Azərbaycan Prokurorluğu: böyük tarixi ənənələrin və müasir yanaşmanın uğurlu vəhdəti
Digər xəbərlər

Azərbaycan Prokurorluğu: böyük tarixi ənənələrin və müasir yanaşmanın uğurlu vəhdəti

1 oktyabr Prokurorluq İşçilərinin Peşə Bayramı Günüdür

Qanunun aliliyini qətiyyətlə qoruyan prokurorluq orqanları Azərbaycan dövlətçiliyinin etibarlı dayaqlarından biridir. Yüksək peşəkarlıq, vəzifə borcuna sədaqət və şəxsi ləyaqət bu orqanlarda xidmət edən bütün əməkdaşlar üçün əsas dəyərlərdir. Azərbaycan prokurorluğuna gələn gənc kadrlar da bu orqanlarda çalışanların ən yaxşı peşə ənənələrini qorumağa və zənginləşdirməyə çalışır. Ölkə vətəndaşlarının qanuni hüquq və mənafelərinin müdafiəsində, dövlətçiliyin qorunmasında, cinayətkarlığa və korrupsiyaya qarşı səmərəli mübarizədə prokurorluq orqanları əməkdaşlarının yüksək peşəkarlığı, qətiyyətliliyi və əzmkarlığı mühüm əhəmiyyət kəsb edir. Prokurorluq vətəndaşların konstitusiya hüquq və azadlıqlarının real təminatı kimi dövlət və cəmiyyət həyatının bütün sahələrində qanunçuluğun bərqərar olmasında fəal rol oynayır. Prokurorluq haqqın, ədalətin keşikçisi kimi dövlətin adından çıxış etmək və cəmiyyətin mənafeyini qorumaqla böyük etimad qazanıb.

Ölkəmizin zəngin dövlətçilik ənənələri, tarixən formalaşmış milli-mənəvi dəyərləri, haqq və ədalət idealları vardır. Məhz bu amillər Azərbaycan xalqına ötən əsrin əvvəllərində müsəlman Şərqinin ilk demokratik respublikasını qurmaq imkanı vermişdir. Dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda belə mütərəqqi dövlət modelinin yaradılması xalqımızın dövlətçilik şüurunun və mədəni yüksəlişinin məntiqi nəticəsi idi.

Azərbaycan Xalq Cümhuriyyəti öz şərəfli missiyasını çox çətin vəziyyətdə, imkanlarının ən son həddində yerinə yetirərək, milli dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirməyə, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları qurmağa nail olmuşdur. Bu baxımdan qəbul edilmiş ən mühüm qərarlardan biri də məhz prokurorluq orqanlarının təsis edilməsi ilə bağlıdır.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluğun təsis edilməsi sonrakı tarixi mərhələlərdə milli prokurorluq orqanlarının fəaliyyəti, inkişafı və indiki beynəlxalq standartlara uyğun bir səviyyəyə çatdırılmasına mühüm zəmin yaratmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev məhz həmin tarixi hadisəni əsas tutmaqla milli prokurorluğun demokratik və hüquqi cəmiyyətdə rolunu nəzərə alaraq hər il 1 oktyabrın Azərbaycan Respublikasında Prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamışdır. Bu, prokurorluq işçilərinin məsul və şərəfli fəaliyyətinə dövlətimizin yüksək qiymət verməsinin, cəmiyyətin etimad və rəğbətinin bariz ifadəsidir.

Azərbaycan prokurorluğunun sovet dövrü, təbii ki, ittifaq dövlətinin bu orqan üçün müəyyənləşdirdiyi fəaliyyət prinsipləri ilə səciyyələnir. Bununla belə, sovet prokurorluğu sistemində də xalqımıza məxsus mənəvi-əxlaqi keyfiyyətlərə, milli dəyərlərə sadiq, savadlı və təcrübəli hüquqşünas kadrlar çalışmış, öz vəzifə borclarını namusla yerinə yetirmişlər. O dövrün kütləvi siyasi repressiyaları prokurorluq orqanlarının kadrlarından da yan keçməmiş, 1937-1938-ci illərdə Azərbaycanda "düşmən və cinayətkar ünsür kimi" 21 nəfər prokurorluq işçisi əsassız mühakimə edilmiş və cəzalandırılmışdır. Onların arasında respublikanın baş prokurorları, baş prokurorun müavini, rayon prokurorları olmuşdur.

