Azərbaycan türkdilli dövlətlərlə nəqliyyat-logistika sahəsində də birgə əməkdaşlığa xüsusi önəm verir
İQTİSADİYYAT

Azərbaycan türkdilli dövlətlərlə nəqliyyat-logistika sahəsində də birgə əməkdaşlığa xüsusi önəm verir

Türkdilli dövlətlərin həmrəyliyi, bərabərhüquqlu və konstruktiv əməkdaşlığı milli mənafelərimizin qorunmasına, ölkələrimizin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Bugünkü reallıqlar və hadisələrin inkişaf dinamikası, günü-gündən möhkəmlənən türk birliyi dünyanın ən iri dövlətlərinin diqqətini daha çox cəlb edir.

İkinci Qarabağ müharibəsində ərazi bütövlüyünü, torpaqlarının toxunulmazlığını təmin edən Azərbaycan dünya dövlətləri ilə əlaqələrini ikitərəfli və çoxtərəfli formatda genişləndirməyi, dostluq münasibətlərini möhkəmləndirməyi xarici siyasətinin əsaslarından biri olaraq müəyyənləşdirmişdir. Ölkə başçısı cənab İlham Əliyev tərəqqiyə hədəflənmiş məqsədyönlü siyasətində türk dövlətlərinin birliyinə, onlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, xarici siyasət məsələlərində ortaq yanaşmanın təşviq edilməsinə böyük səy göstərir.

Bu gün Azərbaycan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan olmaqla ümumtürk birliyinin yaranması türkdilli dövlətlər arasında mövcud əlaqələrin daha da şaxələnməsinə və inkişaf etməsinə geniş imkanlar yaradır. Bu əlaqələrin yaranmasında isə ortaq kök, dil, din, oxşar mədəniyyət, adət-ənənələr mühüm faktorlardır. Eyni zamanda, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı zəfər türk dünyasının birləşməsində mühüm rol oynayır. Cənubi Qafqazda həyata keçirilən irimiqyaslı beynəlxalq və regional layihələr ölkələrimiz arasında birliyə, müttəfiqliyə öz töhfəsini verir. Zəngəzur dəhlizinin açılması isə türk dünyasını birləşdirməklə bərabər, bu birliyi daha da möhkəmləndirəcək və sarsılmaz edəcəkdir. Ötən il noyabr ayının 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türkdilli ölkələr arasındakı ticarət dövriyyəsinin 21 milyard dollar təşkil etdiyini, qarşılıqlı sərmayələrin yatırılmasının böyük əhəmiyyət daşıdığını, nəqliyyat və logistika sahələrində əlaqələrin möhkəmləndirilməsinin vacibliyini bildirərək demişdir: "Bu çərçivədə "Beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Saziş"i ən qısa zamanda imzalamalıyıq. Beləliklə, Xəzərdən keçən Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi başda olmaqla aramızdakı bütün yolları bu coğrafiyanın əsas arteriyalarına çevirə bilərik. Azərbaycan-Naxçıvan bağlantısı da bu mənada həyati əhəmiyyət daşıyır".

Zəngin təbii ehtiyatlara, müasir infrastruktura, nəqliyyat yollarına sahib olan türk dövlətləri beynəlxalq müstəvidə düşünülmüş birgə siyasət həyata keçirərək ortaq dəyərlərin zəmin yaratdığı qardaşlıq münasibətlərini daha da möhkəmləndirməklə gücünü, qüdrətini daha da artırır. Bu kontekstdə, müxtəlif sahələrdə əlaqələrini inkişaf etdirən Azərbaycan-Türkiyə və Türkmənistan arasındakı münasibətlər təkcə bu ölkələr üçün deyil, həm də bütün Mərkəzi Asiya, eləcə də Xəzər, Qafqaz regionu üçün böyük əhəmiyyət kəsb edir. Regionda nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayan Azərbaycan-Türkiyə və Türkmənistan arasında əlaqələr yeni inkişaf mərhələsinə adlayıb. Etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlərilə bir-birinə sıx bağlı olan üç ölkə arasında siyasi əlaqələr yüksək səviyyədə inkişaf edir. Belə ki, 2021-ci il iyun ayının 15-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" ölkələrimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edir. Bəyannamədə, həmçinin xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyi vurğulanır, bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətə böyük önəm verilir.

