AZƏRBAYCAN – TÜRKİYƏ QARDAŞLIĞI ƏBƏDİ VƏ SARSILMAZDIR
Türk dünyası

AZƏRBAYCAN – TÜRKİYƏ QARDAŞLIĞI ƏBƏDİ VƏ SARSILMAZDIR

Həm qədim, həm də ən yeni tarix göstərir ki, bu iki dövlət hər zaman bir-birinin yanındadır

Azərbaycan və Türkiyə arasında mövcud bağlılıqlar və münasibətlər haqqında danışarkən yalnız bu gündən bəhs etmək, bəlkə də, bir qədər düzgün deyil. Məsələ burasındadır ki, bu iki dövləti bir-birinə sıx bağlayan köklərin əsrlərlə ölçülən tarixi vardır. Biz çox böyük və əhatəli ortaq dəyərlərə sahibik. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın, bir-birinə bağlı olan dövlətlər azdır.

Dünyada ortaq tarixə malik dövlətlərin sayı kifayət qədərdir. Azərbaycan və Türkiyə də belə dövlətlərdən olmaqla hər zaman bir-birinin yanında olublar. Türkiyə uğrunda həyatından keçmiş azərbaycanlılar, Azərbaycanda isə türk şəhidlərimiz var. Bu baxımdan ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” kimi müdrik sözləri xalqlarımız və dövlətlərimiz arasında mövcud olan bu sarsılmaz qardaşlığın dərinliyindən xəbər verir. Əlbəttə, Türkiyə Azərbaycanın uğurlarına sevindiyi, acılarına kədərləndiyi qədər, biz də eynilə Türkiyənin sevinc və kədərini öz sevinc və kədərimiz bilirik.

Bəli, məhz bunun nəticəsidir ki, tarixi Çanaqqala zəfərinin qazanılmasında minlərlə soydaşımızın da payı var və həmin döyüşlərdə qəhrəmancasına döyüşmüş şəhidlərimiz Çanaqqaladakı qardaşlıq məzarlarında uyumaqdadırlar. Həmçinin doğma Vətənimizin 1918-ci ildə üzləşdiyi siyasi böhran zamanı Azərbaycan xalqının soyqırımı və ərazilərinin işğal təhlükəsi ilə qarşı-qarşıya qaldığı vaxtlarda Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasını həyata keçirməsini, azərbaycanlı qardaş və bacılarını düşməndən qurtarmasını xatırlatmaqla həmin tarixi həqiqətləri qürurla yaddaşlarımızda canlandıra bilərik.

Bu qardaşlıq tarixin bütün sınaqlarından keçərək bugünümüzə qədər davam etməkdədir. Hələ ulu öndərimiz Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə Sədrlik etdiyi vaxtlarda, yəni Muxtar Respublikanın blokada şəraitində olduğu dövrlərdə, əhalisinin yağı düşmənlə ağır döyüşlərdə iştirak etdiyi günlərdə Türkiyə ilə sərhəddə “Ümid” körpüsünün açılmasına, bunun ardınca isə sosial-iqtisadi, strateji və hərbi-müdafiə dəstəyinin əldə edilməsinə nail oldu. Bu kimi həssas bir məsələnin həmin dövrdə nə qədər çətin bir proses olduğunu indiki nəsil də yaxşı bilir. Məhz Türkiyə dövləti belə bir çətin anda Azərbaycanın yanında oldu və növbəti dəfə bariz qardaşlıq nümunəsini ortaya qoydu. Çünki qeyd etdiyimiz kimi, həmin qardaşlıq nümunəsi tarixlərə bağlı olan bir şərəf salnaməsinin məntiqi davamıdır.

Məlum olduğu kimi, son günlərdə Türkiyədə genişmiqyaslı meşə yanğınları baş vermişdir. Təhlükə o həddə yüksəkdir ki, insan tələfatları ilə nəticələnən yanğınlar müxtəlif yerlərdə qısa müddət ərzində başlayır və geniş əraziləri əhatə edir. Türkiyədə tüğyan edən bu meşə yanğınlarının söndürülməsi və onların məhdudlaşdırılaraq nəzarət altına götürülməsi, daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Türkiyəyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri göndərilmişdir. Həm türk mediasının, həm bu ölkənin sıravi vətəndaşlarının ümumi rəyinə görə, Azərbaycan yanğınsöndürənləri sözün həqiqi mənasında böyük fədakarlıq göstərirlər. Məsələn, verilən rəsmi məlumatlara əsasən, Azərbaycan yanğınsöndürənləri Muğla vilayətinin Marmaris bölgəsində yanğınların qarşısını almaqda əsl şücaət və qəhrəmanlıq nümayiş etdirirlər. Bu bölgə yanğının ən qaynar zonalarından biridir. Qeyd edək ki, 100 yanğınsöndürəndən ibarət birinci qrup iyulun 30-da qardaş ölkəyə göndərilib. Qrupun üzvlərinin hamısı peşəkar və təcrübəli yanğınsöndürənlərdir. Bütün mütəxəssislərimiz zəruri maddi-texniki təchizatla, fərdi yanğınsöndürmə vasitələri ilə tam təmin olunublar. Ancaq alovla mübarizə təkcə yerdən deyil, həm də səmadan həyata keçirilir. Belə ki, yanğınların geniş yayıldığı ərazilərdə helikopterlər yanğının məhdudlaşdırılması üçün yanğın nöqtələrinə havadan intensiv şəkildə su buraxırlar.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin növbəti yanğın-xilasetmə qrupu isə qardaş Türkiyə Respublikasına yollanaraq təyinat məntəqəsinə doğru irəliləyərkən Denizli bölgəsində meşədə qəfil yanğın ocaqlarının yaranması və ətraf ərazilər üçün ciddi təhlükə törətməsi səbəbindən öz hərəkət istiqamətini operativ qaydada Denizliyə doğru dəyişmək məcburiyyətində qalmışdır. Belə ki, Denizlidə yaranmış yanğın ocaqlarına çevik müdaxilə edən yanğın-xilasetmə qrupumuz həmin ərazidə yanğınların söndürülməsi əməliyyatlarını uğurla reallaşdırmışdır.

Yanğınların baş verdiyi ərazilərdə qüvvələrimizin fəaliyyətinin düzgün və düşünülmüş şəkildə koordinasiya edilməsi və türk həmkarları ilə qarşılıqlı əlaqənin təmin edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də qardaş Türkiyəyə göndərilmişdir.

Ümumilikdə Fövqəladə Hallar Nazirliyinin 500 nəfərlik şəxsi heyəti, vertolyotlar, həmçinin digər zəruri texnika və materiallar yanğınların söndürülməsi üçün qısa müddət ərzində Türkiyəyə göndərilir. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” tipli “Amfibiya” təyyarəsi də artıq Türkiyə Respublikasına yola düşüb. Bu, həmçinin, Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti - 3-cü qrupunun qardaş Türkiyədə baş verən yanğınlarla mübarizə üçün göndərilməsi deməkdir. Yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası və 150 nəfər yanğınsöndürən daxildir. Artıq qeyd etdiyimiz kimi, FHN-nin müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup isə iyulun 30-da Türkiyəyə yola düşüb. İyulun 31-də isə Türkiyəyə daha bir qrup göndərilib. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 54 ədəd texnika - yanğınsöndürmə və xilasetmə avtomobili, həmçinin 247 nəfər şəxsi heyət daxildir.

“Bu gün qardaşım İlham Əliyevlə telefon söhbətimiz oldu. Bir “Amfibiya” təyyarəsini göndərəcəyini bildirdi”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə televiziyalarına müsahibəsində bildirib. Türkiyənin dövlət başçısı qeyd edib ki, yanğınların söndürülməsində və yayılmasının qarşısını almaqda Azərbaycan ilk gündən öz dəstəyini əsirgəməyib: “Bizə dəstək verən hər bir dövlətə təşəkkür edirəm. Burada ən önəmlisi Azərbaycandır. Hazırda bir yanğınsöndürmə helikopteri və çox sayda heyəti ilə ölkəmizdə yanğınla mübarizə aparırlar. “Amfibiya” təyyarəsinin də gəlməsi ilə bərabər, yanğınsöndürən təyyarələr məsələsi daha yaxşı xidmət etmiş olacaq”, - deyə prezident Ərdoğan vurğulayıb.

