Azərbaycan-Türkiyə birliyi əbədidir
Türk dünyası

Azərbaycan-Türkiyə birliyi əbədidir

Tarix boyu Türkiyə ilə Azərbaycan arasında əbədi dostluq münasibətləri olub. Hər iki dövlət həm çətin anlarında, həm də xoş günlərində bir-birini tək buraxmayıb, birlik nümayiş etdirərək sevinc və kədərlərini bölüşüblər. Bu ilin fevral ayında Türkiyədə baş vermiş dəhşətli zəlzələlər zamanı dövlətimizin, xalqımızın qardaş ölkəni tək buraxmaması buna bariz nümunədir. O çətin anlarda Türkiyənin yanında birinci məhz qardaşı Azərbaycan oldu. Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamlar saysız-hesabsızdır. 2014-cü ilin aprelində Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının sammitində Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin sammitdə təmsil olunmamasından sui-istifadə edərək qondarma "soyqırımı" məsələsini qabartmış və Türkiyəni əsas tənqid hədəfi seçmişdi.

Sammitdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev isə iki dövlət arasındakı sarsılmaz dostluğu bir daha nümayiş etdirərək demişdir: "Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam". 2020-ci il fevralın 25-də Bakıda Azərbaycan və Türkiyə prezidentlərinin birgə mətbuat konfransı zamanı Rəcəb Tayyib Ərdoğan "Qarabağ Azərbaycan qədər bizim də problemimizdir" sözləri ilə Azərbaycan-Türkiyə birliyini dünyanın diqqətinə bir daha çatdırmışdır.

Çanaqqala döyüşündə Azərbaycan türkləri könüllü olaraq savaşa qatılaraq düşmən qüvvələrə qarşı mübarizə aparmış, 3 mindən çox azərbaycanlı türkçülük, İslam və Vətən uğrunda canlarından keçən 253 min məhmətçiklə eyni taleyi yaşayaraq qəhrəmancasına şəhid olmuşdur. İki dövlət və xalq arasında olan dostluq əlaqələri Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə daha da möhkəmlənmişdir. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda mühüm yer tutan Türkiyə ilə münasibətlərin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt bu gün dövlət başçısı İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib və ölkələrimizin strateji tərəfdaşlığının dərinləşməsinə nail olunub. Bu il martın 14-də Prezident İlham Əliyev XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciətində bildirdi ki, 2023-cü il Azərbaycan-Türkiyə sarsılmaz birliyinin tarixində Türkiyə Respublikasının yaradılmasının və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlamətdardır. Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir" və Heydər Əliyevin "Bir millət iki dövlət" fəlsəfələri əsasında qurulmuş dövlətlərarası münasibətlərimiz bu gün bütün dünya üçün örnəkdir. Cənab Prezident çıxışında onu da qeyd etdi ki, Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə ədalətli sülhün qarantıdır.

Bu il martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Azərbaycan bir daha dünyaya hər zaman Türkiyənin yanında olduğunu göstərdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə görüşün Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyəyə dəstəyini göstərmək üçün Azərbaycan Prezidenti görüşün Ankarada keçirilməsini təklif etdi. Görüşdə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq. Bu ilin fevralında baş verən zəlzələ ilə bağlı danışan Prezident Azərbaycanın Türkiyəyə həmin günlərdə dəstək olduğunu bir daha diqqətə çatdırdı: "Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib".

Ötən il oktyabrda Türkiyə saysız uğurlarına birini də əlavə edərək yerli istehsal olan tam elektrikli "TOGG" avtomobilini təqdim edib. Avtomobil ilk dəfə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğana təqdim olunub. Türkiyənin yerli və milli avtomobili olan "TOGG"un ikinci alıcısı məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oldu. Ötən il noyabrda Rəcəb Tayyib Ərdoğan Türkiyə televiziyasına müsahibəsində bildirmişdi ki, Prezident İlham Əliyev iki ədəd "TOGG" istəyib. Aprelin 4-də Türkiyənin ilk yerli avtomobili "TOGG" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub. Avtomobili Prezident İlham Əliyevə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank təqdim edib.

30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın azad olunması uğrunda 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək qardaşlığın bariz nümunəsidir. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün hər bir sahədə böyük əzmkarlıq göstərdilər. Beynəlxalq səviyyədə nə qədər təzyiqlər olsa da, Türkiyə qardaşlıq mövqeyindən geri çəkilmədi. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanan Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya nümayiş etdirdi.

Bu gün güclənən bir Azərbaycan, güclənən bir Türkiyə var. Prezident İlham Əliyevin daim vurğuladığı kimi, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir.

Nəzrin CAVADZADƏ,

"Respublika".