AZƏRBAYCAN REGİONDA TƏHLÜKƏSİZ VƏ ETİBARLI ƏMƏKDAŞLIQ MÜHİTİ YARADIR
Siyasət

AZƏRBAYCAN REGİONDA TƏHLÜKƏSİZ VƏ ETİBARLI ƏMƏKDAŞLIQ MÜHİTİ YARADIR

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdıran ölkəmizə qarşı Ermənistanda səsləndirilən revanşist bəyanatlar, ilk növbədə, özləri üçün təhlükəlidir

"Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Ötən il sentyabr ayının 27-dən etibarən 44 gün davam etmiş Vətən müharibəsində Azərbaycanın dövlətçilik tarixində yeni və ən şanlı səhifələr yazıldı, erməni faşistləri üzərində parlaq qələbə qazanıldı. Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində 300-ə yaxın kənd, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğalçıdan təmizləndi, bununla bərabər, Ermənistan silahlı qüvvələrinin texnikasına, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Müzəffər Ordumuz daha sonra Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi əsl sahibinə qaytarmaqla, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.

Vətən müharibəsində biabırçı məğlubiyyətə uğrayan Ermənistan ötən il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən üzərinə götürdüyü kapitulyasiyanın tələb və şərtlərinə uyğun olaraq, tərəfimizdən bir güllə belə atılmadan, heç bir itki verilmədən işğal etdiyi ərazilərimizin qalan hissəsini - əvvəlcə Ağdam şəhəri və rayonun işğal altında qalan kəndlərini, növbəti mərhələdə isə ölkəmizin əzəli və əbədi torpaqları olan Kəlbəcər və Laçın rayonlarını əsl sahiblərinə - Azərbaycan xalqına qaytarmalı oldu.

Noyabrın 20-də xalqa müraciətində dövlət başçımız qeyd etdi ki, əgər silahlı qüvvələrimiz Ermənistan ordusunu döyüş meydanında məğlub etməsəydi, işğalçı öz xoşu ilə torpaqlarımızdan çıxmayacaqdı: "Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu qələbəni şərtləndirdi''.

Azərbaycanın əldə etdiyi inamlı qələbəsi sayəsində regionumuzda yeni reallıqlar formalaşdı. Belə ki, üçtərəfli bəyanatda öz əksini tapan ən əsas məsələlərdən biri də Azərbaycanı Naxçıvanla birləşdirən dəmir yolu və avtomobil yolunun təmin edilməsidir. Bu, olduqca vacib bir kommunikasiyadır və təkcə Azərbaycanın deyil, ümumilikdə Cənubi Qafqazın iqtisadi maraqlarının reallaşdırılması baxımından əhəmiyyətlidir. BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda çıxış etmiş Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər: "Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır".

Bəyanatda vurğulanan yol-nəqliyyat infrastrukturunun bərpası bu gün prioritet istiqamət kimi xüsusi diqqət çəkir. Bu, təsadüfi deyil. Çünki Cənubi Qafqaz regionunun nəqliyyat və iqtisadi əlaqələrinin yüksək səviyyədə qurulması bu yöndə siyasi, iqtisadi münasibətlərin möhkəmlənməsi üçün başlıca amillərdən biridir. Beləliklə, bölgəmizdə formalaşmış yeni reallıq fəal və səmərəli iqtisadi fəaliyyət üçün əsas yaradır və bir çox ölkələr üçün əhəmiyyətli iqtisadi faydalar vəd edir. Çünki birincisi, Cənubi Qafqaz strateji coğrafi mövqeyə malikdir. Səbəb region ölkələri - Azərbaycan, Gürcüstan və Ermənistanın Rusiya, İran və Türkiyə kimi böyük dövlətlərlə həmsərhəd olmasıdır. Ancaq Yerevanla Bakı arasında uzun illər davam etmiş müharibə vəziyyəti bölgədə ticarətə və iqtisadi inteqrasiyaya mənfi təsir göstərib. Və yalnız Azərbaycanın möhtəşəm Zəfəri həm bu mənzərəni, həmçinin bölgənin geosiyasi xəritəsini də dəyişib. Yerevanla Bakı nəqliyyat əlaqələrini açmağa, regional iqtisadi inteqrasiyaya rəsmən razılıq veriblər və Azərbaycan tərəfi üzərinə götürdüyü bütün öhdəlikləri tam yerinə yetirir.

Ermənistanla Azərbaycan arasındakı münaqişə həll olunub. Amma postmünaqişə dövründə sabitlik və təhlükəsizliklə bağlı çağırışlar hələ də qalmaqdadır. Eyni zamanda, indi artıq qeyd etdiyimiz kimi, regional iqtisadi inteqrasiya üçün yeni imkanlar da yaranır. Həm Ankara, həm də Moskva bu bölgədə nəqliyyat dəhlizlərinin açılması yolu ilə regional iqtisadi inteqrasiyaya dəstək verir. Bu mənada, Zəngəzur dəhlizi çox mühüm əhəmiyyət kəsb edən nəqliyyat marşrutudur. Bu layihədə iştirak edəcək bütün tərəflər ondan faydalanacaq. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan eksklavı olan Naxçıvan Muxtar Respublikası, Türkiyə isə birbaşa Azərbaycan və Mərkəzi Asiyanın digər türkdilli dövlətləri ilə birləşəcək.

