Azərbaycan-Türkiyə əzəli qardaşlığı zamanın daha bir sınağında
Türk dünyası

Azərbaycan-Türkiyə əzəli qardaşlığı zamanın daha bir sınağında

Qardaş Türkiyədə baş verən meşə yanğınları barədə xəbər bütün Azərbaycan xalqını sarsıtdı. Yanğınlarla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda Azərbaycanın hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyənin yanında olduğu vurğulanır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Türkiyədə baş verən yanğınlar nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi.

Paylaşımda deyilir: “Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.

Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, qardaş ölkəyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri göndərildi.

“Ulu əcdadımız Dədə Qorqudun dediyi kimi, “Yaxşı dost yaxşı gündə çağırılanda, pis gündə isə çağırılmadan gələndir”. Bu fikirləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2019-cu il oktyabrın 15-də Bakıda keçirilən VII Zirvə Görüşündəki çıxışında səsləndirib. Tarixin dönə-dönə təsdiqlədiyi həqiqət də elə budur. İki qardaş xalq dar və çətin günlərdə həmişə bir-birinə köməyə tələsib. Ortaq tariximizin insana qürur gətirən belə məqamları çox olub və bu salnaməni gözdən keçirdikcə, Azərbaycan-Türkiyə qardaşlığının zamanın çətin sınaqlarında bərkidiyinə, möhkəmləndiyinə şahid olursan.

Görkəmli mütəfəkkir Əli bəy Hüseynzadə məşhur Çanaqqala savaşında qazanılan tarixi qələbənin mahiyyətindən, həmin dövrdə Azərbaycanın yaşadığı faciənin səbəblərindən bəhs edərkən yazırdı: “Bu gün bütün cahanı sarsıdan və bir-biri ilə mübarizə apararaq ortalığı hərc-mərc meydanına çevirən qüvvələrin ən fəci fəaliyyət nöqtəsi Qafqaz və bilxassə Azərbaycan oldu. Ora bir cəhənnəmə çevrildi... Osmanlı türkü köməyinə çatmasa idi, məhv olub gedəcəkdi... Azərbaycanı xilas edən Anadolu özünü də xilas edir, buna şübhə etməyiniz! Deyirlər, dağ dağa qovuşmaz, bu gün Ərciyəz dağı Qaf dağına qovuşur və qovuşduqca da yüksəlir”.

Bəli, biz Türkiyənin Çanaqqala zəfərini təsadüfi yerə xatırlamadıq. Türkiyə üçün böyük əhəmiyyət kəsb edən bu savaşda azərbaycanlılar da türk qardaşları ilə çiyin-çiyinə döyüşmüş, şəhid olmuşdular. Daha bir önəmli məqam: 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımın qarşısını almaq üçün məhz Azərbaycanın köməyinə Türkiyə gəldi, burada şəhid olan türk əsgərlərinin məzarlığı and yerinə çevrildi, sevincimiz, kədərimiz bir oldu.

Müstəqilliyimizin ilk illərində blokada şəraitində yaşayan qədim Naxçıvan da türk qardaşlarımızın köməyi sayəsində çətinliklərdən xilas oldu. Ulu öndərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilməsi ilə Azərbaycan-Türkiyə əlaqələrinin son dövr tarixinin yeni səhifələri yazılmağa başladı. Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsilə bu tarixi ənənələrin yaradılması üçün real zəmin yarandı. Müstəqilliyimizi qoruyub möhkəmləndirən ulu öndərin bütün məsuliyyətilə söylədiyi: “Bir millət, iki dövlət” kəlamı tarixin səhifələrinə yazıldı, əbədi yaşamaq haqqı qazandı, gələcək birgə fəaliyyətimizin əsas məğzini təşkil etdi.

Coğrafi cəhətdən aktiv seysmik zonada yerləşən Türkiyədə tez-tez baş verən zəlzələlər, insan tələfatı, dağıntılar hər bir azərbaycanlının qəlbini ağrıdır. Bax, belə çətin zamanlarda dövlətimiz humanitar yardım göstərməyi həmişə özünə mənəvi borc bilib.

