Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Füzuli rayonuna səfər ediblər
Digər xəbərlər

Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Füzuli rayonuna səfər ediblər

İyulun 29-da Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysər və rəhbərlik etdikləri nümayəndə heyətləri Füzuli rayonuna səfər ediblər.

AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Füzuli şəhərinin mərkəzinə baş çəkiblər. Məlumat verilib ki, işğal dövründə Füzuli şəhərinin bütün infrastrukturu, yaşayış məntəqələri erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılıb.

Sonra qonaqlar yeni istismara verilən “Füzuli” yarımstansiyası ilə tanış olublar. Məlumat verilib ki, Füzuli şəhərində 110/35/10 kilovoltluq yeni yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla, Füzuli şəhərində və ətraf kəndlərdə tikiləcək müxtəlif təyinatlı binalar və bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

Parlament sədrləri səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə də tanış olublar.

AZƏRTAC