Böyük Vətən müharibəsi illərində digər dövlət strukturları kimi, prokurorluq orqanlarının da işi hərbi vəziyyətə uyğun qurulmuş, respublikamızdan 70 prokuror və 163 müstəntiq səfərbər olunaraq cəhbəyə göndərilmiş, onlardan bir çoxu faşizmə qarşı döyüşlərdə həlak olmuş, böyük əksəriyyəti orden və medallarla təltif edilmişdir.

Sovet hakimiyyətinin 1970-80-ci illəri əhatə edən dövrü Azərbaycan prokurorluğu tarixinin ən şərəfli səhifələrindən birini təşkil edir. Həmin dövrdə respublikaya rəhbərlik edən ulu öndər Heydər Əliyev cəmiyyətdə haqq və ədalətin qalib gəlməsi uğrunda apardığı əzmkar mübarizəyə prokurorluq orqanlarını fəal şəkildə cəlb etməklə yanaşı, bu orqanların kadr potensialının sadə ailələrdən çıxan bilikli və istedadlı gənc hüquqşünaslarla möhkəmləndirilməsinə xüsusi diqqət və qayğı göstərmiş, belə gənclərin ali hüquqşünas təhsili alması üçün əlverişli şərait yaratmışdı.

Azərbaycan prokurorluğunun dövlət müstəqilliyimizin bərpasından sonrakı fəaliyyətinin ən mühüm xüsusiyyəti onun müstəqil dövlət təsisatı kimi formalaşması, öz funksiyalarını tamamilə yeni - siyasi plüralizm və bazar iqtisadiyyatı, insan və vətəndaş azadlığı prinsipləri əsasında qurulan hüquqi dövlətin, demokratik cəmiyyətin tələbləri ilə uzlaşdırması olmuşdur. Prokurorluq orqanları indiki səviyyədə formalaşanadək bəzən ciddi çətinliklərlə müşayiət olunan inkişaf yolu keçmişdir. Bütün hallarda bu orqanlardakı sağlam əqidəli, milli dövlətçiliyə sadiq vətənpərvər qüvvələr xalqımızın maraq və mənafelərini qorumuş, ictimai asayişin qorunmasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cinayətkarlığa qarşı mübarizə işinə öz layiqli töhfələrini verə bilmişlər. Azərbaycan prokurorluğunun hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, vahidlik və mərkəzləşdirmə, siyasi bitərəflik prinsipləri ilə fəaliyyət göstərməklə beynəlxalq standartlara və milli maraqlara uyğun dövlət təsisatı kimi formalaşması ulu öndər Heydər Əliyev və onun müdrik siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində mümkün olmuşdur.

Müstəqil dövlətimizin ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995-ci ildə qəbul olunmuş Əsas Qanununda - Konstitusiyasında prokurorluğun fəaliyyətinə dair 133-cü maddədə onun məhkəmə hakimiyyəti sistemində yeri müəyyən olunmuş, statusu, təşkili əsasları və fəaliyyət prinsipləri, səlahiyyətləri və vəzifələri təsbit edilmişdir. "Prokurorluq haqqında" Azərbaycan Respublikasının 1999-cu il tarixli qanunu qəbul olunmaqla prokurorluq sovetlər dönəminin məqsəd, vəzifə və funksiyalarından azad edilmiş, onun fəaliyyətinin demokratik prinsip, forma və metodları müəyyən olunmuş, sistemi və təşkili, kadr təminatı və işçilərin sosial müdafiəsi müasir beynəlxalq standartlara uyğun tənzimlənmişdir.

