Azərbaycan “revanşizmə qarşı humanizm
Gündəm

Azərbaycan “revanşizmə qarşı humanizm" siyasəti ilə xunta rejiminin parçalanmasını sürətləndirir

Son günlər separatçı rejimin məkr yuvası olan Xankəndidə hadisələr qızğın məcrada davam edir. Xuntanın başında dayanan Araikin beynəlxalq aləmdə özünə yer tapa bilməməsi, tır şousu, Ağdam-Xankəndi yolunda və Laçın dəhlizində təxribat cəhdlərinin nəticəsiz qalması və sərhədçilərimiz tərəfindən beynəlxalq axtarışda olan cinayətkarların tutularaq hüquqi qiymət verilməsi və rəsmi İrəvanın bütün bunları sakit tempdə izləməsi Xankəndidə erməni sakinlərin güclü etirazı ilə nəticələnib. Eyforiyaya qapılan Araik Arutyunyanın nələr edəcəyi maraq doğurur. Avqustun 28-də KİV-də separatçı rejimin liderinə sui-qəsd cəhdinin edildiyi bildirilib. Bütün bunların fonunda dünən Qızıl Aypara Cəmiyyətinin vasitəsilə Azərbaycannın Qarabağda yaşayan erməni sakinlərə humanitar yardım göndərməsi artıq Araikin beynəlxalq aləmdən dəstək ümidlərinin də üstündən xətt çəkmək deməkdir.

Bəli... Ermənistanın revanşist addımlarına qarşı Azərbaycanın humanizm nümunəsi göstərərək Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməni əsilli sakinlərə 40 ton humanitar yardım göstərməsi böyük siyasi manevrdir, gələcək uğurların təməli hesab oluna bilər. Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan gələcəkdə bu yardımların davam edə biləcəyini qeyd edib. Əvvəla, bu proses Azərbaycanı beynəlxalq aləmdə məsələnin həlli yolunda üstün vəziyyətə gətirəcək ki, daha ermənilər "tır şousu" bəhanələri ilə təşkilatların qapısını döyməyəcək. İkincisi bu, reinteqrasiya məsələsi baxımından müstəsna addımdır. Rəsmi İrəvandan fərqli olaraq Azərbaycanın öz torpaqlarında yaşayan xalqlara tolerant davranması erməni sakinlərin adaptasiya olma meyillərini gücləndirəcək, istəməyənlər üçün isə təbii ki, yol açıqdır.

Üçüncüsü isə bu, kukla Araikin sonunu gətirəcək. Avqustun 28-də xunta rejiminin rəhbəri yaxın günlərdə Təhlükəsizlik Şurasının iclasının keçirilməsi barədə açıqlama vermişdi. Lakin qəzəbli haylar elə həmin küçələrə axışaraq Araikdən qəti addımlar atmağı tələb etdi. Elə həmin gün təcili iclas keçirməyə məcbur olan rejim yenə öz tamaşasına başladı. İclasdan dərhal sonra açıqlama verən Araik beynəlxalq aləmdə tək olduqlarını bildirib. Sözsüz, Araikin bu sirkinə baxmağa artıq heç kim gəlmir. Fransa və digər havadarlar isə sirkin bağlanmaması üçün meydanı tərk etmək istəmir. Lakin batan gəminin son çırpınışları sadəcə dalğa yaradır. Aqressorun tək variantı qalıb - ya dərk edib reinteqrasiya olması, ya da qonaq gəldikləri torpaqları qovulmamış tərk etməsi. Başqa üçüncü variantdan söhbət gedə bilməz.

Xankəndidə vəziyyəti gərginləşdirən daha bir fiqur Ruben Vardanyandır. İş adamı olduğu bildirilən və Qarabağa xunta rejiminə dəstək olmaq üçün gəldiyini deyən bu təlxək Paşinyanın yolunu getmək istəyir. 2018-ci ildə mitinqlər keçirərək hakimiyyətə gəlməyi bacaran Nikol 2020-ci ildə bu əməlinə peşman oldu. Baş nazir seçildikdən sonra Cıdır düzündə rəqs edən Paşinyan indi hər gecə növbəti etiraz dalğası panikası ilə gözünü yumur. Vardanyanın isə qətiyyən bu qədər vaxtı yoxdur. O, Araiki mitinqlə devirib separatçı rejimin rəhbəri olsa belə, heç nə dəyişməyəcək. Belə ki, onu bu halda Nikolun aqibəti gözləyir. İkinci halda isə onsuz da gərgin olan xalq bu etiraz aksiyalarının mənasız olduğunu görüb Qarabağı tərk etməyə başlayacaq. Bütün bunlar məsələnin həll olunmasının tək yolunun Azərbaycanın maraqlarından keçdiyini bir daha göstərir.

Araikin isə vaxtı getdikcə daralır. Ötən ay Ermənistan mətbuatında Xankəndi şəhərində fəaliyyət göstərən ərzaq dükanları ilə bağlı fotoreportajlar şousuna start verildi. Əvvəlcədən planlaşdırılmış kimi, dükanları boş göstərmək, ərzaq qıtlığı və insanların aclığı təəssüratını yaratmaq üçün bu platformadan istifadə edilib. Ananın səhlənkarlığı ucbatından ölən 2 yaşlı uşaq isə bu təbliğata "təkan" verib. Ermənistan Xarici İşlər Nazirliyi öz ənənəsinə sadiq qalaraq "blokada şousu" mövzularını gündəm etmişdi. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə əməlləri ustalıqla ifşa edərək Xankəndidə göstərilənlərin əksinə toy-bayram əhvali-ruhiyyəsi olduğunu qeyd etmişdi. Daha sonra BMT TŞ-də Fransa və Malta tərəfindən qaldırılan bu məsələ Azərbaycan diplomatiyasının əzələ nümunəsi ilə yekunlaşdı. Ermənistanın dezinformasiya dolu məlumatlarını faktlarla ifşa edən Azərbaycanın daimi nümayəndəsi Yaşar Əliyevin çıxışı Braziliya, Rusiya, Türkiyə, Albaniya kimi dövlətlərdən öz layiqli cavabını alaraq məsələnin Azərbaycanın xeyrinə yekunlaşması ilə nəticələndi.

Bütün bu uğursuzluqların fonunda Xankəndidə artan etirazlar hər gün daha geniş kütlənin formalaşmasına gətirib çıxarır. Ruben Vardanyanın separatçılıq içində separatçılıq cəhdləri xunta hökumətini parçalanmağa doğru aparır. Araik Arutyunyan özü də hər şeyi başa düşür. Sirk yavaş-yavaş sona çatır. Bütün bu hadisələr fonunda rəsmi Bakını təlxəklərdən hansının daha əyləncəli performans göstərəcəyi maraqlandırır. Araikin geyşa (yaponların milli geyimi) formasında Xankədidən qaçması indiki situasiyada daha real görünür.

Tacir SADIQOV,

"Respublika".