Azərbaycan sərhədlərinin müdafiəsi, mühafizəsi etibarlı əllərdədir
Siyasət

Azərbaycan sərhədlərinin müdafiəsi, mühafizəsi etibarlı əllərdədir

“Sərhədlərin qorunmasında xidmət göstərən hər bir kəs xalqımızın, millətimizin hörmət və ehtiramına layiqdir”.

Heydər ƏLİYEV,

Ümummilli lider.

 

2000-ci ildən başlayaraq 18 avqust Azərbaycan Respublikasında Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Həmin vaxta kimi sərhədçilərin peşə bayramı dekabr ayının 16-da qeyd edilirdi. Bu, 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsinin yarandığı tarixdir. Beləliklə, böyük bir tarixin üstündən xətt çəkilirdi.

Tariximizə həmişə böyük hörmət və ehtiramla yanaşan ümummilli lider Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli sərəncamı ilə 1919-cu ildə Azərbaycan Demokratik Respublikasının ilk sərhəd mühafizəsinin təsis edildiyi gün - 18 avqust Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı elan edildi.

Azərbaycanın Sərhəd Qoşunları 102 il öncə yaranmış, müstəqilliyimizin bərpasından sonra böyük inkişaf yolu keçmişdir. Bu il Azərbaycan sərhədçilərinin 102-ci peşə bayramı günü Vətən müharibəsində tarixi qələbəmizin sevincini yaşadığımız dövrə təsadüf edir. 

1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Respublikasının yarandığını elan etdi. Həmin tarixi sənəddə digər məsələlərlə yanaşı, Şərqi və Cənubi Zaqafqaziyanın Azərbaycan torpaqları olduğu, Azərbaycan Demokratik Respublikasının qonşu xalqlar və dövlətlərlə qonşuluq münasibətləri yaratmaq arzusu əks olunurdu. Lakin real vəziyyət son dərəcə gərgin idi. Çarizmdən miras qalmış keçmiş inzibati ərazi bölgüsünün əhalinin milli tərkibinə uyğun gəlməməsi yeni yaranmış Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları arasında sərhədlərin müəyyənləşməsində kəskin ziddiyyətlərin meydana çıxmasına səbəb olmuşdu. Azərbaycan hökuməti dördtərəfli danışıqlarda qarşılıqlı razılaşmaya gəlməyi təklif edirdi.

Gürcü hökuməti keçmiş Tiflis və Kutais quberniyaları ərazilərindən başqa Zaqatala və onun ətrafını da Gürcüstan Respublikasının ərazisi hesab edirdi. Ermənilərin ərazi iddiası isə daha böyük idi...

Azərbaycan parlamentinin 1919-cu il avqustun 18-də keçirilmiş iclasında “Gömrüyə münasibətdə Azərbaycan Respublikasının Sərhəd Mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul edildi. 8 maddədən ibarət olan qanunun 1-ci maddəsində göstərilirdi: “Azərbaycan Respublikasının sərhədlərini qeyri-leqal ticarətdən qorumaq və qaçaqmalçılıqla mübarizə aparmaq məqsədilə Azərbaycanın sərhədləri boyu, əlavə edilən dislokasiya məntəqələrinə uyğun olaraq, sayı doxsan doqquza (99) çatan doqquz yüz doxsan iki (992) mühafizəçidən ibarət tərkibdə sərhəd postları təsis edilsin...”.

1991-ci il oktyabrın 18-də “Müstəqillik haqqında” Konstitusiya Aktı qəbul edildi və Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşdu. Müstəqil dövlətin isə ən mühüm atributlarından biri onun sərhədlərinin mövcudluğu, bu sərhədlərin həmin dövlətin öz qanunları əsasında vətəndaşları tərəfindən qorunmasıdır.

Müstəqil Azərbaycan dövlətində sərhəd qoşunlarının ilk dəstəsi Naxçıvanda yaradıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildikdən sonra ulu öndərin səyi nəticəsində 1991-ci il sentyabrın 3-də Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının Naxçıvan ərazisində 1-ci sərhəd dəstəsi yarandı.

