Azərbaycan qədim ənənələri yaşatmaqla müasir turizm infrastrukturu formalaşdırır
İQTİSADİYYAT

Azərbaycan qədim ənənələri yaşatmaqla müasir turizm infrastrukturu formalaşdırır

Ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə turizmin inkişafına xüsusi önəm verirdi. 1999-cu ildə ulu öndərin müvafiq Fərmanı əsasında qəbul edilmiş “Turizm haqqında” Qanun və 2002-ci ildə həyata vəsiqə almış “2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proqramı” sonrakı dövrlərdə ölkəmizdə turizm sektorunun inkişafına təkan verdi.

Qeyd edək ki, Azərbaycan çox nadir təbii, mədəni, milli, etnoqrafik obyektlər kompleksinə malikdir. Əlverişli coğrafi mövqeyi, doqquz iqlim qurşağı, flora və faunasının müxtəlifliyi və zənginliyi, dəniz sahilində yerləşməsi, mədəni-tarixi irsi, ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələri ölkəmizdə turizmin inkişafı üçün böyük imkanlar açır.

Azərbaycan turizm sahəsində zəngin təcrübəsi olan Türkiyə, Polşa, İtaliya, Gürcüstan, Ukrayna, Rumıniya, Belarus, Yunanıstan, Moldova, Qətər və digər ölkələrlə bu sahədə əməkdaşlığa dair sazişlər imzalayıb. Ölkəmizdə turizmin müxtəlif sahələrinin inkişafına, turizm sahəsində  çalışan kadrların hazırlanmasına təkan verəcək “2007-2016-cı illər üçün turizmin inkişafına dair Dövlət Proqramı” qəbul edilib. Bu Proqramın əsas məqsədi “Turizm haqqında” Qanunda, habelə digər müvafiq normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsi, ölkənin sosial-iqtisadi inkişafını təmin edən vasitələrdən biri kimi turizm sərvətlərindən səmərəli istifadə olunmasını, turizmin ölkə iqtisadiyyatının öncül istiqamətlərindən biri kimi tanınmasını  və bu sahənin səmərəliliyinin artırılmasını təmin etməkdir.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev ölkəmizdə turizmin  inkişafını vacib istiqamətlərdən biri kimi diqqətdə saxlayır.  Dövlət başçısının diqqəti  nəticəsində ölkə turizminin inkişafı istiqamətində ötən illər ərzində bir sıra mühüm addımlar atılıb. Müvafiq infrastruktur yaradılıb, bazarın bu və ya digər iştirakçılarının fəaliyyəti üzrə, eləcə də xarici vətəndaşların ölkəyə daxil olması istiqamətində vacib qərarlar qəbul edilib.

2016-cı ilin sonunda dövlət başçısının Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunan məqsəd və vəzifələr müəyyən olunub. Burada əsas məqsəd, turizm sənayesinin effektiv fəaliyyətinin təmin olunmasıdır. Prezident İlham Əliyevin Sərəncamı ilə 20 aprel 2020-ci ildə Dövlət Turizm Agentliyi yaradılıb. Bununla da dövlət başçısı Azərbaycanın yeni turizm sənayesinin inkişaf etdirilməsinə cavabdeh olan mərkəzi icra hakimiyyəti orqanının əsası qoyulub.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev mətbuata açıqlamasında demişdir: “Son illərdə Azərbaycan öz qapılarını ziyarətçilər üçün tam açıb və indi qarşıya qoyulmuş məqsədlərə çatmaq, ən əsası isə ölkəyə turist axınını artırmaq zamanıdır. Ən önəmli məsələlərdən biri də turistlərin məmnunluğunu artırmaq, onların ölkəyə yenidən qayıtmasına imkan yaratmaqdır. Turisti ölkəyə cəlb etmək kifayət deyil, onun gözləntilərini qarşılamaq və yenidən ölkəyə səfər etməsini təmin etməkdir”.

Azərbaycan turizmin ən qədim ənənələri ilə zəngin olan bir ölkədir. Bu gün Azərbaycan dünya mədəniyyətinin ən gözəl incilərini, tarixi arxeoloji abidələri, arxitektura nümunələrini, milli adət-ənənələri və mədəniyyətləri özündə birləşdirən unikal bir turizm ölkəsidir.

