Azərbaycan-Türkiyə münasibətləri dünya üçün qardaşlıq,  dostluq və tərəqqi nümunəsidir
Siyasət

Azərbaycan-Türkiyə münasibətləri dünya üçün qardaşlıq,  dostluq və tərəqqi nümunəsidir

29 oktyabr Türkiyənin milli bayramı - Cümhuriyyət Günüdür

Türkiyə Cümhuriyyəti düz 98 ildir ki,  29 oktyabr tarixini  böyük coşqu ilə qarşılayır.  Türkiyə ilbəil tərəqqi edir,  nüfuzu yüksəlir,  dünya birliyində layiq olduğu  yeri tutur. Ötən  illərdə böyük inkişaf yolu keçmiş və dünyada güclü dövlət kimi tanınmış Türkiyə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1919-cu il mayın 19-da Samsun hərəkatı ilə milli qurtuluş savaşına başlamışdır. 1923-cü il iyul ayının 24-də imzalanan Lozanna sülh müqaviləsi ilə Türkiyə Cümhuriyyəti beynəlxalq səviyyədə tanınıb. 29 oktyabr 1923-cü ildə rəsmən paytaxtı Ankara olan Türkiyə Cümhuriyyəti elan olunub. Mustafa Kamal Atatürk bu günü ən böyük bayram olaraq dəyərləndirib. 1924-cü ildən etibarən bayram Cümhuriyyətin  bütün şəhərlərində, dünya  ölkələrindəki Türkiyə səfirliklərində qeyd olunur.  

2002-ci il oktyabrın 30-da Türkiyə Cümhuriyyətinin qurulmasının 79-cu ildönümü münasibətilə “Gülüstan” sarayında təşkil olunmuş mərasimdə çıxış edən ulu öndərimiz Heydər Əliyev demişdir: “Türkiyə Cümhuriyyətinin qurulması XX əsrin ən böyük tarixi hadisələrindən biridir. Birinci Dünya müharibəsindən sonra,  Osmanlı İmperiyasının dağılmasından sonra,  dünyada yaranmış ağır bir şəraitdə,  Türkiyə üçün çox çətin bir dövrdə Türkiyənin böyük insanları- böyük Mustafa Kamal Atatürk və onun silahdaşları 1923-cü ildə Türkiyə Cümhuriyyətini qurmuşlar.  Bu,  böyük tarixi hadisədir,  ona görə ki,  bir çox əsrlər Osmanlı imperiyasının dövlət sistemi şəraitində yaşamış xalq artıq özünün hansı yolla getməsini o vaxt çox aydın dərk etdi”.  

1923–2018-ci illər arasında Türkiyə  parlament təmsilli demokratiyanın tətbiq olunduğu ölkə olmuşdur. 2017-ci ildə Türkiyə konstitusiya dəyişikliyi referandumunun nəticəsində prezident respublikası sistemi qəbul edilmişdir.  Yeni sistem 2018-ci ildə prezident seçkisi ilə qüvvəyə minmiş və prezidentə fərman vermək,  kabinet təyin etmək,  büdcə hazırlamaq,  seçki çağırışı ilə parlamenti ləğv etmək,  məhkəmələrə və bürokratiyaya siyasi təyinatlar etmək səlahiyyətləri daxil olmaqla tam nəzarət verilmişdir.  Nazirlər Şurası ilə birlikdə baş Nazirlik də ləğv edilmiş və səlahiyyətləri birbaşa seçki yolu ilə 5 il müddətinə seçilən prezidentə həvalə edilmişdir.  Rəcəb Tayyib Ərdoğan 2014-cü ildə xalqın səsverməsi ilə seçilən ilk prezidentdir.  Türkiyə Konstitusiyası  ölkənin qanuni sistemini,  hökumətin əsas prinsiplərini unitar bir mərkəzi dövlət olaraq Türkiyəni əks etdirir.

Bu gün sözsüz ki, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına güclü təsir göstərir.  Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra həmin il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə olmuşdur. 1992-ci il yanvarın 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradılıb.  Bu vaxtdan etibarən Türkiyənin Azərbaycanda,  1992-ci ilin avqustundan Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başlayıb.  Diplomatik münasibətlərin yaradılması iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında geniş perspektivlər açıb.  Hər iki dövlət qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq ardıcıl addımlar atmağa başlayıb.  Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının səylərini dəstəkləyərək,  hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərib. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasında,  regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə,  ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə vacib işlər həyata keçirib.

Azərbaycan-Türkiyə münasibətləri milli,  mənəvi və mədəni dəyərləri ilə bir-birinə eyni köklərlə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır.  Bu mənada, Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz,  kədəri bizim kədərimizdir”,  ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” ifadələri münasibətlərimizin əsl mahiyyətini əks etdirir.

Əsrlər boyu bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil,  sadiqlik,  etibar və qarşılıqlı dəstəkdir.  Beynəlxalq tədbirlər zamanı dəfələrlə bu qarşılıqlı dəstəyin şahidi olmuşuq.  44 gün davam edən Vətən müharibəsində Azərbaycan Türkiyənin mənəvi,  diplomatik və siyasi dəstəyini hər zaman hiss etdi.  Müharibə şəraitində Türkiyə mediası bizim haqq səsimizi və haqlı davamızı dünya ictimaiyyətinə geniş şəkildə çatdırdı.  Dünya birliyində güc sahibi olan Türkiyənin mənəvi dəstəyi diplomatik mübarizədə düşmən üzərində qələbə qazanmağımızda mühüm rol oynadı. Ümumilikdə, Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı təkcə region üçün deyil,  dünyada münaqişə zonası olan bölgələr üçün də nümunədir. Münaqişə zonasında hərbi əməliyyatlar bitsə də, bölgədə sülhə əməl olunmasında sülhməramlı qüvvələrin tərkibində rus hərbçiləri ilə yanaşı, Türkiyənin də iştirakı bir daha Azərbaycana göstərilən mənəvi və siyasi dəstəyin təzahürüdür.  Bölgədə artıq icrasına başlanılan və planlaşdırılan layihələrin icrasına Türkiyə şirkətlərinin cəlb olunması isə ölkələrimiz arasındakı iqtisadi əlaqələri daha da  möhkəmləndirəcək. Türkiyə regionda sülhün,  təhlükəsizliyin və dinc yanaşı yaşama prinsiplərinin mövcudluğu üçün bütün imkanlarını ortaya qoyaraq qətiyyətli səylər göstərməkdədir.  Azərbaycan və Türkiyə dostluğu dərindir, sarsılmazdır və əbədidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdir: “Azərbaycan bizim üçün sadəcə dövlətlərdən bir dövlət,  azərbaycanlı qardaşlarımız da millətlərdən bir millət deyil.  Biz eyni dili danışan,  eyni inanca mənsub,  ortaq bir tarixi keçmişi olan,  sözdə deyil,  əməldə qardaş,  bir millət,  iki dövlətik”.

Türkiyə Azərbaycanın sadəcə siyasi və hərbi deyil,  eyni zamanda,  ticarət,  iqtisadiyyat,  mədəniyyət və digər bütün sahələrdə ən mühüm tərəfdaşıdır.  Azərbaycandan Türkiyəyə,  Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur. Birgə enerji-nəqliyyat layihələri də  uğurla icra edilir. O layihələr ki,  Avrasiyanın enerji və nəqliyyat xəritəsini yaradır.

Bu baxımdan Bakı-Tbilisi-Ceyhan,  Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri,  TANAP tarixi layihələrdir. 2017-ci il oktyabrın 30-da istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu isə yeni nəqliyyat damarıdır.  Bu dəmir yolu ilə daşınan yüklərin həcmi getdikcə artır və artacaqdır. Artıq Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bu layihələrin bəhrəsini görür.  Sarsılmaz  birlik  hər bir sahədə özünü göstərir.

Müasir dünya düzənində illərin sınağından çıxmış Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsi hər iki ölkənin xarici siyasətinin prioritetinə çevrilmişdir. Dövlət və hökumət başçılarının,  eləcə də siyasi,  iqtisadi,  elm,  təhsil,  mədəniyyət və digər sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsi strateji tərəfdaşlıq amilini daha da gücləndirir.  

Azərbaycan və Türkiyə dövlətləri arasında həmrəylik, dostluq, qarşılıqlı yardım münasibətləri dünya ölkələrinə nümunə olacaq dərəcədə inkişaf etmişdir.  İki ölkə arasında münasibətlərin inkişafı ümumilikdə, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsinə öz töhfəsini verir. Əzəli və əbədi olan Türkiyə-Azərbaycan münasibətlərinin əsasında hər iki ölkə liderinin uzaqgörən siyasəti,  qardaşlıq və dostluğu dayanır.  

Gələcək nəsillərə ən böyük əmanət olan sarsılmaz Azərbaycan-Türkiyə  birliyi və qardaşlığı bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcək. Türkiyə ilə Azərbaycan  arasında bundan sonra da atılacaq addımlar qardaşlıq tellərini möhkəmləndirəcək,  birlikdə getdiyimiz yolda bir-birimizə daha da dəstək olacaqdır. Türkiyə Cümhuriyyəti və Azərbaycan hər zaman bir olacaqlar.

Türkiyə  Cümhuriyyəti  tarixinin  bu  önəmli  günündə   sevgi ilə,  inamla  bu  sözləri  deyirik: Yaşasın  Qardaş  Türkiyə  Cümhuriyyəti!                                                                                                                                             

                   Müşfiq MİRZƏ,

                      “Respublika”.