Bu münasibətlə Naxçıvan Milli Məclisinin sədri Heydər Əliyev deyirdi: “Naxçıvanın qonşu İran və Türkiyə ilə sərhədləri on illər, hətta əsrlər boyu rus qoşunları tərəfindən qorunmuşdur. Artıq onlar da Naxçıvanı tərk edib. Biz keçmiş Sovet İttifaqının, sonra isə Rusiyanın burada yerləşən 41-ci sərhəd qoşunları hissəsinin buradan tamam çıxıb getməsinə nail olduq və Azərbaycanda ilk dəfə olaraq milli sərhəd qoşunlarının birinci dəstəsi yaradıldı”.

1992-1993-cü illərdə dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi sahəsində bir neçə hökumət qərarı verilsə də onlar istənilən səviyyədə yerinə yetirilmədi, yalnız Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Sərhəd Qoşunlarında da keyfiyyətcə yeni mərhələ başlandı.

Respublikamızda istər ordu quruculuğu, istərsə də Sərhəd Qoşunlarının yaranması prosesi mürəkkəb bir dövrə təsadüf etmişdi, lakin buna baxmayaraq, müstəqil dövlətimizin sərhədlərini sərbəst, heç bir ölkənin iştirakı olmadan qorumağa qadir olan qoşun hissəsi - Sərhəd Qoşunları yaradıldı. Təbii ki, bunlar asan başa gəlmədi.

Ən böyük çətinlik kadrlarla bağlı idi. Bu işdə ilk köməyə gələn Heydər Əliyev tərəfindən əsası qoyulmuş Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələri oldu. Həmçinin SSRİ Sərhəd Qoşunlarında xidmət edən azərbaycanlı zabit və gizirlərin demək olar ki, hamısı könüllü olaraq Azərbaycan Sərhəd Qoşunlarında xidmət etmək üçün Vətənə gəldilər. 1998-ci ildə ümummilli lider Heydər Əliyev MTN Akademiyasının yaradılması haqqında fərman verdi və burada Sərhəd Qoşunları üçün də kadrlar hazırlanmağa başlandı. Sərhədçi zabit və gizirlərin, xüsusilə ehtiyatdan gələnlərin bilik və bacarığının artırılması məqsədilə Sərhəd Qoşunlarının tərkibində kadrların hazırlanması və təkmilləşməsi kursları yaradıldı. Fəxrlə deyə bilərik ki, bu gün artıq Azərbaycanın nizami ordu səviyyəsində Sərhəd Qoşunları mövcuddur. Bu qoşunlar ölkəmizin altı dövlətlə olan sərhədlərini gecə-gündüz sayıqlıqla, peşəkarcasına qorumağa qadirdir. Və bu həqiqəti bütün dünya birliyi də təsdiqləyir.

2002-ci il iyul ayının 31-də Dövlət Sərhəd Xidmətinin yaradılması haqqında verilən fərman Azərbaycan sərhədçilərinə inam və etimadın daha bir göstəricisi idi. Bu, onu göstərirdi ki, dövlətimiz dövlət sərhədlərinin etibarlı mühafizəsini daim önə çəkir, bu məsələni diqqət mərkəzində saxlayır.

Ötən illər ərzində Sərhəd Qoşunlarının maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, maliyyə-təsərrüfat fəaliyyəti nizamlanmış, yeni yaradılmış sərhəd dəstələrində və sərhəd zastavalarında müasir tələblərə uyğun xidməti və yaşayış binaları tikilib istifadəyə verilmişdir. Sərhəd Qoşunları müasir nəqliyyat vasitələri, eləcə də rabitə və xüsusi texnika ilə təmin edilir. Müstəqil Azərbaycan Respublikasının dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsi üçün yeni, müasir tələblərə cavab verən sərhəd infrastrukturu yaradılır: “Mən sərhəd qoşunlarının inkişafına böyük önəm verirəm” - deyən dövlət başçısı İlham Əliyev bu gün sərhəd quruculuğu prosesinin uğurla davam etdirilməsi üçün hər cür şəraitin yaradılmasına çalışır. Çıxışlarının birində: “Sərhəd qoşunlarının formalaşdırılmasında Heydər Əliyevin rolu müstəsnadır. Məhz onun rəhbərliyi altında Azərbaycanda sərhəd qoşunları formalaşdı, gücləndi və bu gün ölkəmizin milli maraqlarını çox ləyaqətlə qoruyur” - deyən Prezident onun sabahına da böyük ümidlər bəsləyir.