Azərbaycanın bir çox turizm növləri üzrə potensialı vardır və həmin potensialın reallaşdırılması üçün dövlətin, eləcə də özəl sektorun davamlı dəstəyi vacib faktorlardandır. Bir faktı qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən, 2,4 milyon və ya 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Turizmin inkişafına sadəcə səyahətə çıxanların sayının artması kimi baxmaq olmaz. Turizm sənayesində və yaxud beynəlxalq turizm sistemində mehmanxana təsərrüfatı əsas yerlərdən birini tutur. Mübaliğəsiz qeyd etmək olar ki, bir çox hallarda turist axınının qədəri məhz turizm sənayesinin bu bölməsinin həcmindən asılıdır. Məsələn, birdən-birə Məkkəni milyonlarla adamın ziyarəti yüzlərlə, minlərlə mehmanxananın mövcud olmasını tələb edir. Beləliklə, mehmanxana təsərrüfatı turizmin iqtisadi təhlilində də mərkəzi yer tutur.

Aydındır ki, turistlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş mehmanxanalar hər halda bir çox xüsusiyyətlərinə görə fərqlənirlər. Məsələn, turistlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş mehmanxanalar, turist bazarları, pansionatlar, motellər öz rahatlığına, neçə nəfər yerləşdirilməsinə, mənfəət şəraitinə, dizayn quruluşu və bu kimi keyfiyyətlərinə görə fərqlənir. Bütün bu kimi cəhətlərinə görə bu mehmanxanalar 5 kateqoriyaya bölünür və yaxud 5 ulduzlu olur. Motel adlanan tikililər 4 ulduzlu, turist bazaları, müəyyən ümumi yaşayış yerləri 3 dərəcəyə bölünür.

Uzun müddət mehmanxana biznesi sahəsində ənənəvi təcrübəsi olan İsveçrədə 2600 mehmanxana birliyi fəaliyyət göstərir. Böyük Britaniyada mehmanxana təsərrüfatının təsnifatı birdən beşədək ulduz (tac) sisteminə əsaslanır. Burada mehmanxana, motellər, qonaq evləri və yaxud kənd evləri, kotteclər və digər mənzillər fərqləndirilir və hər cür xidmətlər də  həmin sistemə uyğun həyata keçirilir.

Bakı şəhərində bir çox mehmanxana və istirahət zonaları fəaliyyət göstərir. Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, ölkəmizin də turizm sektoruna təsirsiz ötüşməmiş, 2020-ci ilin mart ayından başlayaraq bu sahədə ciddi tənəzzül davam etmişdir.

Koronavirus infeksiyasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində geriləmə qeydə alınmışdır. 2020-ci ildə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 3,3  dəfə azalaraq 999,8 min olmuşdur.

18 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “İntercontinental” otelin açılışında iştirak edib.

Əvvəlcə bu ərazidə “Cənub” mehmanxanası yerləşirdi. İndi onun yerində gözoxşayan memarlıq üslubunda 7 mərtəbəli “İntercontinental” otel inşa olunub. Bu gün dünyada pandemiyanın davam etməsinə, iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm sosial-iqtisadi infrastruktur layihələrinin icrası uğurla davam edir. Müasir səviyyədə inşa olunan otelin istifadəyə verilməsi bunun daha bir təzahürüdür.

Ölkəmizdə turizmin böyük gələcəyinin olduğunu daim vurğulayan dövlətimizin başçısı hələ neçə illər bundan əvvəl Azərbaycanda ən müasir otellərin, o cümlədən məşhur dünya brendlərinə aid mehmanxanaların inşasının vacibliyini qeyd edirdi. Həyat Prezident İlham Əliyevin uzaqgörənliyini bir daha təsdiqlədi. Pandemiyadan əvvəlki son illərdə Azərbaycanda turizmin inkişafı böyük vüsət aldı. Lakin dünyada olduğu kimi, COVİD-19 virusunun sürətlə yayılması ölkəmizdə də turizmin inkişafına ciddi maneə yaratdı. İndiki şəraitdə yeni otellərin istifadəyə verilməsi Azərbaycanda uzaqgörən siyasətin həyata keçirilməsinin bariz göstəricisidir. Ümumilikdə, müasir otellərin istifadəyə verilməsi bir neçə mühüm amili özündə ehtiva edir. Onlar turizm sektorunun inkişafına dəstək, otel biznesinin genişləndirilməsi, turistlərin rahatlığının təmin olunması və Bakının ümumi inkişafına verilən töhfədir.

Kamil İSMAYILOV,

“Respublika”.