Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində 12 noyabr - Konstitusiya Günü ilə bağlı tədbir keçirilib
Digər xəbərlər

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində 12 noyabr - Konstitusiya Günü ilə bağlı tədbir keçirilib

Noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 26 illiyi münasibətilə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, ilk milli Konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyub.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Daha sonra Konstitusiya Məhkəməsində tədbir keçirilib.

Tədbiri açan Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev əvvəlcə Konstitusiya Məhkəməsinin hakimlərini və Aparatın əməkdaşlarını təbrik edərək diqqətə çatdırıb ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə olub, ölkəmizdə müasir dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün böyük yol açıb, insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə zəmin yaratmaqla ölkə həyatının bütün sahələrinin inkişafına təkan verib.

Sədr bildirib ki, ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 26 il əvvəl qəbul edilmiş Konstitusiya, sözün əsl mənasında, ölkənin Əsas Qanununa çevrilərək dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı qanunvericilik və institusional islahatların əsası kimi çıxış edib. Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb.

Qeyd olunub ki, ölkədə demokratik quruluşun və hüquqi dövlətin sarsılmaz təməlini qoyan, hüquqi islahatların aparılmasına zəmin yaradan Azərbaycanın yeni Əsas Qanunu humanizm və demokratiya prinsiplərini özündə ehtiva edərək dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli özül yaradıb. Konstitusiyada hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin ərazi bütövlüyünün qorunması, hakimiyyətlərin bölünməsi prinsipinə ciddi riayət olunması, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunması Azərbaycan dövlətinin ali məqsədi kimi bəyan edilib.

Sədr qeyd edib ki, Konstitusiyaya əsasən məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun Vətən müharibəsində Böyük Qələbəsi dövlətçiliyimizin tarixində daim xüsusi yer tutacaq. Şanlı Qələbə nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunmuş torpaqlarımızda bərpa edilib. İşğal altındakı torpaqların azad edilməsi və dövlətin ərazi bütövlüyünün təmin olunması həm də vətəndaşların konstitusion hüquqlarının bərpası və dövlətin əsasını bərqərar edib.

Fərhad Abdullayev bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə hər birimizi qürurlandırır, çalışdığımız sahə üzrə fəaliyyətimizdə daha əzmlə işləməyə ruhlandırır. Bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşərək düşmən üzərində şanlı Zəfərə doğru birgə addımlayaraq, işğaldan azad edilmiş torpaqlarımızda dövlət bayrağımızın ucaldılmasına və Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin bərpasına nail oldu.

Vurğulanıb ki, Əsas Qanunda təsbit edilmiş prinsiplərdən ən başlıcası olan ərazi bütövlüyü torpaqlarımızın işğaldan azad edilməsi ilə təmin olunub. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri Ermənistan tərəfi icra etməkdən boyun qaçırsa da, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində öz şücaəti ilə bu qətnamələrin icrasını təmin etdi.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası 30 ilə yaxın müddət ərzində öz suveren ərazilərinin Ermənistanın qanunsuz hərbi işğalından irəli gələn müxtəlif beynəlxalq hüquq pozuntuları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edib. Ermənistana qarşı beynəlxalq səviyyədə hüquqi məsuliyyət tədbirlərinin həyata keçirilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan vətəndaşlarının hüquqlarının Ermənistan tərəfindən davamlı şəkildə pozulduğunu və BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edilərək BMT-nin 1965-ci il tarixli "İrqi ayrı-seçkiliyin bütün formaların ləğv edilməsi haqqında" beynəlxalq konvensiya əsasında Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı uzun müddət ərzində etnik təmizləmə siyasətinin aparılmasını sübut edən faktlar təsbit olunub.

Vətən müharibəsində qazandığı şanlı Qələbə Konstitusiya Məhkəməsinin bütün kollektivini ruhlandırıb. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qazanılan tarixi Qələbə hər birimizi qürurlandırır, daha da məsuliyyətli çalışmağa sövq edir. Konstitusiya Məhkəməsi isə öz fəaliyyəti ilə gələcəkdə də Konstitusiyanın aliliyinin təmin edilməsi və Dövlət Başçısının Məhkəmə qarşısında müəyyən etdiyi vəzifələri daim yerinə yetirməyə çalışacaq.

Tədbirə yekun vuran Fərhad Abdullayev, həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hər zaman olduğu kimi, insan hüquq və azadlıqlarının qorunması, müstəqil Azərbaycanın Əsas Qanunu olan Konstitusiyanın müddəalarının müdafiəsi, müstəqil dövlətimizin möhkəmlənməsi, xalqımızın maddi, mənəvi rifahının daha da yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi fəaliyyətinə dəstək olacaq.

AZƏRTAC