"Azərbaycan və Birləşmiş Ştatlar ötən il ərzində enerji təhlükəsizliyini təmin etmək və xalqlarımızın üzləşdiyi transmilli çağırışlara cavab vermək üçün bir araya gəliblər. Baharın gəlişi və yeni başlanğıcları qeyd etdiyimiz bu ildə xalqlarımız arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözləyirəm". Bu sözlər Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alır. Qeyd olunur ki, Birləşmiş Ştatlar bu yenilənmə və düşüncə mövsümündə Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyi və çiçəklənməni təşviq edəcək Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyimizi bir daha təsdiq edir.
Təəssüf ki, Ermənistanın siyasi rəhbərliyi hələ də məsuliyyətini dərk etmir, eləcə də Azərbaycanla bağlı təxribat və terrorçuluq siyasətini bir kənara qoymur. Ermənistan tərəfinin bu addımları son zamanlar sülh sazişi üzrə beynəlxalq səylərin canlanması şəraitində onların sülh prosesini məqsədyönlü şəkildə pozmaq niyyətini, eləcə də bölgədə sabitliyin təmin olunmasında maraqlı olmadığını göstərir. Amma reallıq başqa siyasət yürütməyi diktə edir. Azərbaycan qeyri-hökumət təşkilatları nümayəndələri Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazını bildirir. Aksiya iştirakçıları Azərbaycanın rəsmi qurumlarının faydalı qazıntı yataqlarında monitorinq aparılması üçün buraxılmasını və Rusiya sülhməramlı kontingentinin komandanı ilə görüş tələb edir. Bu günədək fəalların tələbləri yerinə yetirilməyib. Ekspertlərin fikrincə, regionda gərginlik davam edir və silahlı insidentlərin baş verməsi mümkündür.
Bu günlərdə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenin də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı əsnasında Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət müzakirə olunub. Prezident İlham Əliyev son həftələr ərzində Ermənistan tərəfinin Avropa İttifaqının bu ölkədəki missiyasının yerləşməsindən sui-istifadə edərək vəziyyəti qəsdən gərginləşdirmək istiqamətində siyasət yürütdüyünü, Azərbaycan-Ermənistan dövlət sərhədi boyu və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri tərəfindən atəşkəsin intensiv şəkildə pozulması hallarının müşahidə olunduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır, son təklif və düzəlişlərin edildiyi sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim edib. Dövlətimizin başçısı bildirib ki, ABŞ və şəxsən dövlət katibi Antoni Blinkenin bu istiqamətdə səylərini yüksək qiymətləndirir. Dövlət katibi Antoni Blinken bir daha vurğulayıb ki, ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün səylərini bundan sonra da davam etdirəcək. Prezident, həmçinin Münxendə keçirilmiş görüşün davamı olaraq Azərbaycanın Qarabağdan olan erməni sakinlərlə təmaslara hazır olduğunu və bu xüsusda Azərbaycan Respublikası Prezidenti Administrasiyası tərəfindən reinteqrasiya üzrə təmasları davam etdirmək və infrastruktur layihələrini müzakirə etmək üçün onların Bakıya dəvət edildiyini də xatırladıb.
Praqa və Soçi bəyanatları Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyub, onun suverenliyi və ərazi bütövlüyünü tanıması və hörmət etməsini tələb edir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birbaşa hədəf alan hərəkətləri Ermənistanın növbəti dəfə sülh üçün yaranmış tarixi fürsətdən istifadə etmək niyyətində olmadığını nümayiş etdirir. 2020-ci il müharibəsindən sonra sülh sazişi imzalanması təşəbbüsü ilə çıxış edən, münasibətlərin qurulması üzrə 5 baza prinsiplərini və sülh sazişi mətnini təqdim edən Azərbaycanın sülh sazişində maraqlı olmadığının Ermənistan tərəfindən iddia olunması saxtakarlığın açıq-aşkar nümunəsidir. Azərbaycanın sülh sazişi imzalamaq təklifinə bir ildən artıq müddətdə cavab verməyən, daha sonra sülh sazişinin imzalanmasını adətən uzun müddət çəkən delimitasiya prosesi və digər destruktiv təkliflərlə şərtləndirən Ermənistanın müxtəlif bəhanələrlə sülh sazişinə maneçilik törətməsi, müəyyən elementləri qabardaraq danışıqlar prosesinin mahiyyəti barədə çaşqınlıq yaratması yaxşı məlumdur.
Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Misirin "AlQahera" xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla Ermənistan arasında sülh sazişinin layihəsi üzrə danışıqların mahiyyətini təhrif etməsi və beynəlxalq ictimaiyyət arasında çaşqınlıq yaratmaq cəhdi tamamilə qəbuledilməzdir. Bu açıqlamaları növbəti dəfə Ermənistanın sülh sazişi üzrə danışıqlarda nə dərəcədə manipulyasiyalara yol verdiyinin və prosesə qeyri-ciddi yanaşmasının bariz nümunəsidir. Sülh sazişi üzrə danışıqların tərəflər arasında razılaşdırılmış formatına və bu danışıqlarda müəyyən qaydalara əməl etməyə dair razılıqlara baxmayaraq, Ermənistan tərəfi dekabr ayında danışıqların növbəti raundunu boykot edib və danışıqları pozub. Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb. Digər tərəfdən, Ermənistan tərəfi sülh sazişi layihəsinə təklif etdikləri bəzi elementləri kontekstdən çıxarmaqla şərh edir və ictimaiyyət arasında yanlış rəy formalaşdırır. Bu yanaşma prosesə heç bir müsbət töhfə vermir, əksinə, sülh sazişi üzrə danışıqlara maneçilik törətmək məqsədi daşıyır.
Qeyd edək ki, son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq, silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib. Yəni artıq iş xəbərdarlıqdan keçib. Bunun nəticəsi kimi, yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.
Bu isə həmin yollara Azərbaycan ordusunun nəzarət etməsi deməkdir. Azərbaycan Ermənistanın vandallıqlarından fərqli olaraq, apardığı bərpa və yenidənqurma işləri ilə sübut edir ki, bölgənin sahibləri geri dönüb və bu ərazilərdə növbəti təcavüzə cəhdlərin qarşısı alınacaq. Beynəlxalq təşkilatların Azərbaycan Respublikası ərazisində fəaliyyəti də məhz qanunvericilik çərçivəsində davam edəcək və ölkəmizin daxili işlərinə müdaxiləyə heç zaman imkan verilməyəcək.
Mustafa KAMAL,
"Respublika".