Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankının kapitalın artırılması üzrə səylərini dəstəkləyəcək
Digər xəbərlər

Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankının kapitalın artırılması üzrə səylərini dəstəkləyəcək

İyunun 23-də Bakıda maliyyə naziri, Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycan üzrə rəhbəri Samir Şərifovun sədrliyi ilə bankın Rəhbərlər Şurasının 24-cü illik toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası giriş sözü ilə açan maliyyə naziri, QDTİB-nin Azərbaycan üzrə rəhbəri, bankın Rəhbərlər Şurasının hazırkı sədri Samir Şərifov Qara Dəniz Ticarət və İnkişaf Bankının koronavirus pandemiyasının çətinliklərindən uğurla keçərək 2021-ci ildə kapitalını əhəmiyyətli dərəcədə artırdığını deyib, Azərbaycanın bankın inkişafında fəallıq göstərən ölkə kimi onun kapitalının artırılması üzrə səyləri dəstəkləməkdə davam edəcəyini qeyd edib.

Azərbaycanın regionun iqtisadi inkişafına göstərdiyi səylərə sadiq qaldığını vurğulayan S.Şərifov regionda baş verən münaqişələrin yaratdığı çətinliklərə də toxunub. Bildirib ki, sözügedən müharibənin mənfi təsirlərini ən çox region ölkələri hiss edir: "Baş verən hadisələr logistika, əsasən də ərzaq məhsullarının daşınması ilə bağlı problemlər yaradıb. Hər iki ölkənin mühüm taxıl və bitki yağları istehsalçıları və təchizatçıları olması qiymətlərin artımına təsir göstərərək ümumilikdə qlobal ərzaq təhlükəsizliyini təhdid edir. Təəssüf ki, müharibə hələ bitməyib və geopolitik gərginliyin region üzrə nəticələri məlum deyil".

Nazir qeyd edib ki, beynəlxalq maliyyə institutları COVID-19 pandemiyası və müharibə ilə bağlı bütün çətinlikləri qiymətləndirməlidir. Bütün dünya, o cümlədən ölkəmiz qlobal inflyasiya təzyiqləri ilə üzləşib. Azərbaycan hökuməti dövlətimizin başçısının tapşırığı ilə müəyyən antiinflyasiya tədbirləri hazırlayıb həyata keçirir. Bu tədbirlər əsasən ölkəyə idxal olunan ərzaq məhsulları üzrə gömrük rüsumlarının və vergilərin aradan qaldırılmasıdır. Lazımi qərarlar qəbul edilir və onların icrasının nəticəsində qiymətlərdə bir qədər azalma baş verəcək.

İllik Toplantıda çıxış edən Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Dmitri Pankin isə vurğulayıb ki, hazırda Ukraynadakı müharibə səbəbindən dünyada vəziyyət dəyişib və bank indi öz rolunun nə olacağını və gələcək inkişafa necə töhfə verə biləcəyini müəyyənləşdirməlidir. Azərbaycanın QDTİB-in mühüm səhmdarı olduğunu vurğulayan D.Pankin əməkdaşlığın inkişafı üçün yeni imkanların nəzərdən keçirildiyini deyib. Onun sözlərinə görə, xüsusən də bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığın inkişafı üçün yeni imkanlar var.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Asəf Hacıyev çıxışında Qara Dəniz Ticarət və İnkişaf Bankını Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında iştiraka çağırıb.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ölkə üzrə nümayəndəliyinin rəhbəri Kamola Mahmudova Azərbaycanda həyata keçirdikləri layihələrdən bəhs edib, Gəncədə bərk məişət tullantılarının idarə olunması üzrə layihənin icrasına başlanıldığını deyib: "Bu il günəş və külək enerjisi sahəsində daha iki layihə işə salınacaq. Bank Azərbaycanda "yaşıl iqtisadiyyat"ı dəstəkləməkdə davam edəcək".

"Nordik İnvestisiya Bankı"nın baş katibi Heikiki Kantel isə təmsil etdiyi qurumun Azərbaycana birbaşa maliyyə dəstəyi göstərə biləcəyini söyləyib. Onun sözlərinə görə, "Nordik İnvestisiya Bankı" Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlıq edir və bu bank vasitəsilə Azərbaycanda layihələrin icrasına maliyyə dəstəyi göstərilir. Bu günədək "Nordik İnvestisiya Bankı" QDTİB-ə 1,5 milyon avro dəyərində kredit verib.

İllik Toplantıda müşahidəçi qismində iştirak edən Avropa İnvestisiya Bankının Cənubi Qafqaz üzrə Regional Ofisinin rəhbəri Matsey Çura, Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte və digərləri çıxışlarında Azərbaycanın bankın Rəhbərlər Şurasına sədrliyini yüksək qiymətləndiriblər, Qara dəniz regionu ölkələrinin inkişafı, ticarət və investisiya imkanlarının genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

İyun ayının 24-də isə İllik Toplantı çərçivəsində QDTİB, Azərbaycan Hökuməti, AZPROMO və regional biznes assosiasiyalarının iştirakı ilə "Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu" adlı biznes forum təşkil ediləcək.

Qeyd edək ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. Bank 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılıb. Bankın baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir. QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.

AZƏRTAC