Azərbaycan-Türkiyə əlaqələri, qardaşlığı isə Vətən müharibəsində demək olar ki, ən pik nöqtəyə çatdı. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: “...Biz müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Mənim əziz qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlayan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu, çox ciddi mesaj idi, ciddi siqnal idi. Bu, bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin. Mən həmişə demişdim ki, əgər xarici müdaxilə olmasa, Azərbaycan Dağlıq Qarabağ məsələsini qısa müddət ərzində həll edə bilər və belə də oldu...”.

Qələbədən sonra ötən ilin dekabrında Azadlıq meydanında keçirilən hərbi paradı da Azərbaycan-Türkiyə prezidentləri birgə qəbul etdilər. Türk Silahlı Qüvvələrinin əsgərləri də bu meydanda Azərbaycan Ordusunun əsgərləri ilə birlikdə, yanaşı addımladı. Bu, bütün dünyaya mesaj olmaqla həm də Atatürkün: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamının nümayişi idi. Bəli, o gün türk əsgəri sevincimizi bölüşmək üçün burada, qələbə paradında idi.

2021-ci il 15 iyun. Şuşa Bəyannaməsi. Müttəfiqlik haqqında bu tarixi sənəd də xalqlarımız arasında münasibətlərin, birgə əməkdaşlığın ifadəsi idi. Təbii ki, burada əksini tapan müddəaların gerçəkləşməsinə zaman lazımdır...

Azərbaycan diasporunun həmrəylik nümayiş etdirərək yaydığı məlumatda deyilir: “Məlumdur ki, Türkiyə Respublikasının müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları çoxlu fəsadlar törətməklə fauna və floranı məhv etmişdir. Təbii ki, bu hadisə dünya azərbaycanlılarını, xaricdə yaşayan soydaşlarımızı və həmvətənlərimizi də son dərəcə kədərləndirmişdir. Bəllidir ki, güclü Türkiyə dövləti bu fəlakətin öhdəsindən tezliklə gələcəkdir, lakin Azərbaycan diasporu hər bir məsələdə olduğu kimi, belə bir vəziyyətdə də ortaq dəyərlərə - milli-mənəvi irsə, dilə, tarixə, mədəniyyətə, adət-ənənələrə malik ölkə, xalq - Türk diasporu ilə birlik və həmrəyliyini göstərməkdə israrlıdır. Qardaş Türkiyənin füsunkar təbiətini əvvəlki görkəminə qaytarmaq üçün mütəşəkkilliklə dəstək nümayiş etdiririk. Bu xüsusda, dünya azərbaycanlıları doğma Türkiyəmizin “yaşıl donu”nun yenidən bərpa edilməsi məqsədilə “hərəmiz bir fidan olaq” adlı kampaniyaya start vermişdir. Bir sözlə, Azərbaycan diaspor təşkilatları və nümayəndələri, habelə Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor təmsilçiləri həmin kampaniyada yaxından iştirak etməklə bu bəşəri missiyaya öz töhfəsini vermiş olacaqdır”.

Onu da qeyd edək ki, Azərbaycan yanğınsöndürmə qüvvələrinin birinci qrupu iyulun 31-də Türkiyəyə çatıb. Qrupun tərkibində FHN-in 100 əməkdaşı təmsil olunur. Peşəkar və təcrübəli yanğınsöndürənlərdən ibarət qrup üzvləri fərdi yanğınsöndürmə vasitələri ilə tam təmin olunmuşlar.

Azərbaycan yanğınsöndürənləri ilk gün Muğla vilayətinin Marmaris bölgəsində yanğınların qarşısını almağa çalışmışdılar. Bu bölgə yanğının ən qaynar məntəqələrindən sayılır. Yanğının güclü olmasına baxmayaraq, Azərbaycan yanğınsöndürənləri meşə yanğınlarının söndürülməsi üçün fədakarlıq göstərirlər.

