Azərbaycan qonşuları ilə qarşılıqlı anlaşma və əməkdaşlıq üzərində qurulan münasibətləri vacib sayır
Siyasət

Azərbaycan qonşuları ilə qarşılıqlı anlaşma və əməkdaşlıq üzərində qurulan münasibətləri vacib sayır

Azərbaycan xalqı və dövləti öz qonşuları ilə sülh, qarşılıqlı anlaşma və hörmət üzərində qurulan münasibətləri vacib sayır və bu istiqamətdə bütün sahələrdə əlaqələri inkişaf etdirmək yönündə xoş məram və əməli addımlar nümayiş etdirir. 2020-ci il Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın bölgədə sülh və əməkdaşlıq naminə qonşuları ilə siyasi, iqtisadi əlaqələrini inkişaf etdirmək istəyi göz önündədir. Lakin təəssüflər olsun ki, Azərbaycanın xoş niyyətləri hər zaman lazımi qiymətləndirilmir, bəzi dövlətlər və siyasi dairələr tərəfindən aqressiv münasibət, qeyri-konstruktiv mövqe və açıq düşmənçilik meyilləri ilə qarşılanır. Bu təəssüf doğurucu hal qonşu İran dövləti ilə bağlı xüsusi xarakter daşıyır və haqlı narahatlıq doğurur.

İran-Azərbaycan münasibətlərində narahatlıq yaradan gərginlik Qarabağ müharibəsindən sonra formalaşan yeni qüvvələr balansı ilə başlayıb. Tehran mövqelərinin zəiflədiyini hiss etdi və bu, təhdid səviyyəsinə gətirib çıxardı. Azərbaycan-İsrail və Azərbaycan-Türkiyə arasında sıx əlaqələri Tehran özü üçün qəbuledilməz sayır. Bu gərginlik Qafqazda sülhün və sabitliyin nə qədər kövrək olduğunu bir daha göstərir. Bu yaxınlarda İranın Araz qırağında keçirilən hərbi təlimlərdən, ölkəmizə və dünyaya "Arazı keçərik" mesajı verərək, hər an hərbi müdaxiləyə hazır olduğunu bildirməsindən sonra artıq Azərbaycan-İran münasibətləri yeni mərhələyə qədəm qoyub. "İran, sənin cəsarətin varmı?" Bu sualı İranın Şərqi Azərbaycan vilayətindən olan azərbaycanlı fəal Alparslan Çöhrəqanlı "Instagram" səhifəsindən yaydığı videoda səsləndirib. O, Azərbaycan və İran arasında artan gərginlik fonunda Azərbaycanın ədalətli mövqeyini haqlı hesab edir.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə dünyanın müxtəlif yerlərində yaşayan İrandan olan azərbaycanlı fəallar Azərbaycana dəstək kampaniyasına başlayıblar. Onlar deyir ki, İranın daxilində fəallar və sadə xalq Azərbaycan və İran arasındakı gərginliyi narahatlıqla izləyir və ümid edirlər ki, iki ölkə siyasətçiləri gərginliyi yoluna qoyacaq. O da xatırlanır ki, İran tərəfi bu günlərdə Azərbaycan sərhədində hərbi təlimlər keçirib və İranın ali dini lideri Ayətulla Əli Xamneyiyə bağlı rəsmi şəxslər "Twitter"də Azərbaycanın əleyhinə bəyanatlar yayıb. Təəssüflər olsun ki, Azərbaycanın Qarabağ dərdi həllini tapana qədər, habelə tarixi ədalət öz yerini alandan sonra da İran dövlətinin münaqişə və müharibənin səbəbkarı olan Ermənistana münasibəti birmənalı şəkildə himayədarlıq xarakteri daşımışdır. Ermənilərin dünyada hər zaman xristian təəssübkeşliyindən yararlandığı məlum həqiqətdir, lakin müsəlman İranın Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistana hərtərəfli dəstəyi müsəlmanlar, xalqımız tərəfindən qınanılır. Uzun illər ərzində əsl qardaş və dost kimi İslam həmrəyliyi mövqeyindən çıxış edərək təcavüzkar Ermənistanla siyasi, diplomatik əlaqələr qurmayan, səfirliyini açmayan, beynəlxalq təşkilatlarda işğalı pisləyən bəyanatlarla çıxış edən müsəlman ölkələrindən fərqli olaraq İİR Ermənistanla bütün sahələrdə əməkdaşlığı daha da dərinləşdirmişdir.