Burada ötən illərə, çox da uzaq olmayan tarixə müraciət etməyimiz yerinə düşərdi. Belə ki, 17 avqust 1999-cu ildə Türkiyədə baş vermiş dəhşətli zəlzələ haqqında xəbər nəinki Azərbaycanı, bütün dünyanı sarsıtdı. Dağıntıların miqyası və xarakeri o qədər dəhşətli idi ki, dağıntılarla bərabər zəlzələnin baş verdiyi ərazilərdə güclü yanğınlar da yerli əhalini və dövlət strukturlarını çıxılmaz vəziyyətə saldı. Məhz belə ağır və mürəkkəb anda ulu öndər Heydər Əliyevin göstərişi ilə təbii fəlakət nəticəsində qardaş ölkədə baş vermiş yanğınların söndürülməsi üçün Bakı yanğın qarnizonunun böyük və mürəkkəb yanğınlarda kifayət qədər təcrübə əldə etmiş əməkdaşları Türkiyəyə ezam olundu. 1999-cu il avqustun 19-da İzmit şəhərində Körfəz rayonuna gələn azərbaycanlı yanğınsöndürənlər özlərini müəssisə rəhbərlərinə təqdim etdikdən sonra, yanğın yeri olan İzmitdə yerləşən, Türkiyədə fəaliyyət göstərən dörd iri neft bazasından ən böyüyü hesab olunan Türkiyə Petrol Refenelər Şirkəti neft bazasında yanğınla mübarizəyə başladılar. Yanğın zəlzələ nəticəsində gecə baş vermişdi. Bu mürəkkəb yanğınların söndürülməsində avqustun 18-də köməyə gələn qonşu Bolqarıstan və Almaniya yanğınsöndürənləri də iştirak edirdilər. Dörd günlük gərgin mübarizədən sonra yanğını avqustun 22-də tam ləğv etmək mümkün oldu.

Yanğın söndürüldükdən sonra şəxsən Türkiyənin o vaxtkı prezidenti Süleyman Dəmirəl Azərbaycandan gəlmiş yanğınsöndürənlərin əməyini yüksək qiymətləndirib, igidlik və rəşadət göstərdiklərinə görə onlara öz təşəkkürlərini bildirib. Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl Azərbaycan yanğınsöndürənlərinin qəhrəmanlığı haqqında demişdir: “Hörmətli cümhurbaşqanı Heydər Əliyev həmin anlardan bizə yardım göstərdi - maddi yardım, çox dəyərli şeylər göndərdi və neftayırma zavodunu söndürmək üçün buraya yanğınsöndürən dəstəsi göndərdi. Azərbaycan bu sahədə çox təcrübəlidir. Neftayırma zavodunun söndürülməsində bu dəstə çox böyük xidmətlər göstərdi. Zavodda yanğının baş verməsi zəlzələnin törətdiyi itkilər içərisində ən böyük faciələrdən biri idi. Əgər, biz oranı söndürə bilməsəydik itkimiz çox-çox böyük olacaqdı... Azərbaycandan gələn qardaşlarımız həmin yanğınların söndürülməsində, xilasetmə işlərində böyük xidmətlər göstərdilər...”

Göründüyü kimi, dahi şəxsiyyət, Azərbaycan xalqının böyük oğlu, ümummilli lideri Heydər Əliyevin siyasi kursu, əsasını qoyduğu ənənələr onun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bütün istiqamətlərdə bu gün də uğurla davam etdirilir. Hazırda Azərbaycan-Türkiyə münasibətləri həqiqətən dünyada bənzəri olmayan münasibətlərdir. Biz əminik ki, hər bir Azərbaycan və Türkiyə vətəndaşı əsrlərin sınağından keçərək, saf qardaşlıq və əsl dostluq duyğularından irəli gələrək formalaşmış bu sarsılmaz birliyi olduğu kimi qoruyacaq, bu ənənələri gələcək nəsillərə çatdıracaqdır. Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanında olub və bu daim belə də davam edəcəkdir.

Emin QASIMOV,

“Respublika”.