AZƏRBAYCAN QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ MÜSTƏVİDƏ GÜCLƏNMƏSİNƏ MÜHÜM TÖHFƏLƏR VERİR
Siyasət

AZƏRBAYCAN QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ MÜSTƏVİDƏ GÜCLƏNMƏSİNƏ MÜHÜM TÖHFƏLƏR VERİR

Ölkəmizin bu təşkilata sədrlik etməsi onun nüfuzunu daha da yüksəltdi

Qoşulmama Hərəkatı (QH) ideyası 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransında formalaşıb.

Bandunq Konfransından 6 il sonra, 1-6 sentyabr 1961-ci il tarixlərində Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə baş tutmuş Zirvə görüşündə QH-nin institusional əsası qoyulmuşdur. QH hazırda 120 üzv dövləti, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir. QH-yə üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşləri QH-nin ən ali toplantısıdır. Sammitlər 3 ildən bir Baş Assambleyanın ümumi müzakirələrindən ən az bir ay əvvəl keçirilir.

Azərbaycan 2011-ci ildə QH-yə tamhüquqlu üzv qəbul edilib.

Hərəkata üzv olan dövlətlərin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdilliklə qərar qəbul olunmuşdur. BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və özündə 120 dövləti birləşdirən QH-yə üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi bu təşkilata üzv olan dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.

Azərbaycan Qoşulmama Hərəkatına 2019-cu ildən sədrlik edir. Belə ki, QH-nin dövlət və hökumət başçılarının 2019-cu il oktyabrın 25-26-da Bakıda keçirilmiş 18-ci Zirvə görüşü zamanı Azərbaycan QH-yə sədrliyi qəbul edib. Prosedura görə, Azərbaycanın sədrlik müddəti 2022-ci ildə bitməlidir, lakin QH-yə üzv dövlətlərinin yekdil istəyi ilə bu müddət 2023-cü ilə qədər uzadıldı.

Heç şübhəsiz, belə bir qərarın qəbul edilməsi Azərbaycanın və ölkəmizin dövlət başçısı cənab İlham Əliyevin qlobal nüfuzu ilə bağlıdır. Və təbii ki, bu nüfuz Prezident İlham Əliyevin Azərbaycanın Hərəkata sədrliyi dövründə həyata keçirdiyi siyasətin nəticəsində əldə olunub.

Artıq qeyd etdiyimiz kimi, Qoşulmama Hərəkatı özündə 120 dövləti birləşdirir və dünyada BMT-dən sonra ən böyük beynəlxalq təşkilatdır. Azərbaycanın bu qədər böyük və nüfuzlu təşkilata sədrlik etməsi, sədrlik müddətinin daha bir il uzadılması da ölkəmizin beynəlxalq nüfuzunun təcəssümüdür.

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyə başladıqdan sonra Hərəkatın dünyada önəminin, təsirinin gücləndirilməsi, Hərəkat üzvlərinin marağının, beynəlxalq hüququn və ədalətin müdafiəsi istiqamətində ciddi işlər həyata keçirib. Koronavirus pandemiyasının törətdiyi fəsadlara baxmayaraq, Azərbaycan vəziyyətə çevik və adekvat reaksiya verərək, sədrliyini müvəffəqiyyətlə həyata keçirdi.

COVID-19 pandemiyası bütün dünyada böhranlar və qlobal təlatümlər yaşatmaqla, beynəlxalq münasibətlərdə də ciddi risklərin meydana gəlməsinə səbəb oldu. Prezident cənab İlham Əliyev pandemiyaya qarşı qlobal mübarizənin liderləri sırasında dayandı. Azərbaycan lideri Qoşulmama Hərəkatının sədri kimi hərəkətə keçdi. Bu baxımdan pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin,  BMT İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölgüsünə dair qətnamə qəbul olunmasının, bunun Azərbaycanın və onun liderinin təşəbbüsləri ilə reallaşdırılmasının Qoşulmama Hərəkatının da imicinin möhkəmlənməsinə böyük töhfə verdiyini xüsusilə qeyd etməliyik.

