“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalının təsviri
Hüquqi aktlar

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

Azərbaycan Respublikasının

2022-ci il 29 iyun tarixli

Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.

2.2. Daxili çevrənin xaricində aşağı sol tərəfdən başlayaraq, qövs boyunca qızılı rəngli fonda “AZƏRBAYCAN RESPUBLİKASININ İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİ (OMBUDSMAN) TƏSİSATI” sözləri yazılmışdır, sözlərin arasında dairəvi lövhənin aşağı hissəsinin mərkəzində diametri 2 mm olan səkkizguşəli ulduz həkk olunmuşdur.

2.3. Daxili çevrənin içərisində yerləşən üzəri göy rəngli mina ilə örtülmüş dairəvi lövhənin aşağı hissəsinin mərkəzindən sol və sağ tərəflərdən yuxarı hissəyə doğru qövs boyunca dəfnə çələngləri təsvir olunmuşdur. Yuxarı hissənin mərkəzində dəfnə çələnglərinin arasında diametri 3 mm olan səkkizguşəli ulduz həkk olunmuşdur. Səkkizguşəli ulduzun aşağısında üç sətrə bölünməklə “20 il” sözləri və “2002–2022” rəqəmləri yazılmışdır.

2.4. Bütün təsvirlər və yazılar relyeflidir, qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfi hamar səthlidir.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, yuxarı hissəsinə üzərində palıd çələngi, aypara və ulduzdan ibarət kompozisiya təsvir olunmuş, aşağı hissəsinə isə hamar səthli 40 mm x 5.5 mm ölçülü, qızılı rəngli metal lövhə bərkidilmiş, 37 mm x 50 mm ölçüdə düzbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin üzərində mərkəzdə 3 mm enində yaşıl rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq 10 mm enində tünd göy rəngli, 1 mm enində yaşıl rəngli, 2 mm enində tünd göy rəngli, 2.5 mm enində narıncı rəngli, 1.5 mm enində tünd göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalı