Azərbaycan-Türkiyə qardaşlığının yeni mərhələsi
Türk dünyası

Azərbaycan-Türkiyə qardaşlığının yeni mərhələsi

Milli Məclisin Azərbaycan ilə Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini təsdiqləməsindən 1 il keçir. Dövlət başçımız İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin başlanğıcı kimi tarixə yazıldı. Bəyannamə 2022-ci il fevralın 1-də Azərbaycan Milli Məclisi tərəfindən təsdiqlənib. Qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətinə xüsusi olaraq öz töhfəsini verir. Şuşa Bəyannaməsi iki qardaş dövlət arasındakı əlaqələrin bu gün üçün ən pik həddi hesab olunur. İmzalanmış sənəd ümumilikdə hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrini əhatə edir. Digər tərəfdən, Azərbaycanla Türkiyənin bütün məsələlərdə bir mövqedən çıxış etməsini hüquqi əsaslarla təsdiqləyir. Bəyannamə, həmçinin, Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarını inteqrasiya baxımından əlavə imkanlarla təmin edir.

Azərbaycan-Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" tezisinə əsaslanır. Eyni zamanda, Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu daha da artıraraq onu daim irəliyə doğru aparacaqdır.

"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" iki qardaş dövlət arasındakı həmrəyliyin, dostluğun diplomatik nümunəsidir. Bəyannamədə iki dövlətin böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamlarının da öz əksini tapması heç də təsadüfi deyil.

Azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə sıx əməkdaşlıq əlaqələri nümayiş etdirir. Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə bütün dövlətlərin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması isə ikitərəfli əlaqələrə başqa aspektdən baxmağa imkan verir. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatlarının rolunu xüsusi vurğulamaq lazımdır ki, bundan sonra da ölkələr bir-birinin təhlükəsizliyini təmin edəcək: "Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır".

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi başlanan gündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Azərbaycana siyasi-mənəvi dəstəyini açıq şəkildə ifadə etmişdir. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulamışdır. Türkiyənin açıq şəkildə ifadə etdiyi məhz bu fikirlər ölkəmizin daxili işlərinə müdaxilə etmək niyyətində olan bəzi qüvvələrə mesaj oldu.

Qeyd edək ki, Şuşa Bəyannaməsi ölkədə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmiş və Azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəklənmişdir.

Nurlan ABDALOV,

"Respublika".