Azərbaycan Ordusu qürur mənbəyimiz, təhlükəsizliyimizin qarantıdır
Siyasət

Azərbaycan Ordusu qürur mənbəyimiz, təhlükəsizliyimizin qarantıdır

“Milli ordu yaratmaq, qurmaq asan iş deyildir. Əgər nəzərə alsaq ki, sovet hakimiyyəti dövründə bizdə bunun əsası olmayıbdır, bu, asan iş deyildir. Ona görə də ordunun, Silahlı Qüvvələrin yaranmasına, ordu quruculuğuna dövlətin, bütün hakimiyyət orqanlarının xüsusi qayğısı olmalıdır”.

Heydər Əliyev,

Ümummilli lider.

 

Müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Müstəqillik illərində ordu quruculuğu prosesinin dövrün çağırışlarına müvafiq olaraq ardıcıllıqla həyata keçirilməsi Azərbaycanın hərbi qüdrətinin artırılması işinə mühüm töhfələr vermişdir. Ümumiyyətlə, ulu öndər tərəfindən hələ sovet dönəmində ordu quruculuğu istiqamətində bir sıra mühüm addımlar atılmışdı. Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin o dövrdə Bakıda açılması Heydər Əliyevin xidmətlərinin nəticəsi idi. Həmin məktəb peşəkar hərbçi kadrların yetişdirilməsi işində müstəsna rol oynayıb və bu gün də müstəqil Azərbaycan Ordusu üçün zabitlər hazırlayır.

Ümummilli liderimizin siyasətini uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanda ordu quruculuğu çərçivəsində hərbi məktəblərin fəaliyyətinə böyük önəm verir. Bu isə bəhs olunan sahədə tədris prosesinin sistemli şəkildə və ardıcıllıqla davam etdirilməsinə, nəticə etibarilə, kadr potensialının inkişafına, orduda peşəkarlığın daimi olaraq artırılmasına imkan yaradır. Bundan başqa, Azərbaycan zabitləri NATO standartlarına uyğun olaraq hərbi təlimlərdə iştirak edir, hərbçilərimiz müxtəlif ölkələrdə təcrübələrini artırır, gənclərimiz ayrı-ayrı dövlətlərə hərbi təhsil almağa göndərilirlər. Bütövlükdə, bu gün kadr potensialının inkişafı, orduda peşəkarlığın daimi olaraq yüksəldilməsi Silahlı Qüvvələrimizin gücünü artıran çox əhəmiyyətli amildir.

Ölkəmizdə hərbi sənaye kompleksinin inkişafı istiqamətində sistemli və məqsədyönlü tədbirlərin həyata keçirilməsi də mühüm məsələlərdən biridir. Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi müxtəlif adda hərbi məhsul isə beynəlxalq müstəvidə hərbi sənaye kompleksimizə, istehsal olunan silahlara və digər məhsullara marağı artırır. Son illər ölkədə yaradılan 20-dən çox hərbi zavodda çoxsaylı hərbi təyinatlı müxtəlif məhsul istehsal olunur ki, bu da ordumuzun təchiz edilməsinə real imkanlar yaradır.

Görülən işlərin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir.

Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır. Ordumuz, həmçinin dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. 44 günlük Vətən müharibəsi də Azərbaycan Ordusunun gücünü bütün dünyaya göstərdi.

26 iyun təqvimizin şanlı səhifələrindən biri, Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gündür. Yüz üç il əvvəl məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası ilk milli ordu birləşməsinin təşkil edilməsi barədə qərar qəbul etdi. Cümhuriyyət dövrünün əksər səhifələri kimi, bu tarixdən də uzun müddət xəbərsiz olmuşuq. Yalnız 1998-ci ildə bu gün də təqvimdə yerini aldı. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü elan edildi. Milli ordunun yaranması isə yeni qurulan milli dövlətin özünütəsdiq tarixinin ən önəmli mərhələsi idi.

Azərbaycan Ordusu dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Bu il 26 iyun - Silahlı Qüvvələr Günü ərəfəsində 76 mindən artıq hərbçinin təltif edilməsi də qalib Orduya olan diqqət və qayğının nəticəsidir. Azərbaycan Prezidentinin hərbi qulluqçuların təltif edilməsi barədə imzaladığı sərəncamlar Silahlı Qüvvələrin şəxsi heyətini daha qətiyyətli, Vətənin müdafiəsi işində daha əzmkar və ayıq-sayıq olmağa ruhlandırır. Bu gün Azərbaycan Ordusunun istər texnika və bacarıqlı hərbi kadrlar baxımından təchizatı ilə, istərsə də ölkəmizin iqtisadi potensialının bu istiqamətdə açdığı imkanlarla həqiqətən öyünməyə dəyər. Bu bir həqiqətdir ki, sülh danışıqları, diplomatiya yalnız və yalnız o vaxt səmərəli olur ki, onun arxasında güclü və qarşı tərəfin hesablaşdığı ordu dayansın. Elə işğalçı dövlət - Ermənistan da əvvəl-axır bu reallıqla hesablaşmalı oldu. Necə ki, 2016-cı ilin aprelində bu gücün qarşısında geri durmağa məcbur olmuşdu, ötən ilin sentyabrında da rəşadətli ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızı düşmən tapdağından təmizləməklə bizi arzumuza çatdırdı.

Azərbaycan Ordusu Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara dərs verərək Köçəryan-Sarkisyan ordusunu məhv etdi. Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, ordunun peşəkarlığını, hərbçilərin cəsarətini, qəhrəmanlığını göstərdi.

Bəli, bu böyük qələbənin sevincini bizə yaşadan Azərbaycan Ordusudur. Silahlı Qüvvələr Günü münasibətilə 76 mindən artıq hərbçini təltif etməklə Müzəffər Ali Baş Komandan onların daim diqqət mərkəzində olacağını, şəhidlərimizin daim uca tutulacağını, qazilərimizin hər zaman nümunə olacağını nümayiş etdirdi. 30 ildən sonra 26 iyun - Silahlı Qüvvələr Gününü fərqli əhvali-ruhiyyə, Qələbə sevinci ilə qeyd etdik. Çünki Azərbaycan Ordusu artıq qalib Ordudur, torpaqlarını işğaldan azad etmiş, düşmənə tarixi dərs vermiş Silahlı Qüvvələrdir...

Zümrüd QURBANQIZI,

“Respublika”.