Azərbaycan sülhün və dostluğun tərəfdarı olduğunu dünyaya bir daha nümayiş etdirdi
Siyasət

Azərbaycan sülhün və dostluğun tərəfdarı olduğunu dünyaya bir daha nümayiş etdirdi

Azərbaycan Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsində səsləndirdiyi fikirlər dövlət başçımızın  öz xalqını nə qədər dərindən sevdiyini, insanların böyük dəstəyini qazanan lider olduğunu bir daha təsdiqlədi. Bu müsahibə, ölkə rəhbərinin Azərbaycanı güclü dövlətə çevirməklə və ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə ümummilli lider Heydər Əliyevin vəsiyyətini, həmçinin xalqımızın bütün istək və arzularını gerçəkləşdirdiyini bariz şəkildə diqqətə çatdırdı.

 Ali Baş Komandan İlham Əliyevin müsahibəsi beynəlxalq aləmdə böyük əks-səda doğurdu. Ölkə başçısı müsahibəsində həm Ermənistana, həm də havadarlarına ciddi mesajlar verdi. Düşməni bir daha xəbərdar etdi ki, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd göstərsə, onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır.

Türkiyə Böyük Millət Məclisinin deputatı,Türkiyə- Azərbaycan Dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz, Türk Mədəniyyət platformasının rəhbəri, yazıçı  Metin Yıldırımın İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi ilə bağlı fikirlərini oxuculara təqdim edirik.

İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi Ermənistana və havadarlarına ciddi xəbərdarlıq idi: “Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlaması sonda onun kapitulyasiyası ilə nəticələndi. Yəni, Ermənistan anlamalıdır ki, Azərbaycan hər nə qədər sülh tərəfdarı olsa da, müharibəyə də, təxribatların qarşısını almağa da hazırdır. Ermənistanın təxribat xarakterli addımları, Qarabağda baş verən proseslər barədə diqqətə çatdırdığı məlumatlar da Azərbaycanın bölgəyə nəzarətinin nə qədər yüksək səviyyədə olduğunu isbatladı”. Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə- Azərbaycan Dostluq qrupunun rəhbəri Şamil Ayrım vurğulayıb. O deyib: Azərbaycan Prezidenti böyük diplomatik nəzakət və humanistlik göstərərək Ermənistana sülh təklif edir : “Əslində, Azərbaycan bir qalib dövlət olaraq Ermənistanı sülhə məcbur etmək üçün fərqli yollara da əl ata bilər. Hətta, Azərbaycanın bir neçə dəfə imkanı da var idi ki, yenidən “Dəmir yumruğ”unu işə salsın. Amma Azərbaycan səbir edir, praqmatik dövlət olaraq addımlar atır, düşmənin, havadarlarının təxribatlarına baxmayaraq, bütün dünyaya sülh, əməkdaşlıq niyyətini göstərir. Əlbəttə ki, Ermənistan da bu fürsətdən istifadə etməlidir. Çünki Azərbaycanın sülh təklifi daimi, əbədi olaraq masa üzərində qalmaq üçün deyil. Ermənistan və havadarları da bilir ki, Qarabağla bağlı məsələnin “hərbi həlli yoxdur” tezisi işə yaramır. Azərbaycan artıq bunu sübut edib. Bir sözlə, Azərbaycan qalib dövlət olaraq sülh əlini uzadıb. Artıq seçim Ermənistanındır. Ermənistan rəhbərliyi Azərbaycanın sülh əlini tutsa, bölgəyə sabitlik gələcək. Yox, yenə də təxribatlara əl atsa, o zaman “Dəmir yumruq” işə düşəcək”. Onun sözlərinə görə, Azərbaycan indiyədək humanist addım ataraq, ədalətli mövqeyini qoruyub saxlayıb. Ancaq Ermənistanın da addım ataraq sülhü dəstəkləməsi vacibdir. Sadə ermənilər də istəyirlər ki, Azərbaycanla Ermənistan arasında sülh olsun. Onların  istəmədiyi halda İrəvandakı hərbi-siyasi rəhbərliyin, bəzi qüvvələr tərəfindən qızışdırılaraq yenidən təxribatlara cəhd göstərməyə məcbur edilməsi Ermənistanın xeyrinə olmayacaq. Onsuz da ermənilər gec-tez Azərbaycanla sülh müqaviləsini imzalamağa, Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olacaqlar.

