Azərbaycan-Slovakiya münasibətlərinin inkişafında parlamentlər arasında əməkdaşlığın rolu müzakirə edilib
Siyasət

Azərbaycan-Slovakiya münasibətlərinin inkişafında parlamentlər arasında əməkdaşlığın rolu müzakirə edilib

Mayın 17- Milli Məclisin sədri Sahibə Qafarova Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasda iştirak üçün Azərbaycanda səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar ilə görüşüb.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən söz açılıb.

İkitərəfli münasibətlərdən danışılarkən qeyd olunub ki, Azərbaycan ilə Slovakiya arasında fəal dialoq mövcuddur. Ölkələrimiz arasında həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq həyata keçirilir.

Görüşdə Azərbaycanın enerji siyasətindən bəhs olunub, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığı vurğulanıb. Qeyd edilib ki, Azərbaycanın təşəbbüsü iştirakı ilə reallaşan layihələr iştirakçı dövlətlərin inkişafına töhfə verməklə yanaşı, Avropaya enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi baxımından da önəmlidir.

Milli Məclisin sədri Slovakiyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü tam qəti şəkildə dəstəklədiyini bildirərək, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa quruculuq işləri barədə məlumat verib.

Slovakiya Milli Şurasının sədri Boris Kollar Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı Milli Məclisdə təşkil olunmuş yubiley tədbirində iştirakından məmnunluğunu ifadə edib. O, Heydər Əliyevin xalqı dövləti qarşısındakı misilsiz xidmətlərindən, Azərbaycanın hərtərəfli inkişafı üçün gördüyü işlərdən, gənc respublikanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi istiqamətində yorulmaz fəaliyyətindən məmnunluqla söz açıb.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərin rolu vurğulanıb, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin qanunverici orqanlar arasında əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətindən danışılıb. Həmçinin Boris Kolların ötən il Azərbaycana səfəri çərçivəsində işğaldan azad edilmiş Füzuli Şuşaya səfəri xatırlanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.