Azərbaycan tolerantlıq prinsiplərinə bundan sonra da sadiq qalacaq
Mədəniyyət

Azərbaycan tolerantlıq prinsiplərinə bundan sonra da sadiq qalacaq

XXI əsrdə sivilizasiyalararası dialoq ideyası daha çox aktuallaşmışdır. Təbii ki, "sivilizasiyalararası" deyərkən bir çox hallarda söhbət Şərq və Qərb, digər hallarda İslam və xristian sivilizasiyalarından gedir. Azərbaycan fəlsəfi fikrinin nümayəndələri sivilizasiyanın dini əlamətə görə bölünməsinin əleyhinə olduqlarından Şərq və Qərb sivilizasiyalarından danışmağı daha doğru hesab edirlər. Amma bu bölgünün özü də nisbidir.

Hər şeydən əvvəl, qeyd edək ki, "Şərq" və "Qərb" anlayışları heç də coğrafi terminlər kimi işlədilmir. Baxmayaraq ki, bu anlayışlar əvvəlcə ölkələrin məhz coğrafi yerləşməsinə uyğun olaraq işlədilmişdir, lakin sonralar onların simvolik mənaları formalaşmışdır. Belə ki, əvvəla, Şərq ənənəviliyin, Qərb isə müasirliyin simvolu kimi başa düşülür. Bu baxımdan, Şərqdə və Qərbdə elmin, mədəniyyətin, təhsilin xüsusiyyətləri də məkandan daha çox zaman göstəriciləri ilə səciyyələnir.

Şərq-Qərb sivilizasiyalarının dialoqu və ümumbəşəri vəhdət ideyası bu gün diqqət mərkəzindədir. XXI əsrin zaman məsafəsindən baxdıqda dünyada gedən qlobal proseslərin konturları kifayət qədər aydın görünür və məlum olur ki, dünyanın yeni nizamının formalaşması sivilizasiyaların qarşılıqlı əlaqəsinə də fərqli münasibət göstərilməsini tələb edir. Dünyada Şərq və Qərb bölgüsünün aktuallığının artması da məhz bu yeni tendensiyaların nəticəsidir.

Şərq ölkəsi kimi Azərbaycanda sovet dönəmində Şərq-Qərb münasibətlərinin tədqiqi alimlərimiz üçün bir növ yasaq edilmişdir. Belə bir dövrdə - XX əsrin 70-ci illərində Azərbaycanda ilk dəfə görkəmli şərqşünas-alim Aida İmanquliyeva o zamanlar şərqşünaslıq elmi mühitindəki ətaləti dəf edərək və zəmanəsini qabaqlayaraq olduqca aktual, gələcəyə yönəlmiş bu mövzu ətrafında ciddi araşdırmalar apardı. O, problemin elə aspektlərini ön plana çəkdi ki, onlar təkcə Azərbaycanda yox, bütün dünyada ancaq 90-cı illərin axırlarında, iki əsrin qovuşuğunda aktuallaşmış oldu.

Siyasi və iqtisadi müstəvidə bu tendensiyanı dünyada ilk dəfə nəzərə alan və Böyük İpək yolunun bərpası ideyasını irəli sürən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 8-9-da 32 dövlət başçısının iştirakı ilə Bakıda keçirilən beynəlxalq konfransda bir sıra planetar miqyaslı strateji layihələrə start verildi. 2000-ci ildə İran Prezidenti Məhəmməd Hatəmi Şərq və Qərb sivilizasiyalarının dialoqu ideyası ilə çıxış edəndə bir çoxları bunu bir yenilik kimi dəyərləndirdi. 2001-ci il isə UNESCO tərəfindən "Sivilizasiyaların dialoqu ili" adlandırıldı. Nəhayət, bu problem Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın apardığı məqsədyönlü fəaliyyət nəticəsində bir daha aktuallaşdı, bu dəfə də ölkəmiz bu dialoqda təşəbbüskar və aparıcı tərəf kimi çıxış etdi. Məhz bu fəaliyyətin sayəsində Bakı 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olundu. Şərq ilə Qərbi birləşdirən İpək yolunun bərpası işinin təməli Bakıda qoyulduğu kimi, şəhərimiz "Şərq-Qərb" mövzusunda kino festivalları, incəsənət bayramı, beynəlxalq elmi konfranslar üçün də mədəni-mənəvi məbədə çevrildi.

2008-ci ildə Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişlənməsi" mövzusunda forum keçirildi. Dünyanın 10-a yaxın ölkəsinin birinci xanımının və planetin 60-dan çox ölkəsindən gəlmiş lider qadınların iştirakı ilə keçirilən bu beynəlxalq konfransın iştirakçıları Azərbaycanın bir türk və müsəlman ölkəsi kimi mədəniyyətlər və sivilizasiyalararası dialoqla bağlı yerinə yetirdiyi işləri görməklə yanaşı, Bakının Qərblə müsəlman dünyası arasında önəmli bir qapı rolunu oynaya biləcəyini xüsusi olaraq vurğuladılar.

Təsadüfi deyil ki, bu gün bütün dünyanın böyük din xadimləri də özünü artıq tolerantlığın ideoloji mərkəzi və praktik təcəssümü kimi təsdiq etmiş olan Bakıda toplaşır, dinlərin dialoqu çərçivəsində və bununla həm də sivilizasiyaların qarşılıqlı anlaşması istiqamətində səmərəli iş aparırlar.

Bu gün Azərbaycan təkcə Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yolların başlıca halqası deyil, habelə siyasi və iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların da qovuşduğu məkan, qarşılıqlı tamamlanma və vəhdət rəmzidir.

