Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin gəlirləri 10 589 701,9 min manat, xərcləri isə 12 789 674,6 min manat məbləğində təsdiq edilsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Sıra

№-si

Gəlir mənbələri

Gəlirlərin məbləği

(min manat)

2.1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlir (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

8 578 995,4

2.2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı  ödənişləri

5 283,6

2.3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlir

23 290,0

2.4.

Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlir

1 216 792,9

2.5.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar

765 340,0

 

Cəmi

10 589 701,9

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

 

Sıra

№-si

Xərc istiqamətləri

Xərclərin məbləği

(min manat)

3.1.

Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi

12 710 000,0

3.2.

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi

27 836,0

3.3.

“Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamında nəzərdə tutulan Dövlət Proqramının maliyyələşdirilməsi

17 850,0

3.4.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

33 988,6

 

Cəmi

12 789 674,6

4. “2022-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” təsdiq edilsin (əlavə olunur).

5. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 dekabr 2021-ci il

 

Azərbaycan Respublikası Prezidentinin

2021-ci il 23 dekabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir

2022-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti

1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (bundan sonra – Fond) vəsaitinin xərc istiqamətləri

1.1. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi;

1.2. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi;

1.3. “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamında nəzərdə tutulan Dövlət Proqramının maliyyələşdirilməsi.

2. Fondun 2022-ci il üçün investisiya siyasəti

2.1. Fondun investisiya siyasətinin məqsədi

2022-ci ildə Fond əsas kapitalın itirilməsi riskinin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirəcəkdir.

2.2. Fondun investisiya portfeli

2.2.1. İnvestisiya portfelinin proqnozlaşdırılan həcmi

2022-ci il üzrə Fondun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 42,3 milyard ABŞ dollarına bərabər götürülür.

2.2.2. İnvestisiya portfelinin valyuta tərkibi

Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. İnvestisiya portfelinin məcmu dəyərinin minimum 90 faizinin beynəlxalq kredit agentlikləri tərəfindən verilmiş kredit reytinqi “A” (Standard & Poor’s, Fitch) və ya “A2” (Moody’s) dərəcəsindən aşağı olmayan ölkələrin valyutalarında ifadə edilən aktivlərdə olması şərtilə Fondun investisiya portfelinin məcmu dəyərinin:

1. 65 faizi ABŞ dollarında ifadə olunan aktivlərə;

2. 20 faizi avroda ifadə olunan aktivlərə;

3. 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə;

4. qalan 10 faizi isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.

2.2.3. İnvestisiya portfelinin altportfelləri

Fondun investisiya portfeli aşağıdakı altportfellərdən ibarətdir:

1. borc öhdəlikləri və pul bazarları alətləri altportfeli (kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları istisna olmaqla) – aşağı uzaqlaşma intervalı maksimum 5 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 50 faizi;

2. səhm (pay) altportfeli – investisiya portfelinin məcmu dəyərinin maksimum 25 faizi (yuxarı uzaqlaşma intervalı maksimum 2 faiz olmaqla, 5 faizə qədəri səhmlərə və kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları, o cümlədən səhm (pay) üzrə müştərək investisiyalarda iştirak payları olmaqla);

3. daşınmaz əmlak altportfeli – yuxarı uzaqlaşma intervalı maksimum 2 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri (daşınmaz əmlaka və daşınmaz əmlak üzrə kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları və daşınmaz əmlak daxil olmaqla);

4. qızıl altportfeli – yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 15 faizə qədəri.

2.2.4. İnvestisiya portfelinin hədəf gəlirliliyi

1. Fondun borc öhdəlikləri və pul bazarları alətləri altportfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi müvafiq valyuta üzrə “ICE BofA Fixed Income Indices” əsas götürülür.

2. Səhm (pay) altportfelinin hədəf gəlirliliyi (bençmark) kimi “MSCI Stock Market Indexes” əsas götürülür.

3. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın (bundan sonra – Qaydalar) 4.2-ci bəndinə əsasən, qızıl altportfelinə hədəf gəlirliliyi (bençmark) tətbiq edilmir.

2.3. İnvestisiya portfelinin risklərinin idarə edilməsi üzrə tələblər

2.3.1. Faiz dərəcəsi riski

Fondun borc öhdəlikləri və pul bazarları alətləri altportfelinin faktiki ortaçəkili investisiya müddətini (durasiya) dünya bazarındakı cari vəziyyətdən asılı olaraq Fond müəyyən edir və bu müddət müvafiq bençmarkın ortaçəkili investisiya müddətindən artıq olmamalıdır.

2.3.2. Kredit riski

1. Depozitar banklar və bençmarka daxil olan dövlətlərin borc öhdəlikləri istisna olmaqla, bir maliyyə qurumunun və ya bir investisiya aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15 faizi həddində müəyyən edilir.

2. Fondun valyuta vəsaitinin yerləşdirildiyi investisiya aktivlərinin kredit reytinqi

Qaydaların 3.3-cü bəndinin səkkizinci yarımbəndində nəzərdə tutulmuş qeyri-investisiya reytinqinə malik borc öhdəlikləri və təsisatlardakı depozitlər üzrə 5 faizlik xüsusi çəkinin yuxarı həddinə dair tələblər Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulan tədbirlərin icrası məqsədilə həyata keçirilən investisiya qoyuluşları nəticəsində Fondun investisiya portfelinə daxil olan aktivlərə tətbiq edilmir.

2.3.3. Likvidlik üzrə tələblər

Fondun vəsaitinin likvidlik dərəcəsi Fondun büdcə xərcləri üzrə planlaşdırılan pul və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Fondun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan hissəsi yüksək likvidliyə malik qısamüddətli pul bazarları alətlərində saxlanılmalıdır. Bu vəsaitin göstərilən məbləğdən az olması halı 7 (yeddi) iş günündən çox davam etməməlidir.

2.3.4. Xarici menecerlər üzrə tələblər

1. Cəlb edilən xarici menecerin özünün və ya onun əsas təsisçisinin kredit reytinqi beynəlxalq kredit agentliklərinin (Standard & Poor's, Fitch və ya Moody's) investisiya dərəcəli kredit reytinqindən aşağı olmamalı və ya onun aktivlərin idarə edilməsində ən azı 5 il müsbət təcrübəsi, yaxud dəyəri 1 (bir) milyard ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsində səriştəsi olmalıdır.

2. Xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60 faizindən, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5 faizindən artıq olmamalıdır.

3. Fondun vəsaitinin idarə olunmasına cəlb edilən xarici menecerlərin səlahiyyətləri və idarəetməyə verilmə müddəti Fondla bu menecerlər arasında bağlanan sazişdə göstərilməlidir.

 

Azərbaycan Respublikası Prezidentinin

2021-ci il 23 dekabr tarixli Fərmanı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci ildə idarə edilməsi ilə bağlı

XƏRCLƏR SMETASI

Sıra

 №-si

Xərclər

Kod

Məbləğ

(manat)

 1.

Əməyin ödənişi

210000

15 348 440

 2.

Malların (işlərin və xidmətin) satın alınması

220000

15 241 745

2.1.

malların satın alınması

221000

305 151

2.2.

iş və xidmətlərin alınması

222000

13 634 375

2.3.

beynəlxalq təşkilatlara üzvlüklə bağlı ödənişlər

223000

652 219

2.4.

təmsilçilik və təşviqat xərcləri

224000

650 000

 3

Sosial ödənişlər

270000

60 750

 4.

Qeyri-maliyyə aktivləri                      

310000

3 337 665

 

Cəmi

 

33 988 600