İran hakimiyyəti Azərbaycan cəmiyyətinə özünü yaxşı tərəfdən tanıda bilməyib. Münasibətləri gərginləşdirən birmənalı olaraq bu ölkənin rəhbərliyi, hökumətidir. Heç uzağa getməyək, son iki ildə Tehranın Azərbaycana qarşı fəaliyyətini xatırlamaq kifayət edər. Çünki bir hakimiyyətin, dövlətin Ermənistana münasibəti, onunla əlaqəsi və başqa məsələlər Azərbaycanın dost və düşmənini ayırd etmək üçün meyardır. Ermənistan Azərbaycanla əldə edilən razılıqları yerinə yetirmədiyi, iki dövlət arasında sərhəd məsələsi müəyyən olunmadığı, 2020-ci il 10 noyabr bəyanatının müddəalarını rəsmi İrəvanın pozduğu halda, Tehran rəsmiləri regionla bağlı özləri üçün "qırmızı xətt" cızıb. İran rəsmiləri Ermənistana tez-tez səfərlər edir, Azərbaycanı qıcıqlandıran bəyanatlar verirlər. Hətta Azərbaycanın maraqlarına qarşı müxtəlif layihələrdən bəhs edilir. Hazırda Azərbaycan-Ermənistan sərhədi hələ ki, müəyyənləşməyib. Bu məsələ həll edilmədiyi halda, İran Qafan şəhərində Baş Konsulluq açır. Nəzərə almaq lazımdır ki, bu ərazi ilə bağlı məsələ tamamlanmayıb. Belə olan şəraitdə İran hakimiyyətinin konsulluq açması daha çox təxribat xarakteri daşıyır. Politoloqların təhlillərinə görə, İranın Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayətinin açıqlaması İranın geri çəkildiyinin göstəricisi kimi dəyərləndirilə bilər. Əli Əkbər Vilayətinin "Əgər bir gün Azərbaycan Respublikası xarici ölkə tərəfindən hücuma məruz qalsa, İran dəstək üçün Azərbaycan Respublikasının yanında olacaq. Son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yayırlar. Bu, İrana qarşı namərdcəsinə atılan böhtandır. İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur, xüsusən də eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan Respublikası xalqı gözümüzün işığıdır" deyərək açıqlama verməsini İranın mesajı kimi qəbul oluna bilər.

"Təəssüflə qeyd etmək istərdik ki, son dövrlərdə İranın bəzi rəsmi şəxslərinin, parlament üzvlərinin və güc strukturlarının nümayəndələrinin bir sıra açıqlamaları iki ölkə arasında gərginliyin artmasına səbəb olub". Bu fikri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. O deyib ki, Əli Əkbər Vilayətinin xalqlarımızın ortaq tarixi, dini, mədəni irsə və adət-ənənələrə malik olması və bütövlükdə Azərbaycan-İran əlaqələri barəsində səsləndirdiyi qeydlərini müsbət qiymətləndirir və təqdir edirik. Azərbaycan bu gərginliyin yaranmasının təşəbbüskarı olmayıb. Xüsusilə onu bildirmək istərdim ki, Azərbaycan sərhədləri yaxınlığında İran silahlı qüvvələrinin iki hərbi təlim keçirməsi ölkələrimiz arasında etimadın güclənməsinə xidmət etməyib, əksinə, bu etimada mənfi təsir göstərib. Azərbaycan bütün dövrlərdə qarşılıqlı hörmət və etimad əsasında İran ilə əlaqələrin inkişafında maraqlı olub və bu gün də bu, belədir.

Mustafa KAMAL,

"Respublika".