AZƏRBAYCAN-RUSİYA İQTİSADİ ƏLAQƏLƏRİNİN HAZIRKI VƏZİYYƏTİ VƏ PERSPEKTİVLƏRİ MÖVZUSUNDA KONFRANS
İQTİSADİYYAT

AZƏRBAYCAN-RUSİYA İQTİSADİ ƏLAQƏLƏRİNİN HAZIRKI VƏZİYYƏTİ VƏ PERSPEKTİVLƏRİ MÖVZUSUNDA KONFRANS

Dekabrın 16-da ADA Universitetində "İnteqrasiya prosesi çərçivəsində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri" adlı konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan ADA Universitetinin rektoru Hafiz Paşayev qeyd etmişdir ki, Azərbaycan və Rusiya arasında əlaqələr hər zaman qarşılıqlı maraq kəsb edib, bu əlaqələr istər elmi müstəvidə, istərsə də siyasi-iqtisadi və diplomatik sahələrdə hər zaman ölkələrimiz üçün yeni perspektivlər, imkanlar vəd edir. Konfransın adına iştirakçıların diqqətini çəkən rektor belə tədbirlərə substantiv yanaşmanı doğru hesab etdiyini bildirdi. ADA Universitetinin Rusiyanın bir çox ali məktəbləri ilə sıx əlaqələr qurduğunu bir nümunə olaraq önə çəkən H.Paşayev belə təmasların və əməkdaşlığın bütün sferalarda, yəni təkcə elm və təhsil sahəsində deyil, ilk növbədə iqtisadi sahədə əhəmiyyətli olduğunu vurğuladı, hər iki tərəfə fayda verdiyini xüsusilə qeyd etdi. Konfransda iştirak edən Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuku salamlayan Hafiz Paşayev iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsini real proses kimi dəyərləndirdi.

Öz növbəsində Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk konfransın məhz ADA divarları arasında keçirildiyinə görə bu ali təhsil ocağının rektoru Hafiz Paşayevə minnətdarlığını bildirdi. Rusiya rəsmisi Azərbaycanın Cənubi Qafqazda iki qitəni birləşdirmək baxımından mühüm əhəmiyyətə malik nəqliyyat və logistika kommunikasiyalarının açılmasının gerçəkləşməkdə olan proses olduğunu qeyd etdi və böyük inkişaf perspektivlərinə malik olduğunu bildirdi. İki ölkə arasında iqtisadi münasibətlərin gələcək perspektivlərinin bu konfransda müzakirəsinin olduqca vacib bir məsələ olduğunu qeyd edən Aleksey Overçuk belə təmasların və müzakirələrin başlıca məqsədinin iqtisadiyyatın inkişaf etdirilməsi üzrə vahid bir platformanın yaradılması olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırdı. Bu kontekstdə diqqətçəkən məqam ondan ibarətdir ki, Rusiyanın Baş nazirinin müavini öz ölkəsinin Azərbaycanla bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair fəal müzakirələrdən və işlərdən məmnunluqla danışıb. İki ölkənin bir çox istiqamətdə ortaq maraqlara malik olduğu bildirildi, üçtərəfli işçi qrupunun fəaliyyətinin önəmi qeyd edildi. Diqqətə çatdırıldı ki, komissiyanın tərkibində təmsil olunan bütün tərəflər Cənubi Qafqazda nəqliyyat infrastrukturunun və iqtisadi əlaqələrin reallaşdırılmasında maraqlıdır.

Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatı çərçivəsində uğurlu iqtisadi əlaqələrin qurulduğunu, burada iştirak edən ölkələrin maraqlarının təmsil edildiyini vurğulayan A.Overçuk bu kimi iqtisadi əməkdaşlıq formatının əhəmiyyətindən söz açdı və sözügedən formatın nəhəng bir əmək və satış bazarının olduğunu bildirdi.

Rusiya Federasiyasının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Mixail Boçarnikov iki ölkə arasında münasibətlərin inkişaf mərhələsində olduğunu vurğuladı. Həm siyasi, həm də iqtisadi əlaqələrin fəal inkişafından danışan səfir bu ilin ötən dövründə pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Rusiya və Azərbaycan arasında ticarətin 7% artdığını, iki ölkənin şirkətlərinin qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu qeyd etdi. Mixail Boçarnikov ümidvar olduğunu bildirdi ki, konfransın nəticələri ölkələrimiz arasında əməkdaşlıq və inteqrasiya proseslərinə daha da böyük təkan verəcək.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Azərbaycan və Rusiya arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin inkişafında Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevin və Vladimir Putinin şəxsi dostluq münasibətlərinin yüksək səviyyədə olmasını mühüm amil adlandırdı. Gələn il Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd ediləcəyini bildirən Baş nazirin müavini, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin yüzilliklər ərzində mehriban qonşuluq və dostluq ənənələrinə söykəndiyinə diqqət çəkib.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə nəticəsində regionda yeni reallığın yarandığını xüsusilə qeyd edən Ş.Mustafayev həmin reallıqlar çərçivəsində əsas səylərin 2024-cü ilə qədərki dövrdə Azərbaycan-Rusiya əlaqələrinin inkişaf etdirilməsinin əsas istiqaməti ilə bağlı planın işlənib hazırlanması üzərində cəmləşdiyini bildirib. Burada söhbət ticarətdə müəyyən maneələrin dəf edilməsindən, rəqəmsal iqtisadiyyat və nəqliyyat infrastrukturunun inkişafından, elmtutumlu müştərək müəssisələrin yaradılmasından və bir çox digər istiqamətlərdən gedir. Bütün bunlarla əlaqədar hazırlanmış 7 Strateji Xol Xəritəsində öz əksini tapmış əməkdaşlıq proqramları uğurla həyata keçirilir. "Şimal-Cənub" və "Şimal-Qərb" beynəlxalq dəhlizlərin əhəmiyyətindən danışan Azərbaycan rəsmisi Bakı-Tbilisi-Qars dəmir yolu ilə Rusiyadan Türkiyəyə yüklərin göndərilməsinə də toxunub. Bildirilib ki, təkcə 2020-ci ildə "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə həyata keçirilən yükdaşımaların həcmi 15,3%, "Şimal-Qərb" istiqaməti üzrə isə 11% artıb.

Qeyd olunub ki, Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi nikbinliyə əsas verir - bu sferada təxminən 7%, yaxud 2,35 milyard dollar artım müşahidə olunur. Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 6 milyard, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1,2 milyard dollardan çox investisiya yatırıb. Respublikamızda Rusiya kapitalı ilə 1100 müəssisə fəaliyyət göstərir.

Şahin Mustafayev xüsusilə vurğulayıb ki, Cənubi Qafqazın gələcəyi Azərbaycan-Ermənistan münaqişəsinin yekunlaşması, ölkəmizin özünün ərazi bütövlüyünü bərpa etməsi nöqteyi-nəzərdən dəyərləndirilməlidir. Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin xüsusi rolunu qeyd edən Ş.Mustafayev hərbi əməliyyatların dayandırılmasında və regionumuzda vəziyyətin sabitləşməsində Rusiya dövlətinin müsbət roluna toxundu.

Sonda Azərbaycanın Baş nazirinin müavini qeyd etdi ki, Cənubi Qafqazda formalaşmış yeni reallıqlar Azərbaycanla Rusiya arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni üfüqlər açır.

Emin QASIMOV,

"Respublika".