Azərbaycan Standartlaşdırma İnstitutu ilə Litva Standartlar Şurası arasında Anlaşma Memorandumu imzalanıb
İQTİSADİYYAT

Azərbaycan Standartlaşdırma İnstitutu ilə Litva Standartlar Şurası arasında Anlaşma Memorandumu imzalanıb

Sənədə əsasən tərəflər standartlaşdırma sahəsində rəqəmsal həllərin tətbiq və digər sahələrdə əməkdaşlıq edəcəklər

Litvanın standartlaşdırma üzrə milli orqanı olan Litva Standartlar Şurasının (LST) nümayəndə heyəti 22-23 may tarixlərində Azərbaycanda səfərdə olub.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilir ki, səfər zamanı Litva nümayəndə heyəti İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTAND) bir sıra görüşlər keçirib.

Görüşlər zamanı tərəflər arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi müzakirə olunub, həmçinin Avropa direktivləri və istinad standartlarının qəbulu əsasında milli texniki reqlamentlərin qəbulu prosedurları, istinad standartlarının tətbiqinə dair fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində AZSTAND və LST arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədə əsasən tərəflər standartlaşdırma sahəsində rəqəmsal həllərin tətbiqi, Texniki Komitələrin  fəaliyyəti, standartların yayılmasında abunə praktikası üzrə əməkdaşlıq edəcək, istinad standartları sahəsində təcrübə mübadiləsi həyata keçirəcək.

“Respublika”.