Sonrakı illərdə prokurorluğa etimad və inamın yüksəlməsinin nəticəsi olaraq prokurorluq orqanları qarşısında daha önəmli və mühüm vəzifələr qoyulmuş, Azərbaycan Prezidentinin siyasi iradəsinə uyğun olaraq dövlətin fəaliyyətinin ən prioritet istiqamətlərindən biri kimi müəyyən edilmiş korrupsiyaya qarşı mübarizə ilə bağlı cinayətlər üzrə ibtidai istintaq və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi işi bu dövlət təsisatına həvalə edilmiş, prokurorluğun fəaliyyətini tənzimləyən qanunvericiliyin daha da təkmilləşdirilməsi prosesi mütəmadi qaydada həyata keçirilmişdir.

Hüquq sisteminin inkişafında prokurorluğun rolunun gücləndirilməsi istiqamətində müntəzəm tədbirlər görülməklə, 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir.

Prokurorluq orqanlarına və prokurorluq işçilərinə böyük inam və etimadın, yüksək qayğının növbəti ifadəsi olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir. Prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət təsisatı səviyyəsində təkmilləşdirilməsində xüsusi əhəmiyyətə malik olmuş bu Dövlət Proqramının həyata keçirilməsi prokurorluğun hüquq sisteminin inkişafı prosesində rolunun artırılmasına, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsinə, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmasına, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılmasına, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsinə, beynəlxalq əlaqələrin genişləndirilməsinə, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılmasını təmin etmişdir.

Dövlətimizin başçısı cənab İlham Əliyev 2020-ci il mayın 1-də yeni təyin olunmuş Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən kadrların peşəkarlığının daim diqqət mərkəzində saxlanılmasının vacibliyini qeyd edərək demişdir: "Həm bu gün fəaliyyətdə olan kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməlidir, həm də prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilər yüksək peşəkarlığa malik olmalıdırlar, eyni zamanda, bu vacib amillə bərabər, dövlətçiliyə sədaqət prinsipləri də həmişə üstün olmalıdır".

Cənab Prezident qəbul zamanı prokurorluq orqanlarında islahatların dərinləşdirilməsinə və fəaliyyətin təkmilləşdirilməsinə dair bir sıra mühüm tapşırıqlar da vermişdir Həmin tapşırıqlardan irəli gələn vəzifələrin icrası məqsədilə 2020-ci il may ayının 12-də Baş Prokurorluqda videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirilmişdir. Əməliyyat müşavirəsində çıxış edən Baş prokuror Kamran Əliyev dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq hazırda ölkəmizdə yeni dövrün çağırışlarından irəli gələn tam və hərtərəfli islahatların reallaşdırıldığını, dövlət idarəçiliyinin bütün sferalarında mütərəqqi kompleks tədbirlərin həyata keçirildiyini bildirmişdir. Həmçinin, məhkəmə-hüquq sisteminin aparılan islahatların, keyfiyyətcə yenilənmə prosesinin prokurorluq orqanlarını da əhatə edərək onların fəaliyyətinin yeni dövrün tələblərinə uyğun şəkildə təşkilinin zəruriliyi, struktur dəyişikliklərinin və kadr islahatlarının həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.

Əminliklə deyə bilərik ki, Azərbaycan Prokurorluğu bundan sonra da dövlətimizin başçısının müdrik və uzaqgörən siyasətini tam dəstəkləyərək, öz fəaliyyətini müstəqil dövlətçilik prinsipləri və milli maraqlar əsasında, müasir dövrün standartlarına uyğun yeni keyfiyyət səviyyəsində qurmaq istiqamətində səylərini daha da artıracaq, prokurorluq işçiləri üzərlərinə düşən bütün vəzifələri yüksək məsuliyyət hissi ilə dərk etməklə, onların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nail olaraq cinayətkarlığın bütün təzahürlərinə, digər qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsi, təmin edilməsi naminə tam gücləri ilə işləyərək respublikamızın vüsətli inkişafına xidmət edəcəklər.

Qibləli KƏRİMOV,

Zəngilan rayon prokuroru.