Azərbaycan-Rusiya birgə demarkasiya Komissiyasının doqquzuncu iclası keçirilib
Siyasət

Azərbaycan-Rusiya birgə demarkasiya Komissiyasının doqquzuncu iclası keçirilib

İyulun 6-9-da Bakı şəhərində xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfovun və Azərbaycan-Rusiya birgə demarkasiya Komissiyasında Rusiya nümayəndə heyətinin rəhbəri A.A.Bilyalitdinovun rəhbərliyi ilə Azərbaycan-Rusiya birgə demarkasiya Komissiyasının doqquzuncu iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda demarkasiya prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, çöl demarkasiya işlərinin aparılması və təşkili üçün lazım olan sənədlər təsdiqlənib. Sərhəd nişanlarının quraşdırılması Azərbaycan-Rusiya birdə demarkasiya Komissiyasının 2021-ci il üçün İş Planına müvafiq olaraq davam etdiriləcək.

Demarkasiya işlərinin aparılması zamanı hər iki dövlət tərəfindən işlərin konstruktiv və ardıcıl həyata keçirilməsi qeyd olunub.

Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçib.

Birgə Komissiyanın növbəti iclası Rusiya Federasiyası ərazisində keçiriləcək. Görüşün keçirilmə tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

AZƏRTAC