Məhz dövlət qayğısının nəticəsidir ki, sərhəd nəzarəti xidməti ildən-ilə təkmilləşir, daha çox təcrübə əldə olunur. Narkotik maddələrin respublikaya gətirilməsinin qarşısı alınır, qeyri-leqal miqrantların aşkar olunması işində də böyük nəticələr var. Nəzarət-buraxılış məntəqələri cinayətkarlıqla mübarizəyə də öz töhfələrini verir. Qürurla söyləmək olar ki, əldə olunmuş bu nailiyyətlər - qaçaqmalın, narkotik maddələrin saxlanılması, saxta və özgə sənədlərin aşkar edilməsi heç bir texnikadan istifadə etmədən yalnız sərhədçilərin peşəkarlığı və sayıqlığı sayəsində mümkün olur.

Sərhəd qoşunlarının şəxsi heyətinin xidməti döyüş və mənəvi-psixoloji hazırlığını daim yüksək səviyyədə saxlamaq üçün də tədbirlər görülür. Hərbi borcu sədaqətlə yerinə yetirmək, ordu və xalq arasında birliyi daha da gücləndirmək məqsədilə keçirilən məşğələlərdə ümummilli liderimiz Heydər Əliyevin nitq, məruzə və çıxışları əsaslı şəkildə öyrənilir, Sərhəd Qoşunlarının tərkibində xidmət edən hərbi qulluqçulara Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin etmək üçün nə qədər böyük məsuliyyət daşıdıqları və bu məsuliyyətin qarşısında cavabdehlik hissləri tərbiyə olunur. Şəxsi heyətin döyüş hazırlığını yüksək səviyyədə saxlamaq üçün müasir tələblərə cavab verə bilən atəş və təlim meydanları yaradılır.

 

Dövlət Sərhəd Xidmətinin beynəlxalq əlaqələri də genişlənir. Azərbaycan Respublikası ilə NATO arasında “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində yaradılmış əlaqələr ardıcıl surətdə inkişaf etdirilir. DSX-nın nümayəndə heyətinin xarici ölkələrə, xarici ölkə mütəxəssislərinin Azərbaycana səfərləri təşkil olunur, qarşılıqlı, birgə əməkdaşlıq məsələlərinə dair sənədlər imzalanır. Dövlət Sərhəd Xidməti rəhbərliyinin təşəbbüsü və iştirakı ilə keçirilən beynəlxalq tədbirlər, görüşlər bir daha göstərir ki, Azərbaycan sərhədçiləri dünya təcrübəsindən bəhrələnərək dünyaya inteqrasiya ilə irəliyə doğru getməkdədir. Bunu xarici tərəfdaşlarımız da təsdiqləyir.

Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sahil Mühafizəsinin, Sərhəd Nəzarətinin formalaşdırılması və nümunəvi hərbi birləşmə səviyyəsinə yüksəldilməsi əldə olunan ən mühüm nailiyyətlərdəndir. 2017-ci ilin fevralında xidmətin Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimində çıxışında Sərhəd Xidmətinin son dövrdəki nailiyyətlərindən danışarkən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev deyib: “2016-cı ilin aprelində əks-hücum əməliyyatı zamanı düşmənin müdafiə xəttinin, döyüş mövqelərinin, dislokasiya yerlərinin, komanda-dayaq məntəqələrinin, qərargahlarının darmadağın edilməsi zamanı keçirilən uğurlu əməliyyatlar düşməni döyüş əməliyyatlarını dayandırmağa məcbur etdi və bu qələbənin əldə olunmasında Azərbaycan sərhədçisi də öz töhfəsini verdi”.

