Azərbaycan-Qazaxıstan mədəni əlaqələri inkişaf edir
Siyasət

Azərbaycan-Qazaxıstan mədəni əlaqələri inkişaf edir

Azərbaycan türkdilli dövlətlərlə hər zaman dostluq və qardaşlıq şəraitində münasibət qurmuşdur. İstər keçmiş sovetlər birliyində olsun, istərsə də indi. Münasibətlərin kökündə dostluqdan öncə eyni soya mənsub olmağımız dayanır. Son illər Mərkəzi Asiya ölkələri ilə də münasibətlərimiz xeyli inkişaf edib. Belə sıx, tarixi dostluq əlaqələrinə malik olduğumuz dövlətlərdən biri də Qazaxıstandır. Azərbaycan və qazax xalqları arasında tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Bu gün Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır və onlar ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində aktiv fəaliyyət göstərir, ictimai, siyasi həyatında yaxından  iştirak edirlər. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqust ayının 30-da qurulub. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü il mart ayında isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabr ayında isə ölkəmizin Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.

Dövlət başçılarının səmimi münasibətləri, son illər keçirilən yüksək səviyyəli səfərlər ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə, ikitərəfli əməkdaşlığın yüksəlməsinə xidmət edir. Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasında rəsmi səfərdə olub. Keçirilən səfərlər zamanı münasibətlər təkcə siyasi-iqtisadi sahələrə aid edilmir, həm də mədəniyyət baxımından oxşar, ortaq cəhətlərimiz çox olduğundan bu istiqamətdə də əlaqələr inkişaf etdirilir. İkitərəfli mədəni əlaqələr baxımından bir faktı da qeyd etmək yerinə düşər. Belə ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq  Yaradıcılıq İnkişafı Mərkəzi tikilir. Azərbaycan ictimaiyyəti və dövlət başçısı tərəfindən yüksək qiymətləndirilən bu addım xalqlarımızın dostluğunun və qardaşlığının rəmzinə çevriləcək.  Ümumiyyətlə, ölkələrimiz arasında istər siyasi müstəvidə, istərsə də xalqlarımızın bir-birinə münasibətində hər zaman bir doğmalıq olub. Azərbaycan-Qazaxıstan dostluq, qardaşlıq münasibətlərinin inkişafında təkanverici qüvvə isə ulu öndər Heydər Əliyev olmuşdur. Ümummilli lider hər zaman ölkələrimiz arasında münasibətlərin doğmalaşmasına çalışmışdır.

Qazaxıstanda Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş sənədli film çəkilmişdir. Jurnalist Asimə Nurbayevnanın çəkdiyi sənədli filmdə Qazaxıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərindən bəhs edilir. Hər iki ölkənin siyasi, dövlət və ictimai xadimlərinin ulu öndərlə bağlı xatirələri səslənir. Onu da qeyd edək ki, filmin çəkilişləri Astana, Aktau və Bakıda aparılıb.

 Ölkələrimiz arasında dostluq münasibətlərini nümayiş etdirən digər məqamlardan biri də Qazaxıstanda Heydər Əliyevin adını daşıyan küçənin açılmasıdır. Belə ki, aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi keçirilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev də iştirak etmişlər. Küçə Astananın yeni salınmış bir çox iaşə obyektlərinin yerləşdiyi ərazidədir. Küçənin yuxarı hissəsində isə botanika bağı yerləşir. Mərasimdə çıxışı zamanı ölkə başçımız İlham Əliyev demişdir:  “Kasım-Jomart Kemeleviç dedi ki, Heydər Əliyev qardaş qazax xalqına xüsusi münasibət və sevgi bəsləyirdi. Bu, həqiqətən belədir, mən bunun şahidiyəm. O, qazaxların ənənələrini, adətlərini yaxşı bilir, qazax xalqının mədəniyyətinə, onun çoxəsrlik tarixinə hörmət bəsləyir, qazaxlarla azərbaycanlıların qardaşlığını çox yüksək qiymətləndirirdi. O, Türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi”.

Yaxın günlərdə Azərbaycanda Qazaxıstan mədəniyyət günləri, Qazaxıstanda isə Azərbaycan mədəniyyət günləri keçiriləcək. Bu görüşlər xalqlarımızı daha da yaxınlaşdırmaqla yanaşı, həm də qədim köklərə malik mədəniyyətimizi daha da zənginləşdirir.

Dövlət başçısı İlham Əliyevin Qazaxıstan səfəri istər Azərbaycan,   istərsə də Qazaxıstan üçün  ikitərəfli münasibətlərin əhəmiyyətini artırır. Ölkə başçımızın səfəri çərçivəsində xüsusən humanitar sahədə əməkdaşlıq və Ali Dövlətlərarası Şuranın yaradılması barədə əldə edilmiş razılaşmalar Azərbaycan-Qazaxıstan münasibətlərinin daha sürətli inkişafına eyni zamanda, hər iki xalqın mənafeyinə xidmət edəcək.

Ramidə YAQUBQIZI,

“Respublika”.