Bununla bərabər, Azərbaycanın sədrliyi dövründə Hərəkatın beynəlxalq müstəvidə daha da güclənməsi istiqamətində böyük işlər görüldü, digər təşkilatlarla əməkdaşlığın qurulmasında mühüm addımlar atıldı. 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə mövzusunda keçirilmiş Sammitində tarixdə ilk dəfə olaraq Avropa İttifaqının yüksək rəsmilərinin çıxış etməsi bunun nümunəsidir. Azərbaycan bu təşəbbüslə bütün dünyanı bəşəri bəlaya qarşı birləşdirdi və QH-nin əlaqələrini genişləndirdi. Belə ki,  4 may 2020-ci il tarixində keçirilmiş QH-nin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü formatında iclası keçirildi,  3-4 dekabr 2020-ci il tarixlərində baş tutmuş BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə Xüsusi Sessiyası baş tutdu,  BMT-nin İnsan Hüquqları Şurası tərəfindən 22 mart 2021-ci il tarixində qəbul edilmiş pandemiyaya qarşı peyvəndlərin ədalətli və bərabər bölüşdürülməsinə dair qətnamə qəbul edildi,  Hərəkatın tarixində ilk dəfə olaraq Azərbaycan sədrliyinin təşəbbüsü ilə QH Modeli Beynəlxalq Simulyasiya Təliminin təşkil edilməsi reallaşdırıldı.

Bütün bunlar Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə həyata keçirilmiş mühüm və əhəmiyyətli proseslərdir.

Həmçinin qeyd etməliyik ki, Azərbaycanın qarşıdakı dövrdə də prioritetləri var və Prezident İlham Əliyev çıxışında bu məsələlərə də toxundu. Belə ki, QH-nin COVID-19-dan sonra qlobal bərpa üzrə yüksək səviyyəli BMT Panelinin yaradılması böyük önəm daşıyır. Bundan əlavə, Azərbaycan Prezidenti belə panelin yaradılmasının vacibliyini bu il sentyabrın 23-də BMT Baş Assambleyasında ümumi müzakirələr zamanı çıxışında da səsləndirib.  QH-nin təsisatlanması ideyası ilə bağlı məsləhətləşmələrin keçirilməsi də önəmlidir.

QH üzvlərinin parlamentariləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də QH-nin gənclər şəbəkəsinin formalaşdırılması da gündəmdədir.

Azərbaycan lideri QH-yə sədrliyi müddətində həm ölkəmizin, həm də Hərəkatın beynəlxalq nüfuzunu gücləndirir. İndiyə qədər həyata keçirdiyi işlər və bundan sonra həyata keçiriləcək prioritetlər bunu əyani surətdə təsdiq edir.

Dövlət başçısı cənab İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatının  60 illiyinə həsr edilmiş yüksək səviyyəli yubiley toplantısı keçirildi. Toplantı həm QH-nin fəaliyyətinin dəyərləndirilməsi, həm yeni prioritetlərin müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb edirdi. Azərbaycan Prezidentinin çıxışında bu məqamlar aydın şəkildə öz əksini tapdı.

Cənab İlham Əliyev öz çıxışında həmçinin dünyada beynəlxalq riyakarlıq və "ikili standartlar"ın mövcudluğuna toxunub. Dövlət başçısı xüsusilə vurğuladı ki, zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir. Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir. Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi. Haqlı olaraq qeyd edildi ki, beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir. Azərbaycan belə selektiv yanaşmaya məruz qalıb. Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi. 1992-ci ilin fevralında Xocalı soyqırımını törədərək yüzlərlə mülki şəxsi, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirdi. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq hüququ da daxil olmaqla, əsas insan hüquqlarını pozdu. Hərbi təcavüzə və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtina etməsinə baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoyulmadı. Bu, beynəlxalq riyakarlıqdan irəli gəlirdi. Azərbaycan Prezidenti bu məsələləri bir daha dilə gətirməklə dünya birliyini sülhün, ədalətin bərpası naminə riyakar mövqedən çəkinməyə, ədalətli davranışa səsləmiş oldu. Dünya xalqları bilməlidir ki, problemlərin kökündə beynəlxalq riyakarlıq, ədalətsiz yanaşmalar dayanır.

Bundan başqa, cənab Prezident Qoşulmama Hərəkatının tarixi, prinsipləri, aktuallığından, Azərbaycanın Hərəkata üzvlüyü və sədrliyindən bəhs etdi. Azərbaycan Prezidenti həmçinin Hərəkatın gələcək fəaliyyəti ilə bağlı bir sıra təşəbbüslərlə çıxış etdi.

QH-nin sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. QH-yə sədrlik Azərbaycana xüsusilə COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal rol oynamağa imkan yaradıb. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu.

Emin QASIMOV,

"Respublika".