Azərbaycan qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığa üstünlük verir
Digər xəbərlər

Azərbaycan qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığa üstünlük verir

Azərbaycan Respublikası yaxın regionda yerləşən bir çox ölkələrlə qarşılıqlı əməkdaşlıq edir. Türkiyə ilə yanaşı, Rumıniya, İsrail kimi böyük dövlətlərlə qarşılıqlı əlaqələr qurulmuşdur.

Azərbaycan-Rumıniya arasında münasibətlərin əsası hələ orta əsrlərdə qoyulub. Tarixin müxtəlif dövrlərində inkişaf edən bu münasibətlər hər iki ölkənin müstəqilliyə qovuşmasıyla yeni mərhələyə yüksəlib.

İki ölkənin iqtisadi münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Belə ki, elm, təhsil, əmək və sosial müdafiə, enerji, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə, mədəniyyət, turizm sahələrində Azərbaycan-Rumıniya əməkdaşlığı ildən-ilə genişlənir.

Azərbaycan müstəqilliyə qədəm qoyandan bəri Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. ARDNŞ Rumıniyada "SOCAR" brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsi açmışdır.

Dünya gündəmində aktual olan "yaşıl enerji" məsələsi Azərbaycan-Rumıniya əlaqələrində də əsas yer tutur. Buxarestdə 2022-ci ilin dekabrında "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Dövlət başçısı bu məsələyə toxunaraq deyib: "Yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Bu, çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir".

Regionda neft sahəsində öz sözünü deyən Azərbaycan digər ölkələrin də neft ehtiyacının böyük hissəsini qarşılayır. İsrail dövləti də bu siyahıya daxildir. İdxal etdiyi neftin 40 faizini ölkəmizdən alır. Dünyada mühüm siyasi-iqtisadi rol oynayan İsrail ilə Azərbaycan Respublikasının əlaqələri qarşılıqlı maraqlara söykənir və ikitərəfli xarakter daşıyır. Hər iki dövlət arasındakı münasibət dünyada və regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət edir. Həmçinin ordumuzun müasir silahlarla təchiz edilməsində İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır. Dünya miqyasında tanınan yəhudi lobbisi beynəlxalq müstəvidə Azərbaycanın maraqlarının təmin olunması üçün səy göstərir. Belə ki, İsraillə qurulan siyasi-iqtisadi münasibətlər Azərbaycana beynəlxalq arenada kömək edir. Münasibətlərin daha da yaxşılaşmasında isə azərbaycanlılarla yəhudilər arasında tarixən mövcud olan güclü  əlaqələrin də mühüm rolu var.

Azərbaycan Respublikası tarazlı xarici siyasətlə regionda sivil əməkdaşlıq, qarşılıqlı inam mühitinin yaranmasına, Rusiya, ABŞ, İran və Avropa dövlətlərinin regionda toqquşan maraqlarının optimal şəkildə yaxşılaşdırılmasına çalışmışdır. Prezident İlham Əliyev bildirib: "Biz imkan verməməliyik ki, Azərbaycan hansısa qüvvələrin, xarici dairələrin qarşıdurma arenasına çevrilsin. Mən bunu bir neçə dəfə bildirmişəm. Prezident vəzifəsinə gələndən dərhal sonra bildirmişəm, bu gün də demək istəyirəm ki, Azərbaycan başqa ölkələrin maraqlarının toqquşması yeri olmayacaqdır. Biz buna nail ola bilmişik, baxmayaraq ki, belə cəhdlər var və istisna olunmur ki, gələcəkdə də olacaqdır. Çünki bizim geosiyasi vəziyyətimiz, bizim apardığımız siyasət və ümumiyyətlə, bölgədəki mövqelərimiz, əlbəttə ki, Azərbaycana diqqəti və marağı cəlb edir. Biz elə etməliyik ki, Azərbaycan bundan sonra da onilliklər ərzində Azərbaycan xalqının iradəsi ilə idarə olunsun. Biz Azərbaycan xalqının iradəsi ilə dövlətçiliyimizin qurulmasına bundan sonra da öz səylərimizi qoyaq".

Beynəlxalq arenada görülən bu işlər Azərbaycanın nüfuzuna ciddi formada müsbət təsir göstərir.

Qardaş ölkə Türkiyə ilə əlaqələrimiz də sarsılmazdır. Tarixi dostluq, səmimi münasibətlər bu iki dövlət arasında daima inkişaf edib və edəcək. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir. Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir-birinin yanında olacaq, bir-birinin uğurlarına sevinəcək. Qarabağ münaşiqəsinin həll olunmasında qardaş ölkə Türkiyənin rolu danılmazdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışları və bizə dəstəyi unudulmazdır. Hazırda azad olunmuş torpaqların bərpa işlərində qardaş Türkiyənin rolu yüksəkdir. Azad olunmuş torpaqlarda Türkiyə şirkətləri yorulmadan çalışır və onların səyi nəticəsində  bu bölgələrdə yollar salınır, dəmir yolları çəkilir, tuneller tikilir, infrastruktur layihələr gerçəkləşir.

Fevralın 6-da qardaş ölkədə baş verən hadisə hamımızı sarsıtdı. İlk növbədə 7.4, bir neçə saat sonra isə 7.7 bal gücündə olan zəlzələdə çox sayda bina çökdü və insanlar dağıntılar altında çarəsiz qaldı. Hadisə ilə bağlı ilk məlumatlar paylaşılan andan Azərbaycan öz dəstəyini Türkiyədən əsirgəmədi. Bu, Türkiyə-Azərbaycan qardaşlığına daha bir nümunədir.

Töhfə SƏMƏDOVA,

"Respublika".