Azərbaycan öz hədəflərinə doğru inamla irəliləyir
Siyasət

Azərbaycan öz hədəflərinə doğru inamla irəliləyir

Prezident İlham Əliyev MDB-nin iclasında qətiyyətli çıxışı ilə bunu bir daha sübut etdi

"...Azərbaycan xoş məram göstərərək Fransa Prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi. Avropa İttifaqı Şurası Prezidentinin iştirakına gəlincə, bildiyiniz kimi, Brüsseldə artıq bir neçə üçtərəfli görüş keçirilib və prinsipcə biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması işində Avropa İttifaqının səylərini həmişə dəstəkləmişik. Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi".

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında bildirib.

2022-ci il fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla ötən il dekabrın 14-də Brüsseldə keçirilmiş görüşün əhəmiyyəti vurğulanmışdır.

Həmin görüşdən sonra Fransa Prezidenti sosial şəbəkədə paylaşımında bildirmişdi ki, biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Fransa Prezidentinin fevralın 4-də keçirilən videoformatda görüşə ATƏT-in Minsk qrupunun həmsədri kimi deyil, Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi qatılması da artıq postmünaqişə dövrünün reallıqlarını qəbul etdiyinin təsdiqi idi. Sirr deyil ki, Fransa daim ermənipərəst mövqeyi, işğalçı Ermənistana dəstəyilə diqqətdə olan ölkədir. İstər 30 illik işğal dövründə, istərsə də Vətən müharibəsinin davam etdiyi günlərdə Fransanın yürütdüyü siyasətə, səsləndirdiyi bəyanatlara diqqət yetirsək daim özünə qarşı etimadsızlıq mühitini yaratdığını görərik.

Postmünaqişə dövrünün reallıqları fonunda keçirilən hər bir görüşün sonunda qəbul olunan sənədlər ədalətə və beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verən, ən əsası İkinci Qarabağ müharibəsi dövründə dünyaya bu məfhumların mövcudluğunu sübut edən Azərbaycanın sözünün nə qədər dəyərli olduğunu, irəli sürdüyü təşəbbüslərin böyük dəstək qazandığını özündə ehtiva edir. Azərbaycan Ermənistana təklif etdiyi sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlıdır.

Keçirilən görüşlərdə Azərbaycanın təşəbbüslərinin və təkliflərinin dəstəklənməsi, dəmir yolu xəttinin çəkilməsinə xüsusi diqqət göstərilməsi Prezident İlham Əliyevin siyasi iradəsinə, qətiyyətinə verilən dəyər kimi önə çəkilir. Görüşlərdə Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq siyasətinin yaratdığı acı nəticələrdən bəhs edən Prezident İlham Əliyevin söylədiyi faktların qarşısında Ermənistanın baş naziri Nikol Paşinyanın acizliyi dünya güclərinin də diqqətindən kənarda qalmır. Bu, bir daha sübut edir ki, Azərbaycan nəinki döyüş meydanında, eyni zamanda informasiya cəbhəsində, diplomatik müstəvidə də qalibdir.

Təbii ki, Fransa Prezidenti Emmanuel Makronun son açıqlamaları Azərbaycanda ciddi narazılığa səbəb oldu. Halbuki, oktyabrın 6-da Praqada “Avropa siyasi birliyi”  Zirvə Toplantısı çərçivəsində Aİ Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən dördtərəfli görüşdən sonra belə nəticə hasil olmuşdu ki, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi istiqamətində ciddi addımlar atılacaq. Xüsusilə, Prezident İlham Əliyevin MDB-nin Astana zirvə görüşündə dediyi kimi, Azərbaycan-Ermənistan sərhədi yaxınlığında Aİ-nin 50 nəfərdən ibarət mülki missiyasının 2 aydan bir az artıq müddətdə müşahidə aparacağı müsbət irəliləyiş idi. Lakin Fransa Prezidentinin son ermənipərəst açıqlamaları böyük təəssüf doğurdu.

Maraqlıdır ki, E.Makron Bakı ilə yanaşı, Moskvanı da hədəf seçib. O, iddia edir ki, Bakı Moskvanın ssenarisinə uyğun addımlar atır.

Azərbaycan Prezidenti İlham Əliyev Astanada Fransa Prezidentinin müsahibəsinə sərt cavab verdi: "Böyük ölkənin prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti şəkildə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük".

Narahatlıq doğuran digər bir məsələ də var. Belə ki, Fransa Senatında noyabr ayında təsdiqlənməsi nəzərdə tutulan Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır. Xatırladaq ki, Fransa Senatı 2020-ci ildə də qondarma Dağlıq Qarabağ respublikasının müstəqilliyini tanıyan qətnamə təqdim etmişdi.

Azərbaycan Prezidenti Astanada açıq-aydın bəyan etdi ki, Fransa Azərbaycan-Ermənistan münasibətlərinin formalaşmasında rol oynaya bilməz. Makronun son açıqlaması noyabrda Brüsseldə Ş.Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və N.Paşinyan arasında keçiriləcək növbəti üçtərəfli görüşün nəticələrini də şübhə altına alır. E.Makronun bu mövqeyi, həmçinin Praqa görüşündə Azərbaycan və Ermənistanın bir-birinin suverenliyini, ərazi bütövlüyünü tanımasını əks etdirən bəyanata, həm də BMT-yə qarşı böyük hörmətsizlikdir. Çünki bu bəyanat imzalanarkən BMT Nizamnaməsinə və 1991-ci ildə qəbul edilmiş Alma-Atı Bəyannaməsinə istinad olunub.

Politoloqlar Makronun bu canfəşanlığını həm də Avropada Almaniyanın keçmiş kansleri Angela Merkeldən sonra boşalan liderlik vəzifəsini öz üzərinə götürmək istəyi kimi də dəyərləndirirlər. Yəni, Fransa Prezidenti daxildəki erməni diasporunun ona olan dəstəyini saxlamaq, Ermənistanı himayə etməklə Cənubi Qafqazda Avropa İttifaqının nüfuzunu gücləndirmək istəyir.

Azərbaycan Prezidenti MDB Dövlət Başçıları Şurasının iclasında ümumilikdə Azərbaycan-Fransa münasibətlərindən də danışaraq Fransanın əvvəlki dövlət başçıları ilə kifayət qədər sıx ünsiyyət qurmaq üçün imkan yarandığını, həmçinin münasibətlərin ölçülüb-biçilmiş şəkildə aparıldığını, indi mahiyyət etibarilə bütün bunların üstündən xətt çəkildiyini də diqqətə çatdırıb. Bütün bunların fonunda demək olar ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi kontekstində Prezident İlham Əliyevin oktyabr ayında keçirdiyi görüşlər, aparılan müzakirələr, əldə olunan nəticələr Azərbaycanın öz hədəflərinə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir.

Zümrüd QURBANQIZI,

"Respublika".