AZƏRBAYCAN QOŞULMAMA HƏRƏKATINA YENİ NƏFƏS, DAHA BÖYÜK NÜFUZ VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ GƏTİRDİ
Siyasət

AZƏRBAYCAN QOŞULMAMA HƏRƏKATINA YENİ NƏFƏS, DAHA BÖYÜK NÜFUZ VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ GƏTİRDİ

Bakı forumunda QH-nin prioritetləri açıqlandı, bu da dünyada qlobal problemlərin artması fonunda hərəkatın yeri və rolunun ölkəmizin sədrliyi sayəsində daha da önəmli faktora çevrildiyini göstərir

Bakıda Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Bu hadisə 120 ölkəni öz sıralarında birləşdirən ən böyük beynəlxalq təşkilatlardan biri olan Qoşulmama Hərəkatının qlobal rolunun güclənməsinin göstəricisi idi. Dünya ictimaiyyəti Azərbaycan Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsləri Qoşulmama Hərəkatının Bakı sammitinin mühüm nəticələri kimi dəyərləndirir.

Xatırladaq ki, Qoşulmama Hərəkatına üzv ölkələr hərbi-siyasi bloklarda iştirak etməmək prinsipinə sadiqdir və dövlətlərin müstəqilliyi və bir-birinin işinə qarışmaması ideyasına əməl edir. Hərəkatın hazırkı sədrinin səylərinin səmərəliliyi bunu bir daha təsdiqlədi ki, bu da Azərbaycanın dünya ölkələri və xalqları arasında xüsusi əhəmiyyətini bir daha vurğulamış oldu.

Bakı sammiti beynəlxalq dialoq üçün cəlbedici platforma kimi Azərbaycanın növbəti parlaq təcəssümünə çevrildi. Məlum olduğu kimi, ölkəmiz 2011-ci ildə Qoşulmama Hərəkatının tamhüquqlu üzvü olub. Qısa müddət ərzində respublikamız özünü qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə və qarşılıqlı anlaşma mühitinin yaradılmasına real töhfə verməyə qadir bir üzv kimi təsdiq edərək dünyanın siyasi səhnəsində böyük inam və etibar, Hərəkat sıralarında isə sarsılmaz nüfuz və etimad qazanıb. Qeyd etmək lazımdır ki, 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinə Hərəkatın iştirakçısı olan ölkələrin mühüm dəstəyi olub. Və beş ildən sonra Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları yekdilliklə təşkilata sədrliyin Azərbaycana verilməsi barədə qərar qəbul edib.

2019-cu il oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısı keçirilib və Azərbaycan bu təşkilata sədrlik edib. Respublikamızın Qoşulmama Hərəkatının fəaliyyətində fəal iştirakda maraqlı olması, ilk növbədə, təşkilatın beynəlxalq hüquq normalarına, bütün iştirakçıların ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi prinsiplərinə sadiqliyi ilə bağlı idi. Hərəkatın bu mövqeyi Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının müdafiəsi ilə bağlı bir sıra sənədlərin qəbulu ilə dəfələrlə təsdiqlənib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Hərəkatın ölkəmizə verdiyi dəstəyi xüsusi qeyd etmək olar. Bu, xüsusən də müəyyən nüfuzlu güclərin Azərbaycan xalqının Vətən müharibəsinin dayandırılmasına yönəlmiş ermənipərəst qətnaməni BMT Təhlükəsizlik Şurasından keçirmək cəhdlərinə aiddir. Belə açıq-aşkar anti-Azərbaycan demarşlarına mane olan və ölkəmizin haqlı mübarizəsini dəstəkləyən böyük qlobal güclərlə yanaşı, həm də Qoşulmama Hərəkatı ölkələri oldu. Azərbaycan da öz növbəsində Qoşulmama Hərəkatına sədrlik vəzifələrini layiqincə yerinə yetirir. Bura beynəlxalq münasibətlər sistemində təşkilatın rolunun və nüfuzunun artırılması, planetimizdə sülh və təhlükəsizliyin, davamlı inkişafın möhkəmlənməsinə töhfə vermək kimi önəmli məsələlər daxildir. Azərbaycan Hərəkatın sədri kimi üzv ölkələrin ümumi mövqeyini əks etdirir, eləcə də BMT Təhlükəsizlik Şurasında konsolidasiyasını uğurla inkişaf etdirir.

Azərbaycanın sədrliyinin əsas mahiyyətini dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı prinsiplər aydın ifadə edirdi. Cənab Prezident qeyd etmişdir ki, biz hamımız öz müstəqil həyatımızı yaşamaq istəyirik. Heç birimiz istəmirik ki, kimsə bizdən nəsə tələb etsin, işimizə qarışsın, bizə diktə etsin. Bunun üçün biz güclü olmalıyıq. Biz ancaq birlikdə olsaq güclü ola bilərik. Biz beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmək üçün ümumi səylərimizi artırmalıyıq. Bu baxımdan, BMT-nin fəaliyyətində islahatlar çox vacibdir.

