Azərbaycan Qoşulmama Hərəkatının məqsəd və prinsiplərinə töhfələr verir
Siyasət

Azərbaycan Qoşulmama Hərəkatının məqsəd və prinsiplərinə töhfələr verir

Hər ötən il xalqlar, dövlətlər üçün müəyyən tarixi anlarla yaddaqalan olur. 2019-cu ildə bir ay ərzində iki beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməsi, həmin tədbirlərin yüksək səviyyədə təşkilinə nail olması Azərbaycan üçün, sözün həqiqi mənasında, tarixi hadisə idi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü və Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmiz üçün kifayət qədər əhəmiyyətli oldu. Bununla Azərbaycan Prezidenti beynəlxalq tribunadan həlli müşkülə çevrilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini bir daha bəyan etdi və işğalçı ölkənin iç üzünü üzv dövlətlərin hökumət başçılarının diqqətinə çatdırdı. Nəticə isə göz qabağındadır. Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində öz ərazi bütövlüyünü bərpa etdi, işğal olunmuş ərazilərimiz azadlığa qovuşdu.

Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Tamhüquqlu 120 üzvü olan Qoşulmama Hərəkatı 1961-ci ildə yaradılmış, Azərbaycan Respublikası isə 2011-ci il mayın 26-da Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil dəstəyini əldə edərək təşkilata tamhüquqlu üzv qəbul edilmişdir.

Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Azərbaycan bu təşkilatda olduğu qısa zamanda beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanmışdır.

Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Bu, ölkəmizə olan inamın və etimadın təzahürü idi, eyni zamanda dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndirilir.

Azərbaycanın bu quruma sədrlik etməsi müddətinin daha bir il uzadılması isə ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun artmasının göstəricisi kimi böyük əhəmiyyət kəsb edir.

Qeyd etməliyik ki, Azərbaycan 2005-ci ildən etibarən 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərir, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir. Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə tam ödənişli təqaüdlər verir.

Ümumiyyətlə, Azərbaycan Qoşulmama Hərəkatına üzv qəbul olunduğu gündən müxtəlif təşəbbüslərlə çıxış edir. Məlumdur ki, Azərbaycanda gənclər siyasəti prioritet sahə kimi müəyyən edilmişdir və ölkə gəncləri milli vətənpərvər ruhda tərbiyə alır. Bu prinsipi əsas tutan Azərbaycan Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Gənclər Sammitinin keçirilməsi təşəbbüsünü irəli sürmüş və onun təşkilinə nail olmuşdur.

2019-cu ilin sonlarından özünü büruzə verən COVID-19 pandemiyası qısa zamanda bütün dünyanı bürümüşdür və hazırda da davam etməkdədir. Azərbaycan hökuməti elə ilk günlərdən problemin ciddiliyini nəzərə alaraq əhalinin qorunması və pandemiyanın mənfi təsirinin minimuma endirilməsi məqsədilə mühüm və praktiki tədbirlər həyata keçirir. 2021-ci ilin yanvarından başlayan peyvəndləmə kampaniyası uğurla davam etdirilir. Müxtəlif yaş qrupları arasında mərhələlər üzrə aparılan kampaniyanın nəticəsinə əsasən, bu gün ölkədə hər 100 nəfərə istifadə edilmiş vaksin dozalarının həcmi 80 faizdən artıqdır.

Azərbaycan dövləti COVID-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə təqribən 2.7 miyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim etmişdir. Həmçinin düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanılıb və ölkəmizdə tətbiq olunmuş karantin rejimi tədricən yumşaldılıb. Pandemiya ilə mübarizə sahəsində Azərbaycanın səyləri beynəlxalq səviyyədə qəbul edilib. 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmışdır.

Sentyabrın 23-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində videoformatda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Azərbaycan bütün bu fəaliyyəti özünün maliyyə resusları hesabına həyata keçirib. Biz, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı etmişik. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərmişik".

Pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarı olan Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslər irəli sürüb. Belə ki, 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin COVID-19 ilə mübarizəyə həsr edilmiş Zirvə Toplantısını təşkil etmiş, həmin Zirvə Toplantısında Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsini təklif etmiş və həmin təşəbbüs BMT-yə üzv olan 150-dən artıq dövlət və BMT-nin baş katibi Antonio Quterreş tərəfindən dəstəklənmişdir. Sessiya 2020-ci il dekabrın 3-4 tarixlərində baş tutmuşdur.

Bütün dünyada insanlar arasında peyvəndləmə prosesinin başladığı ilk günlərdən ölkələr arasında onun ədalətsiz şəkildə paylanması Azərbaycan Prezidentini ciddi narahat edirdi. Azərbaycan peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı dəfələrlə narazılığını ifadə etmişdir. BMT-nin Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyev videoformatda çıxışında demişdir: "...Biz davam edən "peyvənd millətçiliyi" və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığımızı bir daha vurğulayırıq. Belə hərəkətlər inkişaf etməkdə olan ölkələrin öz əhalisini qorumasını əngəlləyir. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb. Aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır".

Bu məsələyə beynəlxalq diqqətin cəlb edilməsi məqsədilə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə bu ilin mart ayında yekdilliklə qəbul edilib. Cari sessiya çərçivəsində Azərbaycan BMT Baş Assambleyasında eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır. Azərbaycan Prezidenti çıxışının davamında fikrini belə tamamlamışdır: "...Hesab edirik ki, COVID-19-dan sonra daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımlara ehtiyac var. Bu mənada pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlanacaq. BMT-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək səviyyəli panelin yaradılmasını təklif edirik".

Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi dövründə öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində qurmuşdur. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür.

Azərbaycan Hərəkatın müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla onun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artmış, təşkilatın daxili prosedur və sənədlərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunmuşdu. Bütün bunların nəticəsidir ki, 2020-ci ildə 44 gün sürən Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı və o Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı. Ölkə başçısının dediyi kimi: "Ümid edirik ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik nəhayət, Cənubi Qafqazda bərqərar olunacaq. Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam edəcəkdir".

Zümrüd QURBANQIZI,

"Respublika".