2017-ci ildə "Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə" iki dövlət arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafının göstəricisidir. İkitərəfli münasibətlərin bütün istiqamətlərdə inkişafını ehtiva edən bəyannamədə, həmçinin iki ölkə arasında nəqliyyat sahəsində mövcud olan əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması, Transxəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsində layihələrin həyata keçirilməsində birgə səylərin davam etdirilməsi, Xəzər dənizindən dünya və Avropa bazarlarına enerji resurslarının daşınması sahəsində əməkdaşlığın genişləndirilməsi, hava və dəniz limanları, dəmir yol və avtomobil şəbəkəsi vasitəsilə nəqliyyat əməliyyatlarının həyata keçirilməsi üçün tranzit və nəqliyyat kommunikasiyaları sahəsində qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır. Sənəddə, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı Beynəlxalq Dəniz Limanının Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi üzərində mühüm nəqliyyat logistika qovşağına, eyni zamanda Avropa və Asiyanı birləşdirən geniş beynəlxalq logistika şəbəkəsinin bir hissəsinə çevriləcəyi və bununla da tarixi İpək Yolunun yenidən canlanacağı öz əksini tapmışdır. Multimodal daşımaların həyata keçirilməsində mövcud imkanların daha da genişləndirilməsi məqsədilə infrastrukturun təkmilləşdirilməsi, tarif sistemlərinin yaxşılaşdırılması və Avropa-Asiya Nəqliyyat Dəhlizinin geniş miqyasda fəaliyyətinin təmin edilməsinin vacibliyi qeyd olunmuşdur.

Beynəlxalq və regional məsələlər üzrə müxtəlif səviyyələrdə siyasi dialoq həyata keçirən Azərbaycan, Türkiyə və Türkmənistan bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində əməkdaşlıq edirlər. İqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələri əhatə edən əlaqələr ölkələrin ticarət dövriyyəsini rekord səviyyəyə çatdırmışdır. Belə ki, bu il Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 14 milyard dollara yaxın sərmayə qoymuşdur. Ölkəmiz ilə Türkmənistan arasında ticarət dövriyyəsi isə 5 dəfə artmışdır.

Azərbaycan, Türkiyə və Türkmənistan arasında nəqliyyat-logistika sahəsində həyata keçirilən uğurlu əməkdaşlıq, irimiqyaslı layihələrin icrasında atılan birgə addımlar müasir infrastrukturun yaradılmasında əhəmiyyətli rol oynamışdır. Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşü zamanı ölkə başçımız demişdir: "Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır… Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir".

Son illər ölkəmizdə nəqliyyat sektorunda bir sıra irimiqyaslı infrastruktur layihələri həyata keçirilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, müasir aeroportların, beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində dəmiryol xətlərinin yenilənməsi nəticəsində xarici iqtisadi əlaqələr daha da genişlənib. Bakı-Tbilisi-Qars dəmiryol xətti Qərblə Şərq ölkələri arasında yük daşınmasında tranzit ölkə kimi Azərbaycan Respublikasının əhəmiyyətini artırıb. Qərb və Şərq ölkələrini birləşdirəcək ən qısa yol olan bu marşrutla hər il 30 milyon tondan çox yük daşınması nəzərdə tutulur. Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinin tranzit potensialının inkişafı üçün bu gün Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizi də böyük əhəmiyyətə malikdir. 2021-ci ildə ölkə başçısı cənab İlham Əliyev tərəfindən təməli qoyulan, yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etmək məqsədilə yaradılan Ələt Azad İqtisadi Zonası böyük həcmdə dvidendlər gətirməklə ölkəmizin Cənubi Qafqazda mövqelərini daha da möhkəmləndirəcək. Bununla yanaşı, Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətini yüksəldəcək və nəqliyyat infrastrukturunun fəaliyyətinin çoxşaxəliliyini təmin etməklə ölkəmizin ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artıracaq.

Bu gün Azərbaycan tranzit ölkə kimi imkanlarını daha da genişləndirir. Nəqliyyat infrastrukturunu müasir səviyyədə quran ölkəmiz regionda nəqliyyat-logistika mərkəzinə çevrilir. İrimiqyaslı layihələrin təşəbbüskarı və icraçısı olan Azərbaycan türkdilli ölkələrlə bütün sahələrdə olduğu kimi, nəqliyyat-logistika sahəsində də birgə əməkdaşlığa xüsusi önəm verir.

Mehparə ƏLİYEVA,

"Respublika".