Azərbaycan Rus İcmasının Respublika Şurasının iclası keçirilib
Digər xəbərlər

Azərbaycan Rus İcmasının Respublika Şurasının iclası keçirilib

Azərbaycan Rus İcmasının Respublika Şurasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin iclasda giriş sözü söyləyib.

M.Zabelin 2020-ci ilin yanvarından 2022-ci ilin yanvarınadək olan dövrdə təşkilatın fəaliyyəti haqqında hesabat məruzəsini təqdim edib.

Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin tədbir iştirakçılarına icmanın fəaliyyəti haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Rus İcması xeyriyyə tədbirlərində fəal iştirak edir. Məsələn, keçən il İcma "Məktəbə hazırlaşmağa kömək et" aksiyasında iştirak edib, ölkənin müxtəlif regionlarında şagirdlərə içərisində məktəb ləvazimatları olan çantalar verilib.

Həmçinin Moskva şəhərinin hökumətinin Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamentinin dəstəyi ilə icmanın üzvləri olan müharibə veteranlarına tibbi cihazlar təqdim olunub. İkinci Dünya müharibəsinin iştirakçılarına və imkansızlara Rus İcması xətti ilə maddi yardım göstərilir.

M.Zabelin qeyd etdi ki, Azərbaycan xalqı əsrlər boyu yüksək dərəcəsinə multikulturalizm və tolerantlıq xüsusiyyətləri ilə fərqlənib. O deyib: "Məhz bu səbəbdən respublikada ictimai-siyasi sabitlik qalır (saxlanır)… Azərbaycan Rus İcmasının nüfuzu və şöhrəti sayəsində Moskva hökuməti ilə, Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamenti və başqa strukturlarla səmərəli işgüzar münasibətlər qurulmasına imkan yaranıb".

İcmanın sədri Prezidentin Administrasiyası, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyi və Milli Məclisin deputatları tərəfindən Rus İcmasının dəstəklənməsini ayrıca vurğulayıb, rus dilinin inkişafına və rus mədəniyyətinin qorunub saxlanmasına yönəlmiş proqramların reallaşdırılmasında İcmanın dəstəklənməsinə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.

Mixail Zabelin daha sonra əlavə edib ki, Azərbaycanda yaşayan ruslar Azərbaycan və Rusiya prezidentlərinin iki ölkənin hərtərəfli əlaqələrinin inkişafına, beynəlxalq terrorizmə qarşı mübarizədə onların sıx əməkdaşlığına, iki xalqın dostluğunun möhkəmlədilməsinə yönəldilmiş siyasətini dəstəkləyirlər. İcmanın sədri sonda deyib: "Mehriban qonşuluq, yüksək mənəviyyat, qarşılıqlı hörmət - bizim əməkdaşlığımızın əsasıdır. Azərbaycan və Rusiya xalqları arasında dostluğun müsbət potensialının qorunub saxlanması və artırılması - bizim strateji istiqamətimiz belədir".

Sonra iclasda Milli Məclisin deputatı Şahin Seyidzadə, Azərbaycan Rus İcmasının sədr müavini Anastasiya Lavrina, Vətən müharibəsinin iştirakçısı Denis Quzlayev, Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina və başqaları çıxış ediblər. Onlar İcmanın fəaliyyəti, layihələri və proqramları barədə danışıb, Azərbaycanda yaşayan ruslara göstərilən dəstəyi vurğulayıblar.

Sonda Azərbaycan Rus İcmasının hesabat-seçki konfransının qətnaməsi qəbul edilib. Mixail Zabelin yenidən İcmanın sədri vəzifəsinə seçilib.

AZƏRTAC