Azərbaycan öz tarixi missiyasını şərəflə, ləyaqətlə yerinə yetirdi
Siyasət

Azərbaycan öz tarixi missiyasını şərəflə, ləyaqətlə yerinə yetirdi

Müstəqilliyinin bərpasının ilk illərində Azərbaycan yeni tarixinin çətin və mürəkkəb dövrünə qədəm qoymuşdu. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması, vətəndaşlarımızın doğma yurdlarından deportasiya edilməsi, soyqırımları, qırğınlar törədilməsi mövcud vəziyyəti daha da gərginləşdirmişdi. Həmin dövrlərdə ölkəmiz mənfur qonşusunun namərdliyi nəticəsində ərazilərinin 20 faizindən çoxunu itirmişdi. Lakin məğrur xalqımızın sabaha olan ümidləri, öz liderinə olan inamı sarsılmadı. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın işğaldan azad olunacağı günü səbirlə, təmkinlə gözlədi.

Birinci Qarabağ müharibəsi məğlubiyyətlə nəticələnmişdi. 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan beynəlxalq hüquq normalarına, konvensiyalara, nüfuzlu təşkilatların qərar və qətnamələrinə məhəl qoymayaraq qəsb etdiyi ərazilərimizdə talançılıqla, terrorla məşğul olurdu. Qədim yurd yerlərimizi dağıtmış, mədəni irsimizə, təbiətimizə qarşı misli görünməmiş vandallıq əməlləri həyata keçirmişdi. Şəhər və kəndlərimiz yer üzündən silinmiş, infrastruktur məhv edilmişdi. Qaçqın və məcburi köçkünlərimiz respublikamızın ayrı-ayrı bölgələrində məskunlaşmışdılar. Beləliklə, Azərbaycan torpaqları 30 il erməni əsirliyində qaldı. Lakin bu illər dövlətimizin öz gücünü, potensialını səfərbər etməsi, dayanıqlı iqtisadiyyatın təmin olunması, xalqımızın bir amal uğrunda mübarizə əzminin möhkəmlənməsi, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi üçün böyük zəmin yaratdı.

Eyni zamanda, beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması dövlətimizin həyata keçirdiyi xarici siyasətin prioriteti oldu. Həmin illərdə BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı ölkəmizin mövqeyinə uyğun, haqq-ədaləti dəstəkləyən qərar və qətnamələr qəbul etdilər.

Müstəqilliyinin bərpasından qısa müddət sonra milli ordusunu formalaşdıran, onun maddi-texniki bazasını möhkəmləndirən, əsgər və zabitlərinin döyüş qabiliyyətini artıran Azərbaycan dövləti gələcəyə hesablanmış siyasəti ilə ildən-ilə ölkə iqtisadiyyatının inkişafına və bunun fonunda bütün sahələrdə irəliləyişlərə, tərəqqiyə nail oldu. Ayrı-ayrı hakimiyyət hərislərinə xidmət edən silahlı qruplaşmalar ləğv edildi. Ali Baş Komandanın rəhbərliyi ilə ordu quruculuğu sürətləndi, körpə ikən elindən-obasından, doğma yurdundan didərgin salınan övladlarımız vətənpərvərlik ruhunda böyüdü, xalqımız vətən yolunda, ərazi bütövlüyümüz uğrunda birləşib bütövləşdi. Bu birlik, həmrəylik 2020-ci il 27 sentyabrda başlanmış 44 günlük Vətən müharibəsində özünün kulminasiya həddinə çatdı. Həmin dövrdə 30 il müddətində Azərbaycanla sərhəddə təxribatlar törətməkdən əl çəkməyən ermənilər bəlkə də ağıllarına belə gətirmədikləri əks-hücum əməliyyatı ilə üzləşdilər. Ali Baş Komandanından "İrəli!" əmrini alan qəhrəman ordumuz düşmənə aman vermədi. Döyüşün ilk günündə 6 kəndimizi düşməndən geri alan rəşadətli Azərbaycan Ordusu öz gücünü, hünərini göstərdi. İllər boyu işğal altında inləyən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Hadrut, Suqovuşan qəsəbələrini, 300-ə yaxın kəndi, Laçın və Kəlbəcərin bir hissəsini azad etdi. Şuşanın işğaldan azad olunması isə 44 günlük İkinci Qarabağ müharibəsində qalibiyyətimizi tamamladı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, cəsarəti, xalqımızın mübarizliyi, igid oğullarımızın rəşadəti Zəfər tariximizi yazdı. 30 illik işğala 44 gün ərzində son qoyuldu. Döyüş meydanında tab gətirə bilməyən düşmən silah-sursatını qoyub qaçdı. Ermənistan təslim oldu və kapitulyasiya aktı imzaladı. Təslimolma aktına əsasən Ağdam, Kəlbəcər, Laçın rayonları döyüş əməliyyatı aparılmadan öz sahibinə qaytarıldı. Azərbaycan öz tarixi missiyasını şərəflə, ləyaqətlə həyata keçirdi. Heç bir ölkədən, beynəlxalq təşkilatdan yardım almadan öz siyasi-iqtisadi gücü, qüdrəti ilə ərazi bütövlüyünü təmin etdi.

Cəmi 44 günə XXI əsrin müharibəsini aparan Azərbaycan azad etdiyi bütün ərazilərdə yenidən kəndlər, şəhərlər salır. Erməni vandalları tərəfindən məhv edilmiş mədəni irsimiz bərpa olunur. Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxış edərkən bu barədə demişdir: "Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq. Əlbəttə, əgər kimsə yardım etmək istəsə, biz etiraz etmərik. Ancaq heç kim bizə yardım etmir və etməyəcək. Güclü iqtisadiyyat ordu quruculuğunda əsas amillərdən biridir. Biz bunu etdik, yaratdıq və iqtisadi asılılığı tamamilə aradan qaldırdıq. Əgər biz kimdənsə iqtisadi cəhətdən asılı olsaydıq, müharibəni uğurla başa vura bilməzdik".

Bəli, dayanıqlı iqtisadiyyata, son nəsil silahlarla təchiz edilmiş orduya, ən əsası milli birliyə sahib olan Azərbaycan dövləti düşmənini kapitulyasiya aktı imzalamağa məcbur etdi. Ordusunda fərarilik baş alıb gedən, 10 mindən çox əsgəri fərari olan Ermənistan qəhrəman Azərbaycan əsgərinin şücaəti, mərdliyi, qorxmazlığı qarşısında öz əsgərini saxlaya bilmədi. Döyüş meydanından qaçan ermənilər məğlub oldular. Kapitulyasiya aktını imzalayarkən üzərinə bir sıra öhdəliklər götürən düşmən ölkə müharibədən iki il ötməsinə baxmayaraq, 2020-ci il 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatdan irəli gələn müddəaları yerinə yetirməkdən boyun qaçırır. Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan 5 baza prinsipi əsasında təklif etdiyi sülh müqaviləsini imzalamır, sərhədlərin delimitasiya və demarkasiya məsələlərini uzadır. Ölkə başçımızın qeyd etdiyi kimi: "Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır. Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Əlbəttə ki, biz hazırlıqlı olmalıyıq və biz hazırıq".

Bu gün müstəqilliyinin bərpasının ilk illərindən fərqli olaraq, dünyada güclü, qüdrətli, beşinci nəsil silahlarla silahlanmış orduya sahib olan Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini qoruyub saxlamaq, milli maraqlarını müdafiə etmək iqtidarında olan müstəqil dövlətdir. Noyabrın 8-də dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxış edərkən Azərbaycan Silahlı Qüvvələrində həm yeni birləşmələrin yaradıldığını, struktur islahatlarının aparıldığını, həm də ordumuzun maddi-texniki bazasının son texnologiyalarla təchiz olunduğunu bildirərək demişdir: "İndiki Azərbaycan Ordusu iki il bundan əvvəlki Azərbaycan Ordusundan daha güclüdür və bunu hər kəs bilməlidir, Ermənistan və hər kəs!".

İşğalçı ölkə Azərbaycanın gücünə də, qüdrətinə də təbii ki, bələddir. Lakin öz havadarlarına arxayın olub xalqını daha çətin və çıxılmaz vəziyyətə salan, böyük faciələrə düçar edən Ermənistan rəhbərliyi gec və ya tez Azərbaycan reallığını qəbul edəcək. Çünki onun bundan başqa çıxış yolu yoxdur. Əks təqdirdə, erməni xalqı yenə də öz havadarlarının qurbanına çevriləcək.

Mehparə ƏLİYEVA,

"Respublika".