Azərbaycan Prokurorluğu BMT-nin qurumları ilə əlaqələri genişləndirir
Digər xəbərlər

Azərbaycan Prokurorluğu BMT-nin qurumları ilə əlaqələri genişləndirir

Dekabrın 22-də BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin (BMTNCİ) Mərkəzi Asiya üzrə regional nümayəndəsi xanım Aşita Mittalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Baş Prokurorluqda görüş keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Prokurorluğun beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər, qurumun cinayətkarlığın müxtəlif təzahürlərinə qarşı mübarizə, ictimai maraqların qorunması, cinayət yolu ilə əldə olunmuş əmlakın bərpası və sair fəaliyyət istiqamətləri barədə məlumat verərək, bu sahədə uğurlu beynəlxalq təcrübədən geniş istifadə olunduğunu diqqətə çatdırıb.

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etməsi münasibətilə Azərbaycan tərəfini təbrik edən Aşita Mittal post-müharibə dövründə beynəlxalq əməkdaşlığın müxtəlif istiqamətlərində olduğu kimi, hüquqi sahədə də uğurların əldə olunacağına əminliyini ifadə edib.

BMT rəsmisi cari il dekabrın 13-17-də Misirin Şarm əl-Şeyx şəhərində keçirilmiş BMT-nin Korrupsiyaya qarşı mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin Konfransının 9-cu sessiyasında fəal iştirakına görə Baş prokuror Kamran Əliyevə minnətdarlığını bildirərək, qurumlar arasındakı əməkdaşlığın uğurla davam etdiriləcəyinə inamını bildirib.

Sonra BMTNCİ-nin Mərkəzi Asiya üzrə Regional Ofisi tərəfindən hazırlanmış 2022-2025-ci illər üçün Azərbaycan Respublikası və BMTNCİ arasında Əməkdaşlıq üzrə Yol Xəritəsinin layihəsində yer alan məsələlər ətrafında səmərəli müzakirələr aparılıb, müvafiq təkliflər səsləndirilib.

AZƏRTAC