Azərbaycan Prokurorluğu korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığı  uğurla davam etdirir
Digər xəbərlər

Azərbaycan Prokurorluğu korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığı  uğurla davam etdirir

Avstriyanın paytaxtı Vyanada BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının (UNCAC) icrası üzrə Nəzarət Qrupunun görüşü və Korrupsiyanın qarşısının alınması üzrə Açıq Hökumətlərarası İşçi Qrupunun 12-ci iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, BMT-nin nümayəndələrinin, ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya, Çin və UNCAC-a tərəf olan digər dövlətlərin təmsilçilərinin də qatıldıqları tədbirdə Azərbaycan Respublikasının nümayəndə heyəti qismində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları iştirak ediblər.

Tədbirdə “Korrupsiyaya qarşı mübarizə aparan qurumların səlahiyyətlərinin genişləndirilməsi”, “Rüşvətxorluğa qarşı mübarizədə əldə olunan müsbət təcrübə” və digər mövzularda geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan Prokurorluğunun nümayəndəsi tədbir iştirakçılarına COVİD-19 pandemiyası ilə əlaqədar törədilmiş hüquqpozmalar barədə müraciətlərə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində baxılması təcrübəsi, hüquqi şəxslərin cinayət məsuliyyəti institutunun tətbiqi vəziyyəti, eləcə də digər yeniliklər barədə də ətraflı məlumat verib.

AZƏRTAC