Azərbaycan özünün ən şərəfli və qürurlu günlərini yaşayır
Siyasət

Azərbaycan özünün ən şərəfli və qürurlu günlərini yaşayır

Qətiyyətli Ali Baş Ko­mandanın rəhbərliyi, vətənpərvər xalqın birliyi və qüdrətli Ordumuzun qəhrəmanlığı sayəsində düşmən tapdağında olan torpaqlarımızın azad olunmasından bir il ötür. Noyabrın 8-də Şuşanın, 9-da 70-dək kənd, 1 qəsəbə və yüksəkliklərin azad edilməsinin ardınca işğalçı Ermənistanın Prezi­dent İlham Əliyevin şərtlərini qəbul etməkdən başqa yolu qalmadı. Noyabrın 10-da Ermənistanın kapitulyasiya aktına imza atması ilə Azərbaycan Vətən müharibəsini Qələbə ilə başa vurdu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Ermənistanın məğlubiyyətini etiraf etdiyi günün ölkəmiz üçün tarixi bir gün oldu­ğunu, bununla da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğunu elan etdi.

Prezident İlham Əliyevin 3 de­kabr 2020-ci il tarixli sərəncamı ilə Zəfər Günü təsis edildi. Sərəncamda deyi­lir: “Azərbaycan xalqının əzm və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı”.

Hər bir müharibənin taleyini güclü ordu həll edir. Son 18 ildə ordunun peşəkarlığının for­malaşdırılmasına xüsusi diqqət yetirilmişdir. Ötən illər ərzində hərbi qulluqçuların xarici ölkələrdə təhsil almaları, hərbi biliklərinin və peşəkarlıqlarının artırılması daim diqqət mərkəzində olmuşdur. Ordu­nun müasir silah-sursatla təchiz edilməsinə xüsusi əhəmiyyət verilmişdir.

Məlumdur ki, dünyanın müva­fiq reytinq agentliklərinin sorğu­suna görə, Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasında yer tutmuşdur. Ərazi bütövlüyünün təmin edilməsində Azərbaycan Ordusu misilsiz fədakarlıq və qəhrəmanlıq nümayiş etdirdi. Döyüş meydanla­rında əldə edilmiş bütün zəfərlərin əsas qəhrəmanları Azərbaycan əsgəri və zabitləridir. Bu barədə Müzəffər Ali Baş Komandan İlham Əliyev demişdir: “Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpa­ğımızı düşməndən qarış-qarış azad edə-edə bu qələbəni, bu zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

 30 ilə yaxın bir müddət ərzində sülh danışıqlarını davam etdirməklə yanaşı, proble­min lazım gələrsə hərbi müstəvidə həllinə də səylə hazırlıq gedirdi. Prezident İlham Əliyevin daimi şəxsi nəzarəti altında ordu quruculuğuna xüsusi diqqət göstərilir, ildən-ilə hərbi xərclər artırılır, əsgər və zabitlərin, hərbi qulluqçuların sosial problemlərinin həlli istiqamətində xüsusi Dövlət proqramları həyata keçirilirdi. Azərbaycan lideri İlham Əliyevin “Biz torpağımızı heç kimə güzəştə getməyəcəyik”, “Sülh yolu ilə həll edilməsə, problemin hərbi yolla həlli qaçılmaz olacaq”, “Qara­bağ Azərbaycandır!” kimi qətiyyətli bəyanat və çağırışları Qarabağın Azərbaycan olduğuna heç kimdə şübhə yeri qoymurdu.

2016-cı ilin “Aprel döyüşləri” hərbi qüvvələrin nisbətini, ordu­muzun qələbə əzmini açıq-aşkar göstərsə də, Ermənistanın hərbi qüvvələri acı məğlubiyyətdən nəticə çıxarmadı. “Günnüt əməliyyatı” da onlara dərs olmadı. Hətta yeni tor­paqlar tutmaq həvəsinə düşdülər, Azərbaycana hədə-qorxu gəlməyə başladılar. Azərbaycan cəmiyyəti, silahlı qüvvələrimiz zəbt olunmuş torpaqlarımızı döyüş yolu ilə geri qaytarmaq əzmində olduqlarını qətiyyətlə göstərdilər.

 Ermənistan silahlı qüvvələri 2020-ci ilin iyulun 12-də atəşkəsi kobudcasına pozaraq Tovuz ra­yonu ərazisində təxribat törətdilər. Həmin ilin 27 sentyabrında isə Ermənistan ordusunun yeni ərazilərimizi işğal etmək niyyəti ilə ağır artilleriyanın, uzaqvuran topların gücündən istifadə edərək genişmiqyaslı hərbi əməliyyatlara başlaması Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün uğurlu “Dəmir yumruq” əməliyyatının başlamasına səbəb oldu. Azərbaycan Prezi­denti, Ali Baş Komandan xalqa müraciət edərək ermənilərin xaincəsinə hücumu və Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatı barədə xalqa məlumat verdi.

 Ali Baş Komandanın bilavasitə rəhbərliyi ilə Azərbaycan Ordusu inamla və yüksək peşəkarlıqla düşmənə layiqli dərs verərək onu geri oturtdu. 44 günlük müharibə dövründə elə bir gün olmamışdır ki, Azərbaycan Ordusu geri çəkilsin. Bütün bunlar ordu­muzun vətənpərvərliyini, müba­rizliyini və qəhrəmanlığını göstərən fərəh doğuran günlər və anlardır. Azərbaycan Ordusu 30 ilə yaxın idi davam edən erməni işğalına cəmi 44 gün ərzində son qoyaraq xalqımızın möhtəşəm qəhrəmanlıq salnaməsini yazdı.

44 gün ərzində sürən hərbi əməliyyatlar nəticəsində müa­sir və güclü Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qara­bağın tacı sayılan Şuşa şəhərini azad etdi. Həmçinin Ağdam, Kəlbəcər və Laçın rayonları hərbi əməliyyatlar aparılmadan və qan tökülmədən Azərbaycana qay­tarıldı. Ordumuz 5 şəhər və 4 qəsəbəni, 300-dən çox yaşayış məntəqəsini, çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi.

Bu gün əminliklə demək olar ki, ümummilli liderin qurub-yaratdığı müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə bundan sonra da inkişaf edərək müstəqil dövlət kimi yaşayacaq və torpaqlarımızın azad olunmasında əldə etdiyimiz şanlı qələbə, “Zəfər” Günü tariximizdə əbədi qalacaqdır. Gələcək nəsillər bu qürurverici tariximizi heç zaman unutmayacaq .

                                                                                                                                                                                   Əli SADIQOV,

                                                                                             “Respublika”.