Azərbaycan Qış İdman Növləri Federasiyası yaradılıb
İdman

Azərbaycan Qış İdman Növləri Federasiyası yaradılıb

Yanvarın 31-də Azərbaycan Xizək İdman Növləri Federasiyasının ümumi yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək yığıncaq iştirakçılarını salamlayıb, tədbirin işinə uğurlar arzulayıb.

Azərbaycan Xizək İdman Növləri Federasiyasının prezidenti Rauf Xəlilov qurumun son illərdəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib.

Yığıncaqda federasiyanın adında və Nizamnaməsində dəyişikliklər edilib və qurum Azərbaycan Qış İdman Növləri Federasiyası adlandırılıb.

Sonra federasiya rəhbərliyinə seçkilər keçirilib. Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Qış İdman Növləri Federasiyasının yeni prezidenti seçilib.

Federasiyanın yeni prezidenti Fuad Nağıyev çıxış edərək göstərilən etimada görə təşəkkür edib və idmanın bu növünün ölkəmizdə inkişafı üçün səylə çalışacaqlarını bildirib.

Konfransda, həmçinin Florian Zenqstşmid federasiyanın vitse-prezidenti seçilib. Bundan başqa Elvira Zəkərayeva, Nasir Ferhadov, Tomas Eugen Tor Yensen, Daşqın Abbasov və Ruslan Behbudov federasiyanın İdarə Heyətinin üzvü seçiliblər.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Florian Zenqstşmid çıxış edərək qarşıda duran vəzifələrdən danışıblar.

AZƏRTAC