Azərbaycan regional haba çevrilir: Trans-Xəzər layihəsi
İQTİSADİYYAT

Azərbaycan regional haba çevrilir: Trans-Xəzər layihəsi

Son dövrlərdə yaşanan qlobal böhranlar fonunda nəqliyyat və enerji məsələsi gündəmdən düşmür. Yerləşdiyi əlverişli mövqe, eləcə də zəngin təbii sərvətləri Azərbaycanı nəzərəçarpacaq səviyyədə ön plana çıxarır. Ölkəmizin strateji baxımdan mühüm geosiyasi mövqedə, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, nəqliyyat sahəsinə böyük həcmli investisiyaların yatırılması ölkəmizdə irimiqyaslı nəqliyyat-infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradır. Ötən ilin sonlarında Qərb və dünyanın müxtəlif ölkələrinin başçıları ilə azərbaycanlı rəsmilərin arasında baş tutan ardıcıl təmaslar da buna işarə edir.

Bu müstəvidə ötən il dekabrın 14-də Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının Birinci Zirvə Görüşünün keçirilməsi isə xüsusilə diqqət çəkir. Prezident İlham Əliyev, Türkiyə Respublikasının dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və onun türkmənistanlı həmkarı Sərdar Berdiməhəmmədovun ilk dəfə baş tutan geniş tərkibdə görüşündə dövlətlərarası əməkdaşlığın inkişafına dair aktual məsələlər müzakirə edildi. Rusiyanın Ukraynaya hücumundan sonra dünyada yeni logistik xətlərə ehtiyac yaranması isə keçirilən görüşün əhəmiyyətini daha da artırır. Çünki geosiyasi reallıqlar fonunda sözügedən 3 ölkənin coğrafi yerləşmələri tranzit daşımaları üçün çox əlverişlidir. Quru və su sərhədlərinə malik olan dövlətlər öz səylərini birləşdirməklə və fəaliyyətlərini uzlaşdırmaqla Avropa ilə Asiya arasında nəhəng nəqliyyat habı formalaşdıra bilər. Bunun üçün Azərbaycandan keçən və optimal infrastrukturla Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə inteqrasiya olunan Trans-Xəzər marşrutunun reallaşması lazım gəlir.

Trans-Xəzər layihəsi çərçivəsində təbii qazın Türkmənbaşı limanından Xəzər dənizinin dibi ilə çəkiləcək 300 kilometrlik boru xətti vasitəsilə Səngəçal terminalına çatdırılması və illik həcmin 32 milyard kubmetr olması planlaşdırılır. Qazaxıstan və Özbəkistanın da layihədə iştirakı ilə Mərkəzi Asiya ölkələrindən illik təxminən 50 milyard kubmetr təbii qazın Avropaya nəqli həyata keçirilə bilər. Nəqliyyat marşrutu boyunca 60-a yaxın ölkə yerləşir. Bu baxımdan, nəqliyyat dəhlizi həm iştirakçı ölkələr, həm də digər dövlətlər üçün əhəmiyyətlidir. Bu marşrutla hərəkət edən blok qatarı yükləri orta hesabla 10-12 günə Çindən Avropaya çatdıracaq. Üstəlik, konteynerlərin Asiyadan qərbə ənənəvi okean yolu ilə göndərilməsi üçün 45-60 gün tələb olunursa, Azərbaycan üzərindən keçən marşrutla bu müddət təqribən 3 dəfə azalır.

Trans-Xəzər reallaşarsa, şübhəsiz ki, Azərbaycanın həm təchizatçı, həm də tranzit ölkə olaraq Avropanın enerji təminatındakı rolu daha da artacaq. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması ilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun genişlənmə potensialı da gündəmdədir. Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa yoldur. Bu baxımdan, Trans-Xəzər layihəsi Azərbaycanın siyasi və iqtisadi maraqlarına tam cavab verir. Digər tərəfdən, sözügedən marşrut digər Xəzəryanı dövlətlərin də nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.

Bununla belə, Trans-Xəzərin reallaşmasının qarşısında bəzi əngəllər var. Bu maneələr isə əsasən geosiyasi səbəblərdən qaynaqlanır. Avropa İttifaqına əks olaraq Rusiya və İran enerji bazarlarını qorumaq məqsədi ilə Xəzər akvatoriyasının çirklənməsi ehtimalını əsas gətirərək layihənin reallaşmasına etiraz edirlər. Lakin aydın məsələdir ki, Avropanın enerji təhlükəsizliyində alternativ marşrutlarından biri hesab edilən Trans-Xəzər qaz kəməri layihəsi Orta Asiyanın nəhəng təbii qaz ehtiyatlarını Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji bazarlarına nəql etmək məqsədi daşıyır. Türkmənistanın böyük həcmdə təbii qaz nəql etməsi isə Avropa enerji bazarında aparıcı təchizatçıların, əsasən də Rusiyanın mövqelərini zəiflədə bilər. Bu isə Orta Asiya və Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirmək deməkdir. Buna görə də, Kreml rəsmiləri bu layihəni Qərbin siyasi layihəsi adlandırır, onu Qərbin Xəzər regionuna müdaxiləsi kimi qiymətləndirir. Görünən odur ki, indiki halda siyasiləşən Trans-Xəzər layihəsinin həyata keçirilməsi üçün geosiyasi konsensus tələb olunur.

Prezident İlham Əliyev də yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Trans-Xəzər qaz kəməri ilə bağlı Azərbaycanın mövqeyinə dair sualı cavablandırarkən bildirib: "Trans-Xəzər qaz kəməri mövzusu uzun illərdir ki, siyasiləşdirilir. Mən bunun əleyhinəyəm. Çünki mən həmişə real layihələr üzərində işin aparılmasının tərəfdarı olmuşam". Dövlətimizin başçısı qeyd edib ki, hələ bir çox açıq suallar var və onlara cavab veriləndən sonra bu layihə həyata keçirilə bilər.

Jalə QASIMZADƏ,

"Respublika".