FHN-in qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılıq etdiyi nazirliyin məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti də Türkiyəyə göndərilib. Etibar Mirzəyev avqustun 2-də Muğla vilayətinin Marmaris rayonunun Turqut bölgəsində yanğın ərazisində olub, dəniz səviyyəsindən təxminən 830 metr hündürlükdə yerləşən ərazidə hadisə yerinə baxış keçirib, azərbaycanlı jurnalistlərə müsahibəsində Türkiyəyə qardaş yardımına gələn FHN-in yanğınsöndürmə qüvvələrinin ikinci qrupunun yanğın bölgəsi istiqamətində hərəkət etdiyini və qısa vaxtda müvafiq işlərə başlayacağını deyib. Bildirib ki, böhran mərkəzində Türkiyə rəsmiləri ilə mövcud vəziyyət müzakirə ediləcək, Azərbaycan heyətinin fəaliyyəti ilə bağlı qərarlar qəbul olunacaq. Əminliklə deyib ki, peşəkar və təcrübəli Azərbaycan yanğınsöndürənləri təyinat məntəqəsində yanğınların qarşısının alınmasına qısa vaxtda nail olacaqlar: “Eyni millət, eyni din, eyni xalq və bu, ayrılmaz qardaşlıq, dostluq münasibətidir. Necə ki, Türkiyə Azərbaycan xalqının yanında olmuşdu. Biz də Türkiyə dövlətinin yanındayıq. Həmişə bizə “can Azərbaycan” deyən türk qardaşlarımız, can qardaşlarınız yanınızdadır. Biz sizinlə qürur duyuruq. Türkiyə dövləti böyük, mətin və qəhrəman millətdir. Bu meşə yanğınlarının qarşısı da Azərbaycan qardaşları ilə birlikdə alınacaq. Sizin meşəniz yanmır, bizim meşəmiz yanır” - deyə o, əlavə edib.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “Be-200”, “Amfibiya” təyyarəsi  də yanğınsöndürmədə iştirak edir. İlk gün nazirliyin qüvvələri tərəfindən helikopterin tətbiqi ilə Fəthiyə istiqamətində 5-7 hektar ərazidəki yanğını söndürmək mümkün olub. Bununla bağlı nazir müavini Etibar Mirzəyev deyib: “Bizim helikopter artıq sutökmə əməliyyatını yerinə yetirir, işlər bundan sonra da davam etdiriləcək”.

Avqustun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb. Son günlər Türkiyənin bir sıra regionlarını əhatə edən yanğınlara görə dərin kədər və üzüntüsünü bildirən M.Qurbanlı bu çətin günlərdə Azərbaycanın qardaş Türkiyənin yanında olduğunu deyib, həlak olanların doğmalarına başsağlığı verib. Səfir C.Bağçı Azərbaycan dövlətinin yanğınların söndürülməsinə ilk günlərdən göstərdiyi dost və qardaş dəstəyinin təqdirəlayiq olduğunu xüsusi vurğulayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə mübarizədə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib və rəsmi hesabında paylaşım edib: “Meşə yanğınları ilə mübarizəmizə dəstəyini, keçmiş olsun diləklərini, başsağlığını göndərən, kömək etməyə hazır olduğunu bildirən və yardım göndərən bütün dost ölkələrə və təşkilatlara millətim adından təşəkkür edirəm. İnşallah, bu çətin prosesi ən qısa zamanda keçəcəyik.

Xüsusilə ilk andan etibarən göstərdikləri dəstəyə görə can Azərbaycanın Prezidenti, əziz dostum İlham Əliyevə, Rusiya prezidenti Vladimir Putinə və İspaniyanın Baş naziri Pedro Sançesə ölkəm adından təşəkkürümü bildirirəm”.

Azərbaycan hər zaman olduğu kimi, indi də Türkiyənin yanındadır.

İki xalq arasında əlaqələrin, qardaşlıq münasibətlərinin tarixi kökləri var. Bu, belə də olmalıdır, bir-birinin uğuruna sevinib, kədərinə şərik çıxmaq alın yazımızdır.  

Zümrüd QURBANQIZI,

“Respublika”.