olduğu kimi Azərbaycanda da meşəçiliyə xüsusi önəm verildiyini vurğulayıb. Qeyd edib ki, son dönəmlərdə müşahidə edilən iqlim dəyişikliyi meşələrdə seyrəkliyə səbəb olub: "Ona görə də meşəçiliyin inkişafı iki qardaş ölkə üçün də xüsusilə önəmlidir. Onu da qeyd edim ki, Azərbaycanın bütün bölgələrində, o cümlədən Qarabağda da ağacəkmə kampaniyası davam etdiriləcək".

Qeyd edək ki, Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı ağacəkmə tədbirləri olan "Yaşıl Marafon", "Ölkə üzrə 44 min ağac əkilməsi", "Gələcəyə nəfəs ol! kampaniyasına dəstək" aksiyaları, eyni zamanda, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 26-cı sessiyasında qəbul olunmuş istilik effekti yaradan qaz tullantılarının azaldılması ilə bağlı ölkəmizin götürdüyü öhdəliklərin yerinə yetirilməsinə və qoşulduğu təşəbbüslərə öz töhfəsini verəcək.

AZƏRTAC