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın siyasəti koronavirus pandemiyası şəraitində də öz effektivliyini sübut etdi. Söhbət, ilk növbədə, 2020-ci ilin may ayında Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupunun COVID-19-a qarşı mübarizənin aparılması mövzusunda videoformatında keçirilmiş Zirvə toplantısında qəbul edilmiş qərarların icrasından gedir. Bu tədbir zamanı qlobal miqyasda koronavirus vaksinlərinin ədalətsiz və qeyri-bərabər paylanması probleminə xüsusi diqqət yetirilib. Bundan əlavə, bütün ölkələrin koronavirus peyvəndini vaxtında, bərabər və universal əldə etmək imkanı və hüququnu tələb edən Azərbaycanın səyləri sayəsində BMT Baş Assambleyasının COVID-19 ilə mübarizə üzrə xüsusi sessiyası keçirilib. Bu hadisə dünya ictimaiyyəti tərəfindən Qoşulmama Hərəkatının aktual qlobal təhdidlərə cavab olaraq çoxtərəfli əməkdaşlığın və qarşılıqlı fəaliyyətin gücləndirilməsinə mühüm töhfəsi kimi dəyərləndirilib.

Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakıda keçirilən sammiti əsasən pandemiyadan sonrakı bərpa məsələlərinə həsr olunmuşdur. Tədbirin təsirli miqyası ondan xəbər verir ki, orada 70-ə yaxın ölkənin nümayəndəsi iştirak edib. Çıxış edənlər qlobal iqtisadi tənəzzülün qarşısını almaq üçün birgə fəaliyyətin zəruriliyini bir daha təsdiq ediblər. Həmçinin, sammit iştirakçıları tərəfindən Qoşulmama Hərəkatının sədri Azərbaycanın Hərəkatın inkişafına göstərdiyi səylərə verilən yüksək dəyəri qeyd etmək lazımdır. Söhbət, xüsusilə Azərbaycanın koronavirus pandemiyası ilə mübarizədə 80-dən çox ölkəyə maliyyə yardımı ayırmasından gedir. Amma ən əsası, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünya miqyasında nüfuzu həqiqətən də artıb ki, bu da pandemiyadan sonrakı dövrdə dünya proseslərinə müsbət təsir göstərəcəyini vəd edir. Prezident cənab İlham Əliyevin Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakı sammitində çıxışı Azərbaycan gündəliyinin miqyasından xəbər verirdi.

İlk növbədə, Azərbaycanın Qoşulmama Hərəkatının institusional inkişafına güclü dəstəyi vurğulanmalıdır. Dövlət başçısı İlham Əliyev ilk iclası 2022-ci ilin iyununda Bakıda keçirilən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasını Azərbaycanın töhfəsi kimi qeyd etdi. Bakının bu cür təşəbbüsləri bir mühüm məsələni həyata keçirmək məqsədi daşıyır - Qoşulmama Hərəkatı "BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat" kimi gücləndirilməli, bu qurum beynəlxalq arenada daha effektiv rol oynamalı və yeni struktura çevrilməsində fəal iştirak etməlidir.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi tələbi də bundan irəli gəlir. Cənab Prezident bildirmişdir ki, BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasında konkret olaraq Qoşulmama Hərəkatına bir daimi yer verilməsinin, Hərəkatın sədri postunu tutan ölkənin bu yeri rotasiya əsasında tutmasının vacibliyini vurğulayıb. Azərbaycanın daha bir təklifi BMT Təhlükəsizlik Şurasında Afrika üçün daimi yerlərin ayrılması ilə bağlıdır.

BMT-də islahatların aparılmasında təkid edən Azərbaycan da öz acı təcrübəsindən çıxış edir. Axı otuz ilə yaxındır ki, Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını nəzərdə tutan Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmirdi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Zirvə toplantısındakı çıxışında xatırladıb ki, Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına özü nail olub. Dünyanın bəzi aparıcı ölkələrinin ədalətsiz siyasətinin nümunəsi kimi Azərbaycan dövlətinin başçısı BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan Fransanın mövqeyini göstərib. Cənab Prezident vurğulayıb ki, Qoşulmama Hərəkatı Komor Adaları İttifaqının hələ də Fransanın müstəmləkəçiliyi altında olan Mayotta adası üzərində şəksiz suverenliyini həmişə qəti şəkildə dəstəkləyib. Dövlət başçısı, həmçinin əlavə edib ki, Qoşulmama Hərəkatının təsis sənədlərində öz əksini tapdığı kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın xaricdəki icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Avropadan kənarda Fransanın idarə etdiyi ərazilər Fransa müstəmləkə imperiyasının çirkin qalıqlarıdır. Biz, həmçinin Fransanı müstəmləkəçilik keçmişinə və Afrika, Cənub-Şərqi Asiya və digər yerlərdə Qoşulmama Hərəkatına üzv ölkələrinə qarşı törətdiyi qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyəti qəbul etməyə çağırırıq.

Yeri gəlmişkən, Qoşulmama Hərəkatının Bakı sammitinin işində iştirak edən Yeni Kaledoniyanın müstəqilliyinə can atan Kanak Sosialist Milli Azadlıq Cəbhəsinin nümayəndəsi Mikael Forrest də Fransanın müstəmləkəçilik siyasətini pisləyib. O, Yeni Kaledoniyanın suverenliyinin bərpası üçün şərait yaradılmasının vacibliyini vurğulayıb.

Beləliklə, dayanıqlı və hərtərəfli inkişafının parlaq dövrünü yaşayan müstəqil və qüdrətli Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya aktoruna çevrilir, uğurlu sədrliyi sayəsində Qoşulmama Hərəkatının dünyanın ikinci ən böyük və nüfuzlu beynəlxalq təşkilatına çevrilməsi istiqamətində mühüm addımlar atır.

Emin QASIMOV,

"Respublika".