21 may hər il Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günü kimi qeyd edilir. Bu gün münasibətilə Mehriban xanım Əliyeva rəsmi "İnstagram" səhifəsində yazır: "...Bu gün dünya xalqlarına bir-birini daha yaxşı anlamağı və başqa millətlərin dəyərlərinə hörmət etməyi öyrənmək imkanı verir. Məhz humanitar əməkdaşlıq, mədəniyyətlərarası əlaqələr, başqa mədəniyyətin qavranılması, onu anlamaq, mahiyyətinə varmaq, kömək etmək cəhdləri müasir dünyamızın tez-tez üzləşdiyi ksenofobiya və terrorizm kimi neqativ hallara qarşı mübarizədə çox mühüm silahdır...".

Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. O, Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüdür. Əslər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində yaşayır, dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olub. Ölkə başçısı İlham Əliyev bununla bağlı demişdir: "Bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik. Biz müxtəlif mədəniyyətləri özündə əks etdirən tarixi abidələrimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri Azərbaycanın qədim şəhəri olan Şamaxıda 743-cü ildə inşa edilmişdir. Bununla yanaşı, ən qədim kilsələrdən biri - qədim Qafqaz Albaniyası dövrünə aid kilsə də məhz Azərbaycanda, daha bir qədim şəhər olan Şəkinin yaxınlığında yerləşir. Hökumətimiz məscidlərin, pravoslav və katolik kilsələrinin, habelə sinaqoqların inşası və təmirinə maliyyə vəsaiti ayırır. Bu, bizim siyasətimiz və həyat tərzimizdir".

Bəli, Azərbaycan dövlətinin siyasət və həyat tərzinə çevrilən bu amillər qonşu Ermənistan dövlətinə isə yaddır. 30 illik bir müddətdə işğal altında saxladığı Azərbaycan torpaqlarında da bunu sübut etdi. Bakının lap mərkəzində yerləşən erməni xalqının dini mirası dövlət tərəfindən qorunduğu halda, ermənilər işğal etdikləri torpaqlarda bütün tikililəri, tarixi abidələri, məscidləri, məzarlıqları viran qoymuş, hələ bu azmış kimi, xalqımızın heysiyyatı ilə oynayaraq məscidlərdə ev heyvanları saxlamış, onlardan başqa təyinatlar üçün istifadə etmişdir.

Hər bir şüurlu kəs yaxşı bilir ki, İslam dini insanları həmişə birliyə, sülhə, barışa səsləyir. Təəssüf olsun ki, bu gün İslam dininə qarşı küfr və böhtanlar yağdıran, onu yeri gələndə təhqir edən qeyri-sağlam qüvvələr artmaqdadır. Ermənistanın din xadimləri də həmişə bu mövqedən çıxış edirlər. Ermənistanın katolikosu II Qareginin Xankəndiyə səfəri zamanı öz millətini yeni müharibəyə hazırlıq çağırışlarının məğzində də elə bu dayanır. İslam dininə nifrət!..

ICESCO-nun keçmiş baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz Osman əl-Tüveycri erməni din xadiminin intiqam şüarları səsləndirməsini pisləyən bəyanat yaymışdır. Bəyanatda bildirilir ki, dini bir qurumun sülhə çağırmaq əvəzinə nifrət və müharibə dilini seçməsi, erməni kilsəsinin tolerant və çoxmədəniyyətli Azərbaycandakı xristian dini yerlərinin guya təhdid altında olduğuna dair yalan məlumatlar yayması təəssüf doğurur: "Bu, tamamilə yalandır, çünki ibadət azadlığı Azərbaycanın şərəfli bir xüsusiyyətidir. Mən Azərbaycanda kilsələrə və sinaqoqlara necə hörmət edildiyini və onların necə qorunduğunu görmüş beynəlxalq rəsmilərdən biriyəm. Tolerant siyasətinə görə hər zaman Azərbaycana və onun rəhbərliyinə təşəkkürümü bildirmişəm. Biz, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Cənubi Qafqazın mədəni irsinin bərpası və qorunması üzərində fəal işləyirik. Erməni işğalından azad edilmiş ərazilərdə salamat və təhqir edilməyən bir məscid, bir İslam dini abidəsi qalmadığı vaxtda Ermənistanın dini qurumları bu saxta ittihamları səsləndirir. Döyüşkən, ritorika və davranış bölgə insanları arasında inam və harmoniya mühiti yaratmağa kömək etmir, əksinə daha çox ifratçılığı və nifrəti təhrik edir. Sülh, yaxşı qonşuluq və birgəyaşayış çağırışları əvəzinə ölüm, işğal, işgəncə və şiddət çağırışları dini dəyərlərə ziddir".

Azərbaycan bundan sonra da bölgədə və dünyada sülhün bərqərar olması səylərini əsirgəməyəcək, azad olunmuş ərazilərdə dağıdılmış infrastrukturun yenidən qurulması, tarixi, dini abidələrimizin bərpası və onların qorunması istiqamətindəki fəaliyyətini gücləndirəcək, çoxmillətli, çoxkonfessiyalı ölkə kimi dünyaya yenə də nümunə olacaqdır.

Dinlərarası dialoq kimi vacib məsələyə həsr edilmiş Dünya Dini liderlərinin Zirvə toplantısına ev sahibliyi edən Azərbaycan ölkəmizdə gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bundan sonra da sadiq qalacaqdır.

Zümrüd QURBANQIZI,

"Respublika".