Azərbaycan-Pakistan əlaqələri genişlənir
Siyasət

Azərbaycan-Pakistan əlaqələri genişlənir

Ölkələrimiz Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı əməkdaşlıqda maraqlıdırlar

2020-ci il Vətən müharibəsi rəsmi Bakıya ona dost ölkələri müəyyənləşdirmək üçün daha bir imkan yaratdı. Bu ölkələr arasında isə Pakistan və Türkiyə yenə də fərqləndilər. Belə ki, Azərbaycanın aldığı Türkiyə istehsalı olan zərbə tipli Pilotsuz Uçuş Aparatları (PUA) hərbi eskalasiyanın mərkəzində olan Qarabağ bölgəsində işğalçı erməni qüvvələrini məhv etməyə kömək etdi. Eyni zamanda, Pakistan Azərbaycanın ərazisi olaraq beynəlxalq səviyyədə tanınmış bölgəni müdafiə etmək mövqeyini açıq şəkildə ortaya qoydu. Yəni ölkəmiz hər iki dövlətin siyasi və mənəvi dəstəyini aldı.

Hələ 2020-ci il sentyabrın 27-dən, müharibə başlandığı dövrdən Pakistan dost və qardaş Türkiyə Respublikasından sonra Azərbaycana ən çox bu dəstəyini ifadə edən dövlətlərdən olub. Vətən müharibəsinin ilk günündə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilirdi: "Erməni silahlı qüvvələrinin sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutmasını qınayırıq və bu, növbəti təxribatdır. Bu, bütün bölgənin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı olan qətnamələrinə əsaslanan mövqeyini dəstəkləyirik".

Vətən müharibəsindən dərhal sonra Azərbaycanın işğaldan azad etdiyi ərazilərin bərpasına başlaması Qarabağ bölgəsini bir çox dövlətlər üçün iqtisadi maraq məkanına çevirib. Bununla belə, Azərbaycan Qarabağın dirçəldilməsində özünün daxili resursları ilə yanaşı, Vətən müharibəsində ona siyasi və mənəvi dəstəyini ifadə edən dost dövlətlərlə əməkdaşlıq etməkdə və həmin ölkələri işğaldan azad etdiyi ərazilərdə müxtəlif iqtisadi layihələrin reallaşmasında, bir sözlə, sərmayələrin cəlb edilməsində maraqlı olduğunu bəyan edib. Bu baxımdan, Azərbaycanın dost Pakistan dövləti ilə münasibətləri daha böyük əhəmiyyətə malikdir. Cənubi Asiya dövlətləri sırasında Azərbaycanın ən çox əlaqə qurduğu və qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Pakistan İslam Respublikası həm də Cənubi Asiyanın, İslam Şərqinin və İslam Əməkdaşlıq Təşkilatının ən fəal, nüfuzlu və hərbi-siyasi baxımdan güclü dövlətlərindən biridir. ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olan bu ölkə həm də dünya siyasətində önəmli rol oynamaqdadır. Dünyada nüvə silahına və qabaqcıl raket texnologiyasına malik olan yeganə müsəlman dövləti olan Pakistan Azərbaycanın Türkiyə ilə yanaşı mühüm strateji müttəfiqidir. İki ölkə arasında ikitərəfli və çoxtərəfli intensiv münasibətlər mövcuddur.

İndiyədək hər iki ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq, regional qurumlarda eyni mövqedən çıxış ediblər. Kəşmir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemlərinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər. Belə ki, 30 ildə Azərbaycan torpaqlarını işğal etdiyinə görə işğalçı Ermənistanla diplomatik münasibətlər qurmayan Pakistan müxtəlif tribunalardan işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb edib. Öz növbəsində, Azərbaycan da Kəşmir problemində İslamabadın mövqeyini daim dəstəkləyib və ölkəmizin iştirak etdiyi layihələrdə Pakistanın da təmsil olunması üçün ona hərtərəfli dəstək verib. Pakistanın Azərbaycan hərbçilərinin hazırlığında oynadığı rol və ölkəmizin maraqları naminə İslam dövlətlərinə təsir imkanları da vacib amildir.

Ümumiyyətlə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Pakistanla möhkəm təməllər üzərində qurulan siyasi əlaqələr daim inkişaf etdirilib və həmin münasibətlər bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Ölkələrimiz hərbi-siyasi və iqtisadi əlaqələri intensivləşdirmək və mövcud potensialdan daha səmərəli istifadə etmək üçün öz səylərini əsirgəmirlər.

Təbii ki, digər təşkilatlarla olduğu kimi, iki ölkə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində də iki və çoxtərəfli əməkdaşlığı davam etdirəcəklər. Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci il iyunun 15-də Şanxayda 6 ölkənin (Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) prezidentlərinin birgə görüşü zamanı yaradılmış və daimi əsaslarla fəaliyyət göstərən regional beynəlxalq birlikdir. Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Pakistan və Özbəkistan təşkilata üzv dövlətlərdir. Əfqanıstan, İran, Monqolustan və Belarus müşahidəçi statusuna malikdir, Azərbaycan, Türkiyə, Kamboca, Ermənistan və Şri-Lanka dialoq üzrə tərəfdaşdır.

2022-ci il sentyabrın 15-də Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilmişdir. Sammitdə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvətilə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak etmişdir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşündə dövlət başçısı İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində ilk dəfə iştirak etmək üçün dəvətə görə özbəkistanlı həmkarına təşəkkürünü bildirmişdir.

Qeyd edək ki, Sammitdə Azərbaycan Prezidenti bir sıra dövlət rəhbərləri, o cümlədən Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə də görüşüb. Görüşdə Prezident İlham Əliyev Azərbaycan-Pakistan əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib, ölkələrimizin daim bir-birinin yanında olduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini deyib, Pakistanın Ermənistanın Azərbaycana qarşı otuz illik işğalı dövründə bu dövlətlə diplomatik əlaqə qurmayan üç ölkədən biri olduğunu və bunun xalqımız tərəfindən yüksək dəyərləndirildiyini vurğulayıb. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, həmçinin Azərbaycan, Pakistan, Türkiyə üçtərəfli formatında sıx əməkdaşlıq etdiyini qeyd edib. Baş nazir Şahbaz Şərif bu görüşdən məmnun qaldığını deyib, Prezident Arif Alvinin salamlarını dövlətimizin başçısına çatdırıb. Azərbaycan Prezidenti isə öz növbəsində Pakistan Prezidentinə salamlarını çatdırmağı xahiş edib.

Dövlətimizin başçısı eyni zamanda vurğulayıb ki, Azərbaycan Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyir və Pakistanla həmrəydir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə kontakt qrupun üzvüdür.

Söhbət zamanı ölkələrimiz arasında nəqliyyat, logistika, kənd təsərrüfatı, energetika, investisiyaların təşviqi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb və aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilib.

Zümrüd QURBANQIZI,

"Respublika".