     “Bu gün Azərbaycan  üzərinə düşən vəzifələri yerinə  yetirdiyi halda Ermənistan havadarlarına güvənməklə məsuliyyətini tam yerinə yetirmir.  Ermənistan həm 10 noyabr, həm də 11 yanvar bəyanatlarının maddələrinə sadiqlik nümayiş etdirmir, özünü revanşist tərəf kimi aparır”. Bu fikri  Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib. O vurğulayıb ki, nədənsə Rusiyanın müdafiə naziri yenidən Ermənistan ordusunu silahlandırmaq və komplektləşdirmək barədə fikirlər səsləndirir. Əgər ermənilər yeni vəziyyətlə barışıblarsa və işğal faktının Azərbaycan tərəfindən aradan qaldırılması reallığını qəbul edirlərsə, onda, görəsən, Ermənistanı niyə zorla Azərbaycana qarşı silahlandırmağa cəhd göstərilir. Məqsəd nədir?  Heç kim Azərbaycanın tarixi qələbəsi ilə başa çatmış 44 günlük müharibəni unutmamalıdır. Əgər Rusiyadan Ermənistana 30 ildə milyardlarla dollar dəyərində verilən silahlar hərbi balansı Ermənistanın xeyrinə dəyişə bilmədisə, bu gün o milyardlar hesabına əldə edilən ən müasir silahlar Azərbaycanın Hərbi Qənimətlər Parkında sərgilənirsə, növbəti cəhdin də aqibəti belə olmağa məhkumdur. Əgər belə təxribatlar davam edəcəksə, Azərbaycan tərəfi artıq önləyici tədbirlər görəcək. Y.Karauzun fikrincə, Prezident İlham Əliyev müsahibəsi zamanı Moskvaya çatdırdı ki, İrəvanı silahlandırmaqdansa üçtərəfli bəyanatdakı tələblərin realizə olunmasında hərəkətə keçsin, müttəfiqi Ermənistanın nazı ilə oynamasın. O, həmçinin bildirdi ki, heç nə əbədi deyil və göründüyü kimi, 30 illik işğal siyasətinə son qoyuldu. Bakı işğaldan sonra İrəvanın inadkarlığına səbir, təmkin göstərmək fikrində deyil. Bu baxımdan, ölkə başçısının “CNN Türk”ə müsahibəsi və bəyanatları ayrı-ayrılıqda ismarış rolunu oynayır və həmin ismarışlar yollanan tərəflər həqiqətən də Cənubi Qafqazda sülh, inkişaf və tərəqqi, eləcə də xalqların inteqrasiyasını istəyirlərsə, bu zaman tələb edilən qaydaları pozmamalı, onlara dürüstlüklə riayət etməlidirlər.

     “Azərbaycan sülh istəyir. Sülhə gedən yol isə Zəngəzur dəhlizindən, silahsızlaşdırılmış və Azərbaycan cəmiyyətinə inteqrasiya olmağa hazır olan, hansısa missiyanın himayəsində yox, Azərbaycan dövlətinin və qanunlarının himayəsində yaşayan erməni icmasından və Ermənistan tərəfindən tanınan Azərbaycan sərhədlərindən keçir!” Bu fikri Türk Mədəniyyət Platformasının rəhbəri, yazıçı-alim  Metin Yıldırım bildirib.  

     Zəngəzur dəhlizinin açılmasının regional iqtisadi əməkdaşlığın inkişafı və region ölkələri arasında işgüzar əlaqələrin gücləndirilməsində əhəmiyyətindən danışan M.Yıldırım qeyd edib ki, bu dəhliz Ermənistan da daxil olmaqla, bütün region ölkələrinin marağındadır. Bu dəhlizin açılması ilə Ermənistanın Rusiya və İranla dəmir yolu əlaqəsinin yaranması mümkündür. Mərkəzi Asiya dövlətləri də bu dəhliz vasitəsilə Türkiyə və Avropaya qısa yolla quru əlaqələri yarada bilər. Beləliklə, beynəlxalq iqtisadi əlaqələrin qurulmasına böyük töhfə olar: “Bu gün Azərbaycan regionda 3+3 formatının yaranmasına böyük səy göstərir. Əgər bu əməkdaşlıq baş tutarsa, Gürcüstanın Rusiya ilə diplomatik əlaqələrinin olmamasına baxmayaraq regionda müharibə təhlükəsi qalmaz. Gələcəkdə bu iki dövlətin də aralarında dostluq münasibətlərinin yaranmasına böyük təkan verə bilər. O, həmçinin Avropa İttifaqının bu məsələyə olduqca müsbət yanaşdığını diqqətə çatdırıb. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi tək Azərbaycanın deyil, Ermənistanın da maraqlarına cavab verəcək. Söhbət zamanı Türkiyə -Azərbaycan əlaqələrindən danışan Metin Yıldırım, Şuşa Bəyannaməsi imzalandıqdan sonra Türkiyə- Azərbaycan münasibətlərinin  tamamilə yeni mərhələyə qədəm qoyduğunu da söyləyib. Bu gün regionun aparıcı güclərinə çevrilən Türkiyə və Azərbaycan gerçəkliyi unudulmamalıdır. Türkiyə-Azərbaycan  münasibətləri illərin sınağından keçib. Hər zaman ağır günlərdə Türkiyə ilə Azərbaycan bir-birilərinin yanında olublar və olacaqlar da. Türkiyə Azərbaycanın haqq işinə  siyasi və mənəvi dəstək verir. Bunun çox böyük mənası var . Prezident İlham Əliyevin bəyan etdiyi kimi, son 18 il ərzində həm Türkiyə, həm də Azərbaycan tərəfindən vahid siyasət formalaşdırılıb. Bu siyasətə qarşı çıxanlar anlamalıdır ki, Türkiyə-Azərbaycan birliyi artıq bölgəsəl amildir və bu güc regionun bütün məsələlərdə taleyini həll edir”.

Esmira YAZKAN Aslanova,

  “Respublika” qəzetinin Türkiyə üzrə müxbiri.