Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumla əlaqədar AÇIQLAMALAR
MÜSAHİBƏLƏR

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumla əlaqədar AÇIQLAMALAR

Mövlud Çavuşoğlu: Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edərək ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı edilmiş xain terror hücumunu qətiyyətlə pisləyib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, türk nazir səfirliyin hadisə nəticəsində həyatını itirmiş əməkdaşına görə mərhumun ailəsinə və Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb.

Mövlud Çavuşoğlu Azərbaycanın yalnız olmadığını, Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov bu qardaşlıq və həmrəylik diləklərinə görə Türkiyə xarici işlər nazirinə minnətdarlığını bildirib, xain terroru törədənlərin və havadarların ən qısa zamanda ədalət qarşısında cavab verməsi üçün Azərbaycan tərəfinin əlindən gələni əsirgəməyəcəyini bildirib.       

                                                            

Valeriy Kolyux: Səfirliyə hücum regionda sabitliyi pozmaq cəhdinin bariz nümunəsidir

Azərbaycanın İrandakı səfirliyinə hücum regionda siyasi sabitliyin pozulması ssenarisini həyata keçirmək cəhdinin bariz nümunəsidir. Ukrayna bu cür hərəkətləri pisləyir. Sivil dünyada belə təcrübələrə yer yoxdur. Onların kökü ümumbəşəri dəyərlər, dünya miqyasında ölkələr arasında qarşılıqlı anlaşma və etimad naminə qətiyyətlə aradan qaldırılmalıdır.

Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan Parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux söyləyib.

Deputatın sözlərinə görə, bu, nəinki beynəlxalq hüququn normalarına təhlükə yaradan, həm də prinsipcə əvvəllər "diplomatik əlaqələr" adlandırdığımız münasibətlərin əsasında duran kövrək etimadı məhv edən son dərəcə mənfi tendensiyadır.

"Təəssüf ki, müxtəlif ölkələrin səfirliklərinə hücumlar getdikcə adi hala, siyasi və hətta geosiyasi qarşıdurma alətinə çevrilir. Ən pisi odur ki, bütün bu oyunların arxasında insan həyatı dayanır. Bu gün Azərbaycan bölgədə yeni müharibə və daha çox qan tökmək arzusunda olanlara görə öz vətəndaşını itirdi. Bu, dəhşətdir", - deyə Valeriy Kolyux vurğulayıb.

Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verən, yaralananların tezliklə sağalmasını arzulayan deputat bildirib: "Ümid edirəm ki, qərəzsiz araşdırma aparılacaq, nəticədə nəinki bu mənfur hücumun günahkarları və təşkilatçıları, eyni zamanda, onları buna təhrik edənlər cəzalandırılacaq".                                                

 

Vitali Jakot: Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum qəbuledilməzdir

Moldova parlamentinin deputatı Vitali Jakot Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyib.

Moldova-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Vitali Jakot AZƏRTAC-a məxsusi açıqlamasında bildirib ki, son altı ayda Azərbaycanın London, Paris, Vaşinqtondakı səfirliklərinə hücumlar edilib. Bu dəfə isə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın oldu.

"Moldova xalqı və Moldova hökuməti adından bu gün Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu, nəticədə diplomatik missiya üzvlərindən birinin həlak olmasını, digər ikisinin isə yaralanmasını qəti şəkildə pisləyirik. Bu, Moldova hakimiyyətinin dərin narahatlığına səbəb olan qəbuledilməz haldır. Azərbaycanlı həmkarlarımıza, eləcə də mərhumun əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz Azərbaycan xalqını və dost ölkənin hakimiyyət orqanlarını Moldova xalqının hərtərəfli dəstəyinə və köməyinə əmin edirik", - deyə deputat əlavə edib.                                                     

 

Niderland: Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən qanlı terror hücumunu pisləyib

Niderland Azərbaycanın İrandakı səfirliyinə qarşı yanvarın 27-də törədilən qanlı terror hücumunu pisləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Niderland Xarici İşlər Nazirliyinin tviter səhifəsindəki paylaşımda qeyd olunub.

Paylaşımda diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına qarşı hücumun yolverilməz olduğu bildirilib. Həmçinin həlak olan mühafizəçinin ailəsinə dərin hüznlə başsağlığı verilib, yaralananların tezliklə sağalması arzu edilib.