Ermənistana gəlincə, bu layihədən Yerevan da faydalana bilər. Bu halda o, həm əsas siyasi-iqtisadi tərəfdaşı olan Rusiya, həm də İranla dəmir yolu əlaqəsi yaradacaq. Rusiya hər zaman Ermənistan üçün idxal və ixrac nöqteyi-nəzərdən aparıcı ölkə olub. Bu gün Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiya məsələsinin tam həllini tapmaması ciddi maneədir. Azərbaycan postmüharibə dövründə beynəlxalq birlik tərəfindən tanınan sərhədlərini bərpa etməklə məşğuldur. Belə bir vəziyyətdə regiondakı bütün aktorlar anlamalıdır ki, burada dayanıqlı sülhün açarı suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan sülh sazişi və həmin sazişdən irəli gələn vəzifələrin düzgün yerinə yetirilməsidir.

Ölkəmiz istər regional, istərsə də bölgədən kənardakı dövlətlərlə əməkdaşlığı genişləndirməyə çalışır. Qeyd etdiyimiz kimi, Türkiyə ilə Rusiya artıq Cənubi Qafqazda siyasi və hərbi iştiraklarını artırmağa başlayıblar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyun ayında Qarabağa səfəri və iyunun 15-i Şuşa Bəyannaməsinin imzalanması Ankara ilə Bakı arasında ikitərəfli əlaqələrə yeni stimulun verilməsi deməkdir. Bu bəyannamənin Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə münasibətlərin genişləndirilməsinə töhfə verəcəyini xüsusilə vurğulamaq lazımdır.

Şuşa Bəyannaməsinin ən vacib məqamlarından birini xüsusi qeyd etmək lazımdır. Belə ki, Azərbaycana hücum olarsa, yaxud belə təhdid yaranarsa, Türkiyə müttəfiqini qorumaq üçün münaqişəyə qoşulacaq. Bu mesaj təkcə revanşist ideyaları dəstəkləyən Ermənistana deyil, həm də regionda maraqları olan digər qüvvələrə ünvanlanıb. Bir sözlə, Şuşa Bəyannaməsi 2010-cu ildə imzalanmış Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Sazişindən sonra ən vacib sənəd olmaqla yanaşı, regionumuzda yeni geosiyasi və iqtisadi reallıqların təşəkkül tapmasında böyük əhəmiyyət kəsb edir.

Qərb ölkələrinə gəlincə isə, deməliyik ki, "qoca" qitə və ABŞ regional iqtisadi əməkdaşlıqda və sabitliyin təmin edilməsində daha fəal rol oynaya bilər. Bunun üçün onun geniş imkanları var. Məsələn, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması regional dialoqun, əməkdaşlığın və tərəfdaşlığın genişləndirilməsi ilə bağlı platformanın əsasını qoya bilər. Odur ki, Qərb regional iqtisadi inteqrasiyaya töhfə verəcək Zəngəzur dəhlizinin açılmasını da dəstəkləməlidir. Bu məqamda Vaşinqtonun Mərkəzi Asiyada "C5+1" adlı platforma yaratdığını qeyd etmək yerinə düşər. Bu platforma Mərkəzi Asiyada iqtisadi, enerji və ticarət əlaqələrinin genişləndirilməsi, ətraf mühit və sağlamlıqla bağlı problemlərin azaldılması, təhlükəsizliklə bağlı təhdidlərin birgə aradan qaldırılması, həmçinin üzv ölkələrin sosial, iqtisadi və siyasi həyatının bütün sahələrində qadınların iştirakının tam təmin edilməsinə töhfə vermək məqsədilə təsis olunub.

Dünyanın mühüm qlobal güclərindən biri olan Çin Cənubi Qafqazda yaranmış yeni reallıqlardan, Azərbaycanın təkid etdiyi infrastruktur layihələrin həyata keçirilməsindən faydalana bilər. Çünki Azərbaycan ÇXR-in təşəbbüsü olan "Bir kəmər, bir yol" layihəsini ilk gündən dəstəklədi və 44 günlük Vətən müharibəsindəki qələbəmiz bu layihənin gerçəkləşdirilməsini daha da cəlbedici etdi. Söhbət böyük həcmdə yüklərin Qərbdən Şərqə və əks istiqamətdə daşınması perspektivlərindən gedir.

Ancaq bütün bu fürsətlər fonunda biz Ermənistandan revanşizm yönümlü bəyanatların səsləndirilməsini müşahidə edirik. Əlbəttə, bu, ilk növbədə, Ermənistanın özü üçün təhlükəlidir. Bununla əlaqədar dövlət başçısı, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibəsində qətiyyətlə bildirmişdir: "Hər halda biz müharibəyə başlamayacağıq, əgər Ermənistan tərəfdə revanşist meyillər baş qaldırmasa. Əgər görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik. Bu, bizim legitim hüququmuzdur. Ancaq bu təhdid olmasa, bizim başqa fikrimiz yoxdur".

Bu isə o deməkdir ki, Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülh istəyən bütün qlobal güclər Ermənistanda revanşizm meyillərinin meydan sulamasına şərait yaratmamalı, bölgənin inkişafında məhz Azərbaycanın aparıcı rolunu qəbul etdikləri kimi, bu reallığın Ermənistan tərəfindən də qəbul olunmasına qarşı tərəfi məcbur etməlidirlər.

Emin QASIMOV,

"Respublika".