Azərbaycan-Türkiyə: Gücümüz birliyimizdədir
Türk dünyası

Azərbaycan-Türkiyə: Gücümüz birliyimizdədir

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, “Bir millət, iki dövlət” reallığının, siyasi-hərbi və iqtisadi müttəfiqliyinin məntiqi davamı, irəliyə doğru atılan növbəti addımdır. Qars müqaviləsindən 100 il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi böyük tarixi və strateji əhəmiyyətə malikdir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyi bu  Bəyannamə iki qardaş ölkə arasındakı bütün strateji əlaqələri ən yüksək səviyyəyə qaldırır.

Azərbaycan-Türkiyə münasibətlərinin bu şəkildə inkişafı dostlarımızı sevindirir,  amma ölkələrimizin  güclənməsini, rifahını və təhlükəsizliyini istəməyənləri isə məyus etdiyini bildirən Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç müxbirimizə müsahibəsində deyib: “Şuşada Azərbaycan və Türkiyə  arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. Şuşa Bəyannaməsinin mühüm tarixi və strateji əhəmiyyəti var. Ən vacib məqam isə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq  səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə müdafiə addımlarının atılmasıdır.

Bundan sonra Azərbaycana ediləcək hər hansı bir təhdid, hücum, ərazi bütövlüyünü pozmaq fikrində olanlar anlamalıdır ki, Azərbaycan və Türkiyəyə yönəlmiş bütün addımlar hər iki ölkəyə aid ediləcək və Türkiyə həmişə birmənalı olaraq Azərbaycanın yanında olacaq. Bəyannamə həm də strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edir. Bəyannamədə bir çox önəmli məsələlər- beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi məsələlər də öz əksini tapmışdır. İşğaldan azad edilmiş torpaqlarda, Türkiyə-Azərbaycan bayraqlarının birgə dalğalandığı Şuşada iki  ölkə prezidentləri arasında imzalanan bu müttəfiqlik Bəyannaməsi, əslində dünyada analoqu olmayan Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyə doğru sürətli inkişafını özündə əks etdirir.

Bu Bəyannamə Azərbaycan-Türkiyə arasında əməkdaşlığı gücləndirməklə yanaşı, türk dövlətləri arasında əlaqələri, əməkdaşlığı  da gücləndirəcək təkanverici bir qüvvədir. Ümumiyyətlə, qarşıda çox böyük planlar var. 44 günlük müharibənin nəticəsi olaraq, Zəngəzur dəhlizinin tezliklə reallaşması yeni ideya və layihələrin meydana gəlməsinə şərait yaradacaq. Beynəlxalq əhəmiyyət kəsb edən Cənubi Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Bütün bunların fonunda Naxçıvanla da yerüstü əlaqənin təmin olunması bu dəhlizə əlavə töhfədir. Naxçıvanın Türkiyə ilə sərhəd olduğunu da nəzərə alsaq, bu həm də birbaşa Türkiyə ilə Azərbaycanın yerüstü əlaqələrinin olacağı deməkdir. Bu əlaqə bütövlükdə Avropa və Asiya üçün də səmərə və mənfəət gətirəcək.

Türkiyə Azərbaycanla birlikdə işğaldan azad olunmuş və erməni barbarlığının qurbanı olmuş Azərbaycan torpaqlarında quruculuq-bərpa işlərini bərabər aparacaqdır. Bu proseslərin daha sürətlə həyata keçirilməsinə nəzarət edə bilmək üçün Şuşada məhz ilk Baş Konsulluğu da Türkiyə  dövləti açacaq. Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Şuşada birgə dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyinin əbədi olacağını nümayiş etdirir.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan həqiqətlərini dünyaya çatdıran Hulusi Kılıç, “44 gün Vətən Müharibəsi” adlı 152 səhifədən ibarət  yeni nəşr edilən kitabından da bəhs edib. “Can Azərbaycanımızın İkinci Qarabağ müharibəsi zamanı media cəbhəsində yer aldım. Müharibə zamanı və müharibədən sonra yazdığım yazılar bir kitabda toplanıb. Kitabın ilk tirajı iyun ayında işıq üzü görüb. İyul ayının 10-da Bakıda təqdimat mərasimi keçiriləcək və sonra satışa çıxarılacaq. Satışdan əldə ediləcək gəliri isə şəhid və qazi ailələrinə yardım üçün yaradılan YAŞAT Fonduna ianə edəcəyəm”. 

Esmira Yazkan ASLANOVA,

“Respublika” qəzetinin Türkiyə üzrə müxbiri.