2018-ci ilin dekabr ayında Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki təmas xəttində yerləşən sərhəd döyüş postlarının və hərbi obyektlərin təhvil alınması, bu istiqamətdə dövlət sərhədinin müdafiəsinin həyata keçirilməsi əmrini almağı hər bir sərhədçiyə qürur hissi yaşatdı. Bu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan sərhədçisinə etibar və etimadının növbəti ifadəsi idi.

Azərbaycan Respublikasının dövlət sərhədlərinin tam mühafizə altına götürülməsinin əsasını qoyan və Azərbaycan Sərhəd Mühafizəsi tarixində yeni səhifə açan bu tapşırığı ən yüksək səviyyədə icra etmək üçün Dövlət Sərhəd Xidmətinin hərbi potensialı ciddi səfərbər olundu, qısa müddətdə sərhəd döyüş məntəqələrində yüksək standartlara cavab verən xidməti və məişət şəraitinin təmin edilməsi istiqamətində işlər görüldü.

Bu gün dövlət sərhədində, sərhəd döyüş səngərlərində, ağır iqlim və relyef şəraitində xidməti vəzifələrini böyük şücaət və əzmkarlıqla yerinə yetirən sərhədçilərin Ali Baş Komandana sədaqəti, döyüş ruhu, vətənpərvərliyi, düşmənə isə nifrəti hədsizdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında sərhədçilərimiz işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad etməyə həmişə hazır olub.

Çiyinlərdə “Zəfərə doğru” daşıdığı müzəffər bayrağımızı Xankəndidə, Şuşada, Xocalıda, Zəngilanda, Cəbrayılda, Qubadlıda, Ağdamda, Laçında, Kəlbəcərdə dalğalandıracağına, dövlət sərhədlərimizin bütövlüyünü təmin edəcəyinə həmişə inanıb.

Bəli, “Mən Sərhəd Qoşunlarının inkişafına böyük önəm verirəm. Qeyd etmək istəyirəm ki,  Sərhəd Qoşunlarının komandanlığı ilə mütəmadi olaraq əlaqə saxlayır, məsələlərlə maraqlanıram, mənə məruzələr edilir, təkliflər verilir. İstəyirəm biləsiniz ki, verilən bütün təkliflərə müsbət cavab verilir. Sərhəd Qoşunlarının inkişafına, onun infrastrukturunun yaradılmasına və güclənməsinə vəsait ayrılır. Bu vəsaitdən səmərəli istifadə olunur və beləliklə, Azərbaycanda yeni sərhəd dəstələri, zastavalar yaradılır. Bu proses davam etdiriləcəkdir” -  söyləyən dövlət başçısı İlham Əliyevin komandanlığı altında sərhədçilərimiz də torpaqlarımızın azad olunması uğrunda Vətən müharibəsində öz gücünü göstərdi.

Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında iştirak edən Prezident İlham Əliyevə məlumat verən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev qeyd etmişdi ki, Vətən müharibəsi zamanı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməklə, eyni zamanda, dövlət sərhədinin bərpası kimi çox mühüm bir missiyanı yerinə yetirdi. Silahlı Qüvvələrimizin tərkib hissəsi kimi Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də yüksək peşəkarlıqla düşmənə sarsıdıcı zərbələr endirdi və onları torpaqlarımızdan qovdu.

Vətən müharibəsində sərhədçilərin rolunu dəyərləndirən Prezident İlham Əliyev demişdir: “Hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib. Bizim Silahlı Qüvvələrimiz rəşadət, qəhrəmanlıq göstərərək Vətən müharibəsində zəfər çaldılar. Sərhədçilərin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm. Təsadüfi deyil ki, bir çox hərbçilər dövlətimizin yüksək orden və medalları ilə təltif edilmişlər”.

Bəli, sərhədlərimizin müdafiəsi, mühafizəsi etibarlı əllərdədir. Azərbaycan sərhədçiləri sərhədlərimizi bundan sonra da göz bəbəyi kimi qoruyacaq, böyük uğurlara imza atacaq.

Zümrüd QURBANQIZI,

“Respublika”.