Azərbaycan öz ərazilərində qanunsuz fəaliyyətə yol verməyəcək
Siyasət

Azərbaycan öz ərazilərində qanunsuz fəaliyyətə yol verməyəcək

Sülhməramlıların separatçıların yeni “başbiləni” ilə işbirliyi mənasız vaxt itkisidir

Onilliklər boyu erməni şovinistlərinin təbliğat maşını zavallı erməni xalqının olan-qalan beyinlərini o qədər zəhərləyib ki, sadə vətəndaşlar Qarabağa yerləşmiş təxribatçı qüvvələrin onların rahat yaşamasına imkan verməyəcəyini tam şəkildə anlamaqda çətinlik çəkirlər.

Dekabrın 12-də səhər saatlarından başlayaraq, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri, könüllülər və ekofəallar, habelə vətəndaş cəmiyyətinin aktivistləri Xankəndidən Ermənistana gedən Laçın yolunun Şuşa şəhəri yaxınlığından keçən hissəsində Rusiya sülhməramlılarının postu yaxınlığında etiraz aksiyası keçirərək ərazilərimizdə təbii ehtiyatların erməni separatçıları tərəfindən qanunsuz istismarına qarşı öz haqlı tələblərini irəli sürürlər. Aksiya iştirakçılarının əsas tələbi Azərbaycan nümayəndələrinin Ağdərə rayonu ərazisindəki "Qızılbulaq" qızıl yatağına və "Dəmirli" mis-molibden yatağına baş çəkməsinə şərait yaratmaqdır.

Azərbaycan hökumətinin və "AzerGold" şirkətinin nümayəndələri dekabrın 3-də və 7-də respublikamızın Qarabağ bölgəsinin bəzi ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin Xocalıdakı qərargahında komandanlıqla "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələlərini müzakirə ediblər.

Lakin dekabrın 10-da ermənilər Azərbaycan nümayəndələrinin "Qızılbulaq" və "Dəmirli" yataqlarına baş çəkməsini əngəlləyib. Erməni şovinistlərinin təbliğat ruporları Laçın yolunun bağlanması faktından "ermənicəsinə" istifadə edərək bütün dünyaya səs salıblar ki, guya bu aksiya nəticəsində Qarabağdakı erməni əhalisi blokada vəziyyətinə düşüb. Lakin özlərinin sırf merkantil maraqlarından çıxış edərək ermənilərin bu həyasızlığını rəhbər tutan azsaylı mərkəzlərdən başqa ermənilərin bu növbəti həyasız yalanlarına reaksiya verən olmadı. Beləliklə, separatçılar planladıqları beynəlxalq dəstəyi görə bilmədilər.

Dünya fərqindədir ki, öz suveren ərazilərində monitorinq keçirmək Azərbaycanın hüququdur və buna heç kim mane olmamalıdır və ola bilməz. Aydındır ki, Qarabağ ərazisində ekoloji problemlərə nəzarət etmək tələbi haqqımızdır. Qarabağın bəzi ərazilərində Rusiya sülhməramlıların müvəqqəti yerləşməsi o anlama gələ bilməz ki, respublikamızın müvafiq qurumları öz ərazilərində istənilən monitorinqi keçirmək üçün kimdənsə icazə almalıdır. Bu tədbirlərin keçiriləcəyi zaman və məkan haqqında məlumat vermək kifayətdir.

Qarabağda yaşayan ermənilər nəhayət anlamalıdır ki, onların taleyi öz əllərindədir və ancaq Azərbaycan dövləti ilə bağlıdır. Vardanyan və onun kimi digər ünsürlər təxribatçılıqdan və pozuculuqdan başqa, sadə ermənilərə heç bir şey verməz. Məlum olmayan yollarla milyarder olmuş Vardanyanı və onun ətrafındakıları şəxsi mənfəətlərindən başqa heç nə maraqlandırmır. Bu isə o deməkdir ki, belə bir şəraitdə sadə ermənilərin rahat yaşaması mümkün olmayacaq.

Qeyd etmək yerinə düşərdi ki, 22 avqust 2022-ci il tarixdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələrinin yerli mütəxəssislərin iştirakı ilə Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarına baxış keçirməsi faktiki Tərtər, yəni şərq istiqamətindən bölgəyə daxil olmaq demək idi. Heç şübhəsiz, 10 dekabr tarixində Rusiya sülhməramlılarının verdikləri, ancaq yerinə yetirmədikləri sözün icrası nəticəsində isə Sərsəngə həm də cənub və qərb istiqamətlərində daxil olmağımızı şərtləndirəcəkdir. Blok və vaqonlarla yolun bağlanmasını faktiki həyata keçirənlər isə məhz sülhməramlılardır. Rəsmi Bakı faktiki xarici hücumları və humanitar faciə ittihamlarını qabaqlayaraq bildirdi ki, bu, sülhməramlıların qərarıdır. Biz isə bölgə əhalisi üçün humanitar dəhliz təklif edirik. Amma əsas sual budur: sülhməramlılar bölgə ermənilərini niyə bu şəkildə cəzalandırır? Bir neçə müddət əvvəl bölgəyə gələn və perspektivdə Qarabağda separatçı hakimiyyətdə təmsil olunmaqla buradan tramplin kimi istifadə edib, Paşinyana alternativ qismində İrəvanda iqtidara yiyələnmək istəyən Vardanyanla hazırkı rejim rəhbəri qərb casusu Arutyunyan arasında ciddi qarşıdurma yaşanır. Bölgədən faktiki uzaqlaşdırılan Araik tam kənarlaşdırılmaqla onun tərəfdarları əzilməklə sülhməramlılar Vardanyanı dəstəkləyir. Göründüyü kimi, hər kəs öz maraqlarını güdür, sıravi ermənilər isə cərəyan edən hadisələrin girovudur. Halbuki, sülhməramlılar öz işlərini görməklə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn vəzifələri yerinə yetirməlidir.

Doğrudur, Zəngəzur dəhlizinin açılması Rusiyanın da maraqlarına uyğundur. Bu, həm də yuxarıda qeyd etdiyimiz bəyanatın 9-cu bəndinə əsasən, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında "nəqliyyat kommunikasiyalarına nəzarət" Ermənistan ərazisindən keçməlidir tezisinə əsaslanır, həm də blokada altında olan ermənilər üçün imkanlar yaradır ki, bölgədə hazırkı dalandan çıxaraq təmsilolunma şansı əldə edilsin.

Postmüharibə reallıqları Azərbaycanın güclənməsi üçün kifayət qədər böyük imkanlar yaradıb. Həmçinin Qərblə münasibətlərin yaxşı olması, ölkəmizin Avropa qitəsinin enerji təhlükəsizliyində mühüm rolunun daha da artması diqqətçəkən məqamlardandır. Azərbaycan dövləti müstəqil siyasət yürüdür və Ermənistandan fərqli olaraq heç kimdən asılı deyil. Əlbəttə, bu amil müəyyən qüvvələrdə qıcıq yaradır. Lakin nə olursa-olsun, həmin qüvvələr dövlətimizin xarici siyasət kursuna, ölkəmizin beynəlxalq nüfuzuna, regiondakı liderlik mövqelərinə təsir göstərmək iqtidarında deyil. Qüdrətli Azərbaycan müharibə istəmir, ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazır olmaqla, erməni əsilli vətəndaşlarının inteqrasiyasına rəsmən start verməyə hazırdır. Bu da məqsədyönlü siyasətin konkret hədəflərinin konturlarını açıq-aydın göstərir - sağlam cəmiyyət, ətraf mühit, dayanıqlı inkişaf. Yəni, sülhməramlılarla Vardanyanın ittifaqı mənasız məşğuliyyət, sadəcə vaxt itkisidir və qlobal hədəflərə təsir etmək gücündə deyil.

Emin